Страница 4 из 27

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 11 ноя 2017, 16:18
smersh70


Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 14 дек 2017, 01:09
smersh70
[youtube]

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 15 янв 2018, 02:44
smersh70
[youtube]

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 30 мар 2018, 02:40
smersh70
Aprel döyüşləri qazisi: “Postlarında polkovniklər yaralılarını, silahlarını qoyub qaçırdılar”

Həmsöhbətimiz Lələ Təpə fatehlərindən biridir. O fatehlərdən ki, 2016-cı ilin aprel ayında düşmən təxribatının qarşısını alarkən, düşmənə əks həmlə edərək işğal altında olan bir neçə yüksəkliyin ələ keçirilməsində iştirak edib. Necə deyərlər, komandanlığın verdiyi döyüş əmrinə Azərbaycan hərbçisinə layiq olan şəkildə əməl edib. Qısa zaman kəsiyində baş verən qısamüddətli döyüşdən qalib ayrılıb. Həmsöhbətimiz qazi Üzeyir Nəcəfovdur.

Üzeyir Nəcəfov 1985-ci il oktyabrın 5-də Füzuli rayonunun Kərimbəyli kəndində doğulub. Orta məktəbə doğma kəndində yollansa da, kiçik Üzeyirin də kəndi erməni ordusunun işğalına məruz qalıb. O, ailəsi ilə birlikdə Bakı şəhərinə köç edir. Bir müddət orta təhsilinə Bakı şəhərində yerləşən köçkün məktəblərinin birində davam edir. Lakin ordumuzun Füzuli rayonu istiqamətində apardığı uğurlu əməliyyatdan sonra düşmən işğalında olan bir neçə yaşayış mətəqəsi ilə birlikdə müsahibimizin də doğulduğu kənd azad edilir. Ailə yenidən öz doğma ocağına qayıdır. O, orta təhsili başa vurub Azərbaycan Beynəlxalq Univerisitetində ali təhsil alır və sonra həqiqi hərbi xidmətə yollanır.


Üzeyir xidmətini Dövlət Sərhəd Xidmətində aparır. Qüsursuz xidmətinə görə dəfələrlə komandanlıq tərəfindən mükafata layiq görülür. Üzeyir Nəcəfov həqiqi hərbi xidmətini başa vurduqdan sonra müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olub. Nəhayət ömrünü hərb işinə bağlayır... 2016-cı ilin aprel döyüşlərində Lələ Təpə yüksəkliyinin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, həmin döyüşlər zamanı bədənin müxtəlif nayihələrindən və ayağından ağır güllə yaraları alıb, hazırda ikinci qrup müharibə əlildir.

- Üzeyir, necə oldu ki hərbini seçdin?

- Deyim ki, bu yola işsizlikdən getdim, xeyr, yalan demiş olaram. Məni bu yolu seçməyə vadar edən amil həm təmas xəttinə yaxın ərazidə yaşamağım, həm də elə uşaqlıqdan düşmənə olan nifrətim idi. Əvvəllər bir neçə dəfə Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu (MAXE HQ) kimi işləməyim üçün sənəd vermişdim. Lakin qəbul olunmamışdım. Cənab Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra onun MAXE-lərin işə götürülməsi haqqında verdiyi göstəriş sayəsində sənədlərim qəbul olundu. Mən snayper ixtisası üzrə kurs keçib Füzuli rayonu ərazisində xidmətə başladım. Düzünü deyim ki, snayper ən sevdiyim ixtisas idi. Böyük həvəslə başladım. Qısa müddətdə nəaliyyətlərim oldu. Dəfələrlə medal, fəxri fərman və qiymətli hədiyyələrlə təltif edildim.

- Snayper ixtisası olduqca maraqlı və səbr tələb edən sahədir. Maraqlıdır, cəbhədə neçə dəfə dəqiq hədəfə atəş açmısan?

- Bilirsiniz, düşmən tərəfdə xeyli sayda muzdlu döyüşçülər xidmət edir. Onların bir hissəsini xarici vətəndaşlar, bir hissəsini isə Suriyadan və digər ərəb ölkələrindən gələn ermənilər təşkil edir. Həmin muzdlular ordumuz tərəfindən məhv ediləndə, düşmən bunu gizlədə bilir. Çünki onlar həmin ölkədə qeydiyyatda deyillər. Xeyli belə hədəfə dəqiq və sərrast atəş açmışam. Ancaq düşmənin təsdiq etdiyi ən yüksək rütbəli zabitləri baş leytenant olub. Bundan başqa bir neçə texnikanı “İstiqlal”la sıradan çıxarmışam.

- Bəs sonra?

- Sonra kəşfiyyat qrupuna keçdim. Orada da snayper vəzifəsində xidmət etdim. Aprel döyüşlərinə qədər də elə orada oldum.


- 2016-cı ilin aprel ayı sənə nələri xatırladır, yəni həmin dönəmdə nələr baş verirdi?

- Aprelə qədər düşmən dəfələrlə təxribat törədirdi. Onların təxribatının qarşısını alırdıq. Amma aprelin 1-i və 2-si törətdikləri təxribatlar daha genişmiqyaslı oldu. Etiraf edim ki, düşmənin bu fəaliyyətini şəxsən mən çoxdan gözləyirdim. Belə desək, hətta arzulayırdım... Çünki ən böyük arzum bir addım da olsa, dədə-baba torpaqlarımıza ayaq basmaq, orada addımlamaq idi. Belə də oldu. Düşmənin genişmiqyaslı təxribatının qarşısını aldıqdan sonra, öz mövqelərimizin təhlükəsizliyini təmin etmək üçün düşmən postlarını darmadağın edərək oranı ələ keçirmək əmri aldıq. Əməliyyatımız da uğurlu alındı...

- Həmin döyüşlər psixoloji olaraq sənə nələri qazandırdı?

- Aprel hadisələrinə qədər biz yeni nəsil – yəni 1992-ci ilə qədər bir nəsil idik. Bundan sonra özümüzü yeni nəsil hesab edirəm. Bizə ancaq ermənilər haqqında miflər, nağıllar uydurmuşdular. Artıq elə ortam yaranmışdı ki, ermənilər özləri də həmin miflərə uyub yenilməz olduqlarını qəbul etmişdilər. Bu nağıllarla böyümüşdük. Eşitdiklərimiz yalnız və yalnız ermənilərin gəlib hansısa rayonumuzu işğal etməsi ifadələrindən ibarət idi. Amma bu aprel döyüşləri eşitdiklərimizin tam əksini sübut elədi. Həmin döyüşlərdə gənc nəsilə və hər kəsə məlum oldu ki, onlar çox qorxaq və döyüş meydanında yaralı əsgərlərini qoyub qaçan millətdirlər. Bundan artıq heç nə deyillər... Təsəvvür edin ki, biz artıq əks həmlə əmri alanda, haqqında əfsanələr qoşduqları erməni ordusu bizim qarşımızda yarım saat tab gətirə bilmədi. Ölənləri öldü, qalanlar isə başladılar qaçmağa...

- Lələ Təpə yüksəkliyinə saat neçədə hərəkətə keçdiniz və düşmənin müdafiə səddini yarmaq çətin idimi?

- Düşmənin 25 ildir qurub yaratdığı müdafiə səddini cəmi bir neçə dəqiqəyə yardıq. Amma onlar elə zənn edirdilər ki, həmin səddi yarmaq bizim üçün çətin olacaq. Yenə vurğulayıram, onlar sadəcə özlərinin miflərinə inanırdılar. Bizə əks hücum əmri veriləndən qısa müddət sonra, yəni saat dörd - beşə on beş dəqiqə işləmiş biz Lələ Təpəni ələ keçirmişdik.


Onu qeyd edim ki, döyüş tapşırığına üç istiqamətdən kiçik bir qüvvə ilə getdik və hər birimiz özümüz qədər əmin idik ki, bu tapşırığı uğurla yerinə yetirəcəyik. İrəli gedən hər kəsin üzündə təbəssüm var idi. Hamımız sevincli idik. Bizim Lələ Təpə yüksəkliyini işğaldan azad edən zaman keçirdiyimiz hissləri sözlə ifadə etmək mümkün deyil. Çünki illərdir gözlədiyimiz, xüsusilə xalqımızın gözlədiyi sevinci qazanmışdıq. O sevinc ki, o, bizim şanlı ordumuzun yaxın gələcəkdə qazanacağı böyük zəfərin açarı idi.
Изображение
- Döyüşə girən zaman ilk açdığınız atəşi xatırlayırsanmı?

- İlk atəşi düşmən səngərinə girəndən sonra açdım. Orada hər kəsin bir vəzifəsi var idi. Ruslanla mənim təyinatım orada qəbirstanlıq deyilən ərazidə yerləşən düşmənin kəşfiyyat tağımının qarşısını kəsmək idi. Doğrudur, düşmənin möhkəm mövqeləri var idi, amma onlar elə təşvişə düşmüşdülər ki, sadəcə qaçıb canların qurtaraq istəyirdilər. Mənim də ilk atəşim öz mövqeyimdə hərəkət edən düşmən görən zaman oldu.

- Sizin ərazidə neçə düşmən meyiti qalmışdı?

- Bizim girdiyimiz səngərdə, yəni Lələ Təpənin özündə 21 düşmən meyiti var idi. Bundan başqa səngərdən kənarda da çoxlu meyitləri var idi. Ölənlərin içərisində zabitlər, gizirlər və çavuşlar da var idi.

- Düşmənlə açıq döyüşdə onları hesabladığınız gücdə gördünüzmü?

- Az düşünürdüm, daha çox gördüm. Yəni onları bu qədər zəif və qorxaq hesab etmirdik. Həmçinin elə zənn edirdim ki, postlarda da az sayda canlı qüvvələri var. Ancaq biz ora girəndə gördük ki, postlarında polkovnik də var, mayor da var, baş leytenantları da var. Amma bir faydası yoxuydu. Onlar yaralılarını, silahlarını qoyub qaçırdılar. (Gülümsəyir)

- Qrupdan şəhid olan oldumu?

- Bəli. İlk şəhid Qəhrəmanov Ruhin oldu. O, sağ istiqamətdə hərəkət edən qrupun tərkibindəydi. Sonra gizir Nicat İsgəndərov... (kədərli ifadə ilə xəyala dalır)

- Üzeyir, yaralanmağın necə oldu?

- Artıq Lələ Təpə postunu və düşmənin 7 postunu ələ keçirmişdik. Biz irəliyə doğru hərəkətə keçdik. Həmin zaman artıq hava işıqlaşmışdı. Biz irəlidə düşmənə məxsus UAZ markalı maşınla rastlaşdıq. Maşın mühərriki işə salınmış vəziyyətdə idi. Qrupumuz maşına atəş aça-aça yaxınlaşdı. Çatanda gördük ki, düşmən dağı yararaq orada kazarma tikib. Ora yuxarıdan görünmürdü. Həmin yerdə atışma başladı. Biz üç istiqamətdən oranı mühasirəyə aldıq. Elə bilirdik ki, orada iki-üç nəfər var. Amma UAZ-ın orada olmasından müəyyən etdik ki, kimdirsə komandir heyyətindəndir. Onu diri-diri ələ keçirməyə qərar verdik. Əvvəlcədən xəbərdarlıq edib onlara müddət verdik ki, təslim olsunlar. Lakin onlar hiylə işlətməyə cəhd etdilər. Məlum oldu ki, kazarmanın içərisindən çəkdikləri yeraltı yolla qaçaq istəyirlər. Dərhal oranı qumbaratanla vurduq. Qısa müddətdə susqunluq yarandı. Biz kazarmaya tərəf hərəkətə başladıq. Hər tərəfi nəzarətdə saxlaya-saxlaya irələdik.


Mən aşağıya çöküb güllə darağını doldurmağa başladım ki, içəridə qarşılacağımız hər şeyə tam hazır olaq. Həmin zaman kiminsə alnımı nişan almasını hiss elədim. Məsafəmiz çox qısaydı. Yerdə oturuqlu vəziyyətdə olduğumuz üçün cəld hərəkətlə onu vurmağım qeyri-mümkün idi. Ona görə də o atəş açan zaman özümü birazca yuxarı tulladım. Düşmən zabitinin atdığı güllələrin üçü qarınıma biri isə ayağıma dəydi. Yoldaşlarım onu yerindəcə məhv etdilər. Sonra məni tibbi yardım maşınına apardılar.

- Düşmənin uydurduğu miflərdən geniş söhbət açdıq. Həmin miflərin, düşmən qüvvələri haqqında uyduralan əfsanələrin məhv edilməsinin də şahidi olduq. Siz bir hərbçi kimi gələcəkdə komandalığın verəcəyi döyüş əmri zamanı Azərbaycan Ordusundan nə gözləyirsiniz?

- Ordumuz haqqında bir kəlmə deyəcəyəm: Azərbaycan Ordusu qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Bizim ordu sözün əsl mənasında Qafqazda bir nömrəlidir...

- Həmin döyüşlər zamanı yanınızda yüksək rütbəli zabitlərin sizinlə çiyin-çiyinə döyüşə girməsi sizə necə təsir bağışlayırdı?

- Əlbətdə ruh yüksəkliyi, özünəinam yaradırdı. Məsələn, Milli Qəhrəmanımız Şükür Həmidov və digər komandirlərimizi yanımızda bizimlə çiyin-çiyinə görəndə, bizdə elə ruh yüksəkliyi yaranmışdı ki, lap Şuşaya qədər də gedə bilərdik. Sözsüz ki, bunu indi də edə bilərik.


- Lələ Təpə azad olunan zaman bir bayraq əhvalatı olub. Məndəki məlumata görə, orada sizinlə döyüşə girən bir çavuş əvvəlcədən döş cibində apardığı bayrağı orada zirvənin ətəyinə sərib?

- Bəli, xatırlayıram... Bunu Əliyev Asim etmişdi. Yenə deyirəm, biz hamımız o yüksəkliyi işğaldan azad edəcəyimizə inanırdıq. Buna görə də bu fikir onun ağlına gəlmişdi. O, zirvənin lap yuxarı ətəyinə yaxasından çıxardığı bayrağımızı sərdi və qrup komandrimizlə birlikdə onu külək atmasın deyə torpağa bərkitdilər. Bu jest sanki bizi qanadlandırdı. Həmin an sevincdən gözlərim yaşarmışdı. Amma ağlamağa da vaxtımız yox idi... O anlar həyatımın ən şirin xatirəsi kimi yazıldı yaddaşıma. (Gülümsəyir...)

- Tam səmimi etiraf et, yaralanmağına peşmansanmı?

- Bəli, peşmanam. Ona görə peşmanam ki, digər döyüş günlərində qardaşlarımın yanında olmadım. Çünki mən yaralanandan sonra 3 gün döyüş olmuşdu. Düşmən əlavə qüvvə toplayaraq yüksəkliyi ələ keçirməyə cəhd edirdi. Lakin layiqli cavab alaraq darmadağın edildi.

- Bir mövzuyada toxunmaq istəyirəm. Aprel döyüşləri zamanı arxa cəbhədəki vəziyyət, yəni dinc əhalidəki əhval-ruhiyyə döyüşçüləri qane edirdimi?

- Bir sözlə xalq yumruq kimi birləşmişdi. Sizə bir epizod danışım. Deməli, mən yaralı vəziyyətdə hospitalda idim. Bir az özümə gəlmişdim. Gördüm ki, dəhlizdə bir qadın səsi gəlir. Həmin qadın həkimlə ciddi mübahisə edirdi. Səs get-gedə bizim palataya yaxınlaşırdı. Baxdım ki, bir hamilə qadın əlində şüşə balonla dolu dovğa gətirib və təkidlə həkimə deyir ki, icazə ver hər bir yaralıya bundan bir qaşıq da olsa, öz əllərimlə verim. Həmin səhnədən sonra sizi inandırım ki, durub döyüş səngərinə qaçmaq istəyirdim. Bundan başqa, paytaxtdan və ölkənin digər ərazilərindən xeyli sayda iş adamları gəlib həkimlərə deyirdilər ki, xaricdən hansı dərman pereparatı lazımdırsa, bizə deyin dərhal gətirək. Qan vermək istəyən yüzlərlə insan gördüm. Bir sözlə, ön cəbhədə vəziyyət necə idisə arxa cəbhədə də elə idi.

- Üzeyir, Ali Baş Komandanın verəcəyi növbəti döyüş əmrinə hazırsan?

- Hər zaman, hər an cənab Ali Baş Komandanın verəcəyi döyüş əmrinə hazıram!

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 04 апр 2018, 22:55
smersh70
Aprel döyüşləri zamanı düşmənin 7 tankını, bir PDM-ni, bir komandir maşınını (heyətlə birlikdə) və iki ədəd şəxsi heyətlə dolu təkərli texnikasını məhv edən Mirdamət Bağıyev

Müsahibədən öncə onun haqqında qısa məlumatı diqqətinizə çatdırırıq: Bağıyev Mirdamət Səristan oğlu 1986-cı ildə Şamaxı şəhər Poladlı kəndində anadan olub. O, orta məktəbin birinci sinifinə 1992-ci ildə anadan olduğu Poladlı kənd orta məktəbində qədəm qoyub. 2003-cü ildə həmin məktəbi bitirərək Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub. 2008-ci ildə Ali hərbi təhsilini yerüstü artileriya ixtisası üzrə başa vuraraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində dinləyici təhsil almağa başlayıb. 2009-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətə başlayıb. Ailəlidir, iki övladı var
- Komandir, haqqında əfsanələr dolaşan bir zabitsiniz. Özünüz necə, haqqınızda deyilənlərlə razısınızmı?
- Əslində, əlimdən gələni edirəm ki, Vətənə olan vəzifə və vətəndaşlıq borcumu layiqincə yerinə yetirəm. O ki qaldı qəhrəmanlıq məsələsinə, bunu zaman göstərəcək. Hələ Azərbaycan Respublikasının ərazi bütövlüyü tam bərpa olunmayıb və əsl sınaq bizi gələcəkdə gözləyir.
- Amma aprel döyülərində siz heç də pis nəticə ilə yadda qalmamısınız.
- Nəticə və yadda qalmaq deyəndə ki, mən sadəcə komandanlığın mənə verdiyi döyüş tapşırığını yerinə yetirdim. Öz növbəmdə tapşırıq və əlimdə olan imkanlar nə idisə, ondan maksimum yararlanmağa çalışdım.
- Ümumilikdə aprel döyüşləri bir tankçının, bir əsgərin, bir istehkamçının baxışından başqa cür görünür. Bəs bir tank əlehinə batareyanın baxışından baxsaq, nələr baş verirdi?
- Əlbəttə ki, təyinatlar və döyüş tapşırıqları fərqli olduğu kimi, baxışlar da həmin döyüş tapşırığına uyğun olaraq fərqli idi. Amma həmin döyüşlər zamanı ümumilikdə düşünsək, hər kəsin ən çətin anı düşmənin müdafiə səddini yarıb mövqelənmək idi. Yəni hər kəsin yolu eyni yerdə kəsişirdi. Biz gecə saatlarında düşmənin kəşfiyyat-diversiya qruplarının Talış kəndi istiqamətində təxribata cəhd etmə xəbərini alıb həyacan siqnalı ilə ola yollandıq. Bölmələrimiz düşmən təxribatının qarşısını alaraq düşməni geri oturtmağa müvəffəq olduqdan sonra bizə əks-həmlə əmri verildi. Biz də tankların himayəsi ilə düşmənin müdafiə mövqelərini yararaq irəliləməyə başladıq.


- 25 ildən arıtq idi ki, düşmən orada müdafiə səddi yaratmışdı. Hətta həmin sədd haqqında miflər də uydurulmuşdu. Guya “Ohanyan səddini tanrı belə yara bilməz”di. Doğurdanmı çətin oldu o “səddi” yarmaq?

- Tam reallıqla danışsaq, haradasa müqavimətə rast gəldik. Amma əsla çətin olmadı. Həmin o mifləşdirilən sədd cəmi bir neçə dəqiqə ərzində yarıldı. Biz döyüş əmri aldıqdan sonra tankların arxasınca İncəçay çayını keçməklə düşmən mövqelərinə tərəf hərəkətə başladıq. Artıq “Ohanyan səddi”nə çatanda düşmən öz mövqelərindən şiddətli atəşlərə başladı. Demək olar ki, güllə yağış kimi yağırdı. Mən öz heyətimlə birlikdə səddi yaran tankın arxasınca irəliləyirdim. Səddi keçdikdən sonra bizə cinahlardan da atəş açılmağa başladılar. Mən də düşmənin atəş açdığı mövqeləri susdurmaq məqsədi ilə avtomatdan atəş açırdım. Döyüş zamanı əks tərəfə çevrilərkən sol qolumdan güllə dəydiyini hiss elədim. Güllənin təsirindən yerə yıxıldım. Əsgərlərin ruhdan düşməməsi üçün tez ayağa qalxıb yaralanmamağımı onlara bildirib döyüşə davam etdim. Ancaq vaxt ötdükcə ağrının çoxaldığını və ciddi qan itiridiyimi hiss edirdim...

- Bəs yaralanmağınızı necə gizlədə bildiniz və bunu etməkdə əsl məqsədiniz nə idi? Ümumilikdə yaranız dərin idimi?

- 5,45 millimetrlik avtomat gülləsi sol qolumdan girib kürəyimin boynuma yaxın hissəsindən çıxmışdı. Üstəlik, bədənimin həmin nahiyəsində sümüyüm sınmışdı. Yaralanandan sonra 200 metrə yaxın məsafəni sürünərək qət etdim. Əsgərlərə bildirməməkdə məqsədim onları ruhdan salmamaq idi. Heyət nəfərində olan MAXE-dən dəsmalını alıb mənə kömək etməsini xahiş elədim. Öz dəsmalımla onu birləşdirib yaramı bərkdən sıxdıq ki, qanaxması azalsın. Çünki xeyli qan itirmişdim. Əgər belə davam etsəydim, ölə bilərdim. Xeyli sonra lazımi mövqelərə çatdıqdan sonra mövqelənib “sanitarka”dan xəlvəti ilkin tibbi yardım göstərməsini istədim.
- “Spayk”dan ilk atəşiniz necə oldu?
- Həmin döyüş zamanı iki dəfə ard-arda uğurlu atış elədim. Artıq yüksəklikdə mövqelənmişdik. Düşmənin komandir maşınını müşahidə edirdim. Həmin maşına bir neçə yüksək rütbəli zabitin mindiyini izləyirdim. Səbrlə gözləyib maşının tam dolmasını müşahidə edəndən sonra ilk atəşi həyata keçirdim. Raketi düz maşının ortasına salaraq darmadağın elədim. Bundan sonra düşmənin ərazidən qaçan şəxsi heyətinin yığışdığı yük maşını diqqətimi çəkdi. Yenə təmkinlə izləyib 25 nəfərin həmin maşına mindiyini müşahidə etdikdən sonra ikinci atəşi açdım. Həmin raketi də qurğunun texnoloji köməyi ilə maşının tam mərkəzinə salmağı bacardım. Düşmənlə dolu maşın parça-parça olaraq ətrafa səpələndi.
- Bəs ən çətin atışınız...?
- Ən çətin atışım elə üçüncü atışım idi. Düşmən tankı Madagiz istiqamətindən yeni mövqeləndiyimiz səngəri vururdu. Elə yerdən atəş açırdı ki, onu görmək mümkün deyildi. Təxminən 10 dəqiqəyə qədər müşahidə aparıb onun atəş açdığı mövqeni müəyyən etdim. O, qarşıdakı təpənin arxasından atəş açaraq gizlənirdi. Mən silahın texnoloji imkanlarından istifadə edərək həmin təpəni hədəf kimi seçib raketi alışdırdım. Ardıq raket qurğudan çıxdıqdan sonra avtomatik olaraq hədəfi köçürdüm təpənin arxasındakı tankın üzərinə. Düşmənin tankını düz qülləsindən vuraraq məhv etdim. Həmin tank elə partladı ki, onun qopan qulləsinin göydə uçmasını öz gözümlə gördüm. Həmin atəşdən sonra mövqelərimiz növbəti hərəkətə başladı.
-Komandir, iki övlad atasısınız, həmin anlarda, yəni döyüşün qızğın çağarında övladlarınız yada düşürdümü?
- Əlbəttə ki, düşürdü. Bilirsiniz, kim ki, deyir düşünmürəm və ya qorxmuram, bu, qəbul olunmazdı. Amma həmin an elə hisslər var ki, hər şeyi unutdurur. İnsan yalnız qələbə haqqında düşünür. İlk güllə yarası alandan sonra artıq mən geriyə sağ dönmək yox, düşmənlə ölənə kimi döyüşmək haqqında düşünürdüm.
- Məndə olan məlumata görə, siz həmin döyüşdə ermənilərin tanklarını məhv edərək onların əks-hücumunun qarşısını almısınız. Bəs bu necə oldu?
- Bəli, bu, düşmənin əks-hücumu zamanı oldu. Müşahidə zamanı şəxsi heyətimlə aşkar etdim ki, düşmən Madagiz istiqamətində itirdikləri yüksəkliyə doğru 8 tankla əks-hücuma başlayıb. Həmin vaxt yaramda şiddətli ağrılar olamasına baxmayaraq, bunu əsgərlərimdən və komandanlıqdan gizlətmişdim. Uyğun mövqe seçərək ilk tanka atəş açdım. Sonra dərhal yerimi dəyişərək növbəti tankı, daha sonra yenə yerdəyişmə ilə başqa bir tankı məhv etdim. Beləliklə “Spayk”la düşmənin yeddi tankını heyəti ilə birlikdə məhv etdim. Hücumda olan iki tank yüksək surətlə geri çəkilərək gözdən itdi. Beləliklə, biz düşmənin əks hücumunun qarşısını aldıq.
- Həmin vaxt bir neçə gün idi ki, siz yaralı idiniz. Komandirlər yaralı olduğunuzu necə müəyyən etdilər?
- Həmin vaxt yaramın çirk etdiyini, hətta iyləndiyini hiss edirdim. Dəyər verdiyim komandirlərdən biri olan Polad Həşimov çiynimdə ağrıların olduğunu hiss edib tibbi yardımı çağırdı. Onlar yaramı açanda artıq çirk qaynayırdı. Təkidlə hospitala yollanmağımı əmr etsələr də, ərazini qoyub getməyəcəyimi bildirdim. Ancaq orada yaramı sarıdılar. Mən elə davam etməyə qərar verdim.


- Bəs sonuncu atışınız?...
- Məlumat gəldi ki, cəbhənin dərinliyində işləyən qüvvələrimizin bir qrupunun döyüş manevrinə düşmənin bir PDM-i ciddi mane olur. Mən dərhal iki heyət nəfəri ilə həmin əraziyə yaxınlaşıb hər tərəfə şiddətli atəş açan döyüş maşınını təxminən 1500 metr məsafədən məhv etdim. Raketin kamerası ilə gördüm ki, həmin texnikanın ətrafında heyət nəfərindən başqa təxminən 10-12 nəfər düşmən var. Demək olar ki, hamısı texnika ilə birlikdə məhv edildi.
- Bu son atəşiniz idi?
- Bəli. Bu, son atəşim idi. Daha sonra məni məcburi olaraq hospitala müalicə olunmağa yolladılar. Həkimlər yaramın ağır olduğunu, uzun müddət yataq şəraitində qalmağımı bildirdilər. Lakin mən qismən yaxşılaşandan sonra əraziyə, əsgərlərimin yanına qayıtdım.

- Siz düşmənin 7 tankını, 1 ədəd BMP-ni, 1 komandir maşınını və 2 təkərli texnikasını məhv etmişdiniz. Bu isə orta hesabla on beş milyona yaxın maddi ziyan deməkdir. Bundan başqa 70-ə yaxın canlı qüvvə məhv etmişdiniz ki, onların da arasında bir neçə yüksək rütbəli zabit var idi. Hesab edirsinizmi ki, siz öz vəzifə borcunuzu yerinə yetirdiniz?
- Xeyr. Mən bir Azərbaycan zabiti kimi öz vəzifə borcumu dövlətimin ərazi bütövlüyünü tam təmin etdikdən sonra yerinə yetirmiş olacam. Bir sözlə, hər an, hər dəqiqə cənab Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hazıram.

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 06 апр 2018, 02:28
smersh70
Aprel döyüşləri Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlarından biridir. 4 günlük müharibədə ordumuz 2 yüksəkliyi işğaldan azad etməklə yanaşı, düşmənin çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını məhv edib. Bundan əlavə, aprel döyüşləri həm də Azərbaycan xalqının özünə inamını, sınmış qürurunu bərpa etdi.

Döyüşlər zamanı Azərbaycanın digər ordu birləşmələri ilə yanaşı Xüsusi Təyinatlı Qüvvələri fəal iştirak edib. Xüsusi Təyinatlı Qüvvələrimizin göstərdiyi şücaət danılmazdır. Düzdür, onlar etdikləri barədə çox az danışır. Əməlləri qulaqdan qulağa gəlib çıxır. Ancaq döyüşlərdən sonra ermənilərin Talış kəndindən yaydığı kadrlara baxmaq kifayət edir ki, Xüsusi Təyinatlı Qüvvələrimiz nələr etdiyi aydın olsun.
Изображение
Aprel döyüşlərinin iştirakçısı baş leytenant Şahgəldiyev Ağasəmi ilə müsahibəni sizə təqdim edirik.

Qısa arayış:

Şahgəldiyev Ağasəmi Kərimbala oğlu 1990-cı il aprelin 12-də Sumqayıt şəhərində anadan olub. Ali hərbi məktəbi ikinciliklə bitirib. 1 il təlim-tədris mərkəzini oxuyub. Leytenant rütbəsi aldıqdan sonra N saylı hərbi hissəyə xidmətə göndərilib. 6 ay sonra Xüsusi Təyinatlı Qüvvələrə qoşulub. Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirdikdən 3 ay sonra döyüş tapşırıqlarına gedib. Aprel döyüşlərində göstərdiyi xidmətlərinə görə prezident İlham Əliyev tərəfindən “İgidliyə görə” medalla təltif edilib. Aprel döyüşlərində aldığı yaralardan sonra ordu sıralarından tərxis edilib.

– Aprel döyüşlərinə qədər hansı döyüş tapşırıqlarında iştirak etmisiniz?

– Məni kapitan Orucov Mühit yetişdirib. O, aprel döyüşlərində şəhid oldu. Orucov Mühit qrup komanirim idi, onun müavini kimi döyüş tapşırıqlarına getmişəm. Kapitan Orucov Mühit yuxarı vəzifəyə getdikdən sonra, onun vəzifəsini icra etmişəm. Düşmən arxasında 20-ə yaxın döyüş tapşırığında olmuşam.

– Aprel döyüşləri necə başladı?

– Bizə adi döyüş tapşırığı komandası gəlmişdi. Martın 31-i kəşfiyyat məlumatlarına əsasən bizə dedilər ki, düşmən hücum edəcək, əks həmlə etmək lazımdır. Aprel ayının 1-i gecə keçid yerinə çatdıq. Bizə dedilər ki, bu adi döyüş tapşırığı deyil, ermənilər postlarımıza hücum edəcək, onları geri oturtmalıyıq və torpaqlarımızı azad etməliyik. Açığı bu sözlər deyiləndə çox sevindik.

Baxın, çox adam çox şey bilmir. Gedib düşmənin arxasına keçib düşmən öldürüb gəlirik, ancaq bunun bir mənası yoxdur. Düzdür, düşmənin sayı azalır, ancaq bir qarış torpağımızı ala bilmirdik. Ancaq biləndə ki irəli gedib torpaqlarımızı azad edəcəyik, ab-hava tamam dəyişdi.

Keçidə başladıq. Düşmən səngərinə 50 metr qalmış puskuya düşdük. Mayor Miriyev Telman keçidi təmin edirdi. Mənim qrupum ölüm bölgəsinə, yəni, atəş altına düşdü. Orada silahımdan keçən güllə ilə vuruldum. Ancaq döyüşərək puskunu yardıq. Biz elə səviyyədə idik ki, düşmənin xəbəri olsa da, oradan çıxdıq. Bunu bizə öyrədən komandirlərimiz var, Orucov Mühiti xüsusi qeyd edərdim.

– Pusqunu yardıqdan sonra hansı istiqamətdə irəlilədiniz?

– Pusqunu yardıqdan sonra, Talış kəndinə doğru irəlilədik. Orada yarımqruplara bölündük. Kapitan Haşımovun yarımqrupu və mənim yarımqrupum düşmənə tərəf getdik.

– Sizin yarımqrupun tapşırığı nə idi?

– Bizə verilən tapşırıq kəndin içərisinə girmək və oranı təmizləmək idi. Kəndin içərisində çoxlu sayda düşmən əsgərlərini məhv etdik. Orada mənim yarımqrupumdan bir nəfər yaralandı. Dəstə komandiri çağırdı ki, yaralını onlar istiqamətinə aparaq. Orada gedib 14 nəfər erməni əsgəri ilə qarşılaşdıq. 50 metrdən onlar bizi gördü, ancaq tam əmin deyildilər ki, biz Azərbaycan əsgəriyik. Çünki puskuda məhv olduğumuzu düşünürdülər. 7-8 metr məsafəyə qədər yaxınlaşdıq. Onlar silahın qaldırana kimi 6 nəfərlə hamısını yerindəcə məhv etdik. Ölənlər arasında erməni xüsusi təyinatlılarının qrup komandiri də var idi. Daha sonra kəndi mühasirəyə aldıq, evləri təmizlədik. Təmizlik işləri bitdi və qalxdıq kəndin yüksəkliklərinə. Oraya yerləşdik və növbəti komandanı gözlədik.
Изображение
Qeyd:

Erməni xüsusi təyinatlılarının meyitlərini erməni mediası Talış kəndindən reportaj hazırlayan zaman yayımlamışdı. 12 erməni meyiti yan-yana görünürdü. Sonradan məlum olur ki, 14 nəfər ermənidən 2-si yaralanaraq ərazidən qaça bilib.

– Növbəti komanda nə oldu?

– Biz tankları gözləyirdik, ancaq düşmən minalar basdırmışdı və tanklarımızın hərəkətinə imkan vermirdilər. Tankla döyüşmək daha rahat idi. Yerləşdiyimiz ərazini mühafizəyə aldıq. Saat 7-ə kimi tanklarımızı gözlədik. Biləndə ki gələ bilmirlər, komanda gəldi ki, geri çəkilin. Geri çəkilən zaman yenə düşmən əsgərləri tərəfindən puskuya düşdük. Puskudan çıxdıq. O puskudan təkcə professionallığımıza görə qurtulmadıq, sanki bizi Allah saxladı.

– Talış kəndinə daha sonra qayıtdınız?

– Puskudan çıxandan bir qədər sonra yeni komanda gəldi ki, kəndə qayıtmalıyıq, yeni əsgərlər çatıb, onları oraya yerləşdirmək lazımdır. Kəndə qayıdarkən yüksəklikdə yenə puskuya düşdük. Kapitan Haşımov yaralandı. Xidmətdə olan bir gizirimiz də yaralandı. Bir şəhidimiz geridə qalmışdı. Çətinliklə güllə altında kapitan Haşımovu və hazırda xidmətdə olan gizirimizi oradan çıxardıq.

Kəntdən çıxa bilmirdik. Ön tərəfimizi də tutmuşdular. Ravilgilə xəbər etdik, onlar posta basqın elədilər. Orada Səfərov Elmidar şəhid oldu. 5 nəfər də yaralandı. Orada bir post var idi ki, oranı Birinci Qarabağ müharibəsi vaxtı bir tabor ala bilməmişdi. O postu tək Ravil Novruzov aldı. Elə bir döyüş görməmişdim. Kinolarda belə elə bir səhnə yoxdur. Ravil girdi düşmən səngərinə 4 nəfər də arxası ilə. Erməniləri vura-vura axıra kimi çıxdı. Qışqıra-qışqıra şəhid olacam deyirdi, bir-bir düşmənləri öldürürdü. Kənardan baxanda adam vahimələnirdi. Tüklərim biz-biz olmuşdu. Ravil sonuncu düşmən əsgərini öldürəndən sonra şəhid oldu. Ravilin aldığı posta Kapitan Orucov Mühit, Mirzəyev Murad gəldi. Postu saxlamaq istəyirdilər, kapitan Orucovun bütün qrupu orada şəhid oldu. Onlar axıra kimi tanka qarşı vuruşdular. Postu düşmənə vermədilər. Hazırda o post bizdədir.

– Ermənilərin xüsusi təyinatlıları orada idi?

– Yalan-yalnış informasiyalar yayılır. Biz orada adi əsgər öldürməmişik. Oradakı ermənilərin hamısı xüsusi təyinatlı olub. Onların nişanlarını götürmüşük. Heç biri adi əsgərlər deyildi.

Talış tapşırığı belə bitdi.

– Nə zaman tərxis oldun?

– Talışda evlərə girəndə düşmən əsgəri üstümə qumbara atdı, orada yaralandım. Apreldən sonra psixi problemlərim də oldu. Şəhidlərimiz yadımdan çıxmırdı, yata bilmirdim. Artıq gördülər ki, xidmət edə bilmirəm. Tərxis oldum.

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 19 апр 2018, 15:44
smersh70
Lələtəpədə “tank canavarı”: “Düşmən açıq döyüşdə 12 ədəd tank itirdi” - MÜSAHİBƏ

Hələ də mövzumuz şanlı aprel döyüşləridir. O döyüşlər ki, dünya ictimaiyyəti Azərbaycan Respublikasının iradəsinin, onun ordusunun gücünün və xalqının döyüş əzminin şahidi oldu. Növbəti müsahibimiz isə aprel döyüşləri zamanı cəbhənin Füzuli-Cəbrayıl istiqamətində düşmənin 6 tankını məhv edən döyüşçümüzdür – Gizir Tahir Misirxanov.

Misirxanov Tahir İman oğlu 1988-ci ildə Hacıqabul rayonunda anadan olub. O, orta təhsilini Hacıqabul rayon 2 nömrəli tam orta məktəbində başa vurub. Həqiqi hərbi xidmət keçdikdən sonra necə deyərlər ömrünü hərb işinə bağlayıb. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin giziri kimi ön cəbhədə xidmət edir. O, aprel döyüşləri zamanı Lələtəpə istiqamətində gedən döyüşlərdə göstərdiyi şəxsi şücaətinə görə Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ailəlidir. İki övladı var.

Düşmənin altı tankını heyət və digər texniki təchizatı ilə birlikdə məhv edən gizir Tahir Misirxanovla müsahibəni təqdim edir:

Yoldaş gizir, Lələtəpə uğrunda gedən döyüşlər necə xatirənizdə qalıb? Həmin gecə nələr baş verdi?

Öncədən vurğulayım ki, həmin gecə qürur gecəmiz idi. Təbii ki, bölmələrimiz düşmən təxribatının qarşısını aldıqdan sonra əks-hücum tapşırığı aldı. Həmin vaxt biz də həyəcan siqnalı ilə qaldırılıb ön cəbhəyə yollandıq. Bölmələrimiz Lələtəpə istiqamətində irəliləyərkən, biz də komandanlığın verdiyi tapşırığa uyğun olaraq digər istiqamətdə mövqeləndik. Bizim həmin yerdə mövqelənməyizdə məqsəd düşmənin Hadrut istiqamətindən gələn qüvvələrinin qarşısını almaq idi. Əlbəttə ki, biz verilən döyüş tapşırığına uyğun olaraq həmin ərazini öz nəzarətimiz altında saxlayıb müşahidələr aparmağa başladıq. Düşmən nələrin baş verdiyini anlamırdı. Yəni bəlkə də gözləmirdi ki, biz bu dəfə bunlara daha ciddi dərs verəcəyik.
Изображение
Düşmənin layiqli dərs aldığını düşünürsüzmü?

Bəli, belə hesab edirəm. Düşmən layiqli dərs aldı. Öncə onu qeyd edim ki, aprel döyüşləri Azərbaycan Ordusunun keçirdiyi kiçik bir əks-hücum əməliyyatı idi. O əməliyyat ki, düşmənin günü-gündən çoxalan təxribatının qarşısının alınması üçün hesablanmışdı. Və düşünün ki, düşmən bizim əks-hücum əməliyyatımız nəticəsində nələr itirdi...

Nələr itirdi?

Mən gizirəm... Əməliyyat zamanı sadəcə öz mövqeyimə cavabdeh idim. Düşünün ki, təkcə mənim və digər silahdaşlarımın dayandığı mövqelərdən düşmən 6 tankını itirdi. Bu da ən azı 12 milyon manat, 18 nəfər ixtisaslaşmış mütəxəssis demək idi. Hələ mən onların komandanlığının məyusluğunu demirəm... (Gülür...)

Yoldaş gizir, ilk atışınız necə oldu? Yəni məlumata görə, həmin günə qədər siz “Spayk”dan atəş açmamışdınız. İlk atış həyəcanlı idimi?

Bəli, həyəcanlı idim. Doğru vurğulayırsınız bu mənim tankəleyhinə kompleksdən ilk atışım idi. Ona görə də çalışırdım ki, birmənalı şəkildə səhv etməyim. Amma o ki, qaldı düşmənlə döyüşə qəti şəkildə həyəcan yox idi. Çünki illərdir ki, biz həmin günü gözləyirdik. O fürsət əlimizə düşmüşkən canla başla çalışırdıq ki, düşmənə daha çox itki verək.

Real atışın fərqi nədədir?

Xeyli fərqi var. Real atışda raket qurğudan çıxdıqdan sonra qısa müddət görüntü kəsilir. İlk atışda məni həyəcanlandıran elə həmin proses oldu. Lakin sonradan raketin növbəti mühərriki işə düşəndən sonra görüntü bərpa olunur. Ən çətini ilk atış idi. Çox şükür ki, heç bir səhv etmədən ilk raketlə ilk tankı parçaladım.

Lələpə istiqamətində düşmənin ilk tankının vurulması hansı tarixə təsadüf etdi?

2 aprel səhərinə. Saat təxminən 9-10 radələrinə... Strateji yüksəklikləri itirən düşmən arxadan əlavə qüvvələr cəmləyərək əks-hücuma cəhd göstərdi. Həmin zaman bizim nəzarət etdiyimiz istiqamətdə ermənilər bir tank “batalyonu” ilə bölük-bölük hücuma keçmişdi. Biz onların bir bölüyünü məhv etdikdən sonra digər bölük döyüşə girmədən sürətlə geri çəkildilər.

Mən və heyət nəfərinin hər biri elə döyüş əhval-ruhiyyəsindəydik ki, onlar on dəfə hücuma keçsəydilər onunun da qarşısını alacaqdıq.

Əgər həmin hücumun qarşısı alınmasaydı nələr baş verə bilərdi?

Deməzdim ki, ciddi nə isə əldə edəcəkdilər. Hesab edirəm ki, itkilərimizin sayı çox olacaqdı vəssalam. Çünki onların komandanlığı necə deyərlər başlarını itirmişdi. Doğru-düzgün qərar qəbul edə bilmirdilər. Demək olar ki, düşmənin həmin istiqamətdəki qüvvələri döyüş qabiliyyətini itirmişdi. Hara, niyə, nə üçün getdiklərini anlamırdılar. Səhərə yaxın verdikləri itkilərin şokundan çıxa bilmirdilər. Bir də cəbhənin bu yanına baxsaq peşəkar və soyuqqanlı eyni zamanda əsgərini öz balası qədər sevən komandanlar görmək olardı.

Düşmən tanklarının partladığını gözünüzlə görürdünüz. Həmin vaxt nə kimi hisslər keçirirdiniz?

Həmin hissləri sözlə ifadə etmək mümkün deyil. Onu yalnız yaşamaq lazımdır. O çox gözəl hissdir... (Xəyala dalır və üzündə təbəssüm yaranır)

Eyni mövqelərdən dəfələrlə raket atəşi açırdınız. Qorxmurdunuzmu yerinizi müəyyən edib sizi vurarlar?

Mən bir daha vurğulayıram ki, komandanlığın düşmən təxribatına qarşı hazırladığı əks-hücum əməliyyatı yüksək peşəkarlıqla hazırlamışdı. Mən Lələtəpənin sağ tərəfində idim. Həmin istiqamətdə bizim raketləri tutacaq düşmənin heç bir texniki vasitəsi yox idi. Ona görə də tam arxayınlıqla eyni mövqedən atəş açırdım. Təbii ki, əgər bir əksiklik olsaydı digər planlarımız da var idi. Lakin onlara ehtiyac olmadı.

Ən sıx atışınız necə oldu? Yəni ard-arda neçə raketi, neçə dəqiqəyə atdınız?

Orta hesabla üç raketi iki dəqiqəyə atdım. Bir sözlə iki dəqiqəyə üç düşmən tankını məhv elədim.

Bəs sonra?..

Növbəti atışım bir gün sonra oldu. Həmin gün bir tank vurdum. Daha sonra isə iki tankı vurdum...

Həmin döyüşü necə xatırlayırsınız?

Düşmən bizim döyüş helikopterimizi vurmuşdu. Həmin zaman əraziyə PUA qaldırmışdıq. Məlum oldu ki, təpənin arxasında düşmənin bir tankı maskalanıb. Həmin tankı görmək mümkün deyildi. Mənə tapşırıq gəldi ki, o tankı məhv edim. Onu da qeyd edim ki, bu mənim ilk real atışım idi ki, texnoloji imkanlardan istifadə edərək görmədiyim hədəfi məhv edim. Həmin zaman yolun üstündə məhv etdiyim tank var idi. İlk hədəf kimi həmin tankı seçərək raketi alışdırdım. Raket havaya qalxdıqdan sonra hədəf köçürmə edərək maskalanan tankı məhv etdim.

Sonuncu atışınız nə zaman oldu?

Sonuncu atışımız ayın dördü günü oldu. Onlar yenə hücuma keçmişdilər. Həmin günü düşmənin 3 tankını bir başqa yoldaşımız fərqli istiqamətdə vurdu. Birini isə bizim bölük komandirimiz vurdu. Həmin döyüşlərdə iki tankı da mən məhv etdim.

Ümumilikdə Lələtəpə istiqamətində düşmən neçə tank itirdi?

Lələtəpə istiqamətində gedən döyüşlərdə düşmənin 10 tankı vuruldu. Qeyd etdiyimiz kimi, onun altısını mən dördünü isə digər əsgər yoldaşlarım vurdular. Lakin düşmən təkcə açıq döyüşdə 12 ədəd tank itirdi. Bundan başqa cəbhənin dərinliyindən döyüş gedən əraziyə hərəkət edən xeyli sayda döyüş texnikaları da ordumuzun sərrast artilleriya atəşi nəticəsində məhv edildi ki, həmin itkiləri düşmən gizlədir.

Eyni zamanda öz mövqeyinlə yanaşı səndən sol tərəfdə gedən döyüş əməliyyatını izləyə bilirdinmi?

Bəli böyük fərəh hissi ilə izləyirdim. Əsgərimizin irəli atdığı hər addım mənə fərəh hissi yaşadırdı. Həmin gün biz bütün dünyaya sübut etdik ki, Azərbaycan Ordusu sözdə yox, elə əməldə də regionun ən güclü ordusudur.

Göstərdiyiniz qəhrəmanlığa görə komandanlıq tərəfindən layiqincə qiymətləndirildiyinizi hesab edirsinizmi?

Açığını deyim ki, ən gözəl qiymətləndirilmək elə bizə döyüş əmrinin verilməsi idi. Biz çıxıb döyüş meydanında öz gücümüzü göstərək. Əlbəttə hər şeydən çox razıyam mən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildim. Lakin heç bir orden və təltif gözləntim yox idi. Ermənilərin qaçan komandirlərindən fərqli olaraq, bizim birlik komadirinin hərbi qulluqçularla çiyin-çiyinə rütbəsindən asılı olmayaraq əsgər kimi səngərdə vuruşması dünyanın ən ali ordeni, medalı idi.

Son olaraq səngərdən gənclərimizə sözünüz varmı?

Şükür Allaha ki, artıq Azərbaycan cəmiyyətində günü-gündən Vətəni daha çox sevən gənclər yetişir. Mən həmin gənclərə deyirəm ki, məşğul olduğunuz sahəni daha dərindən öyrənin. Daha kamil olmaq lazımdır ki, sabah savaşda düşmənə daha da ağır itkilər verə bilək.

Изображение

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 19 апр 2018, 23:04
smersh70
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Zaur Xancanov 2016-cı ilin aprelində ordumuzun apardığı uğurlu döyüş əməliyyatının iştirakçısı və qazisidir. Hal-hazırda da xidmət edən hərbi qulluqçumuz, necə deyərlər, Lələtəpə əməliyyatı zamanı ilk tətik çəkənlərdən, yaxud başqa şəkildə desək, düşmən səngərinə ilk ayaq qoyanlardandır. O, 1988-ci ildə Beyləqan rayonunun Milabad kəndində doğulub. Doğma kəndində orta təhsil aldıqdan sonra həqiqi hərbi xidəmətə yollanır. Vətənə şərəf borcunu 2006-cü ildə ödəyəndən sonra onun içində düşmənə qarşı nifrət birə-min artır… Xancanov 2007-ci ildən etibarən ordu sıralarında yenidən xidmətə başlayır. Elə həmin vaxt ön cəbhədə - cəbhənin Füzuli rayonu istiqamətində xidmətə başlayır.

Изображение
“… Dördün yarısı əmr gözləyirdik. İki qrup tam sızaraq zirvəyə çıxmışdı. Bizdən çoxda arxada olmayan komandanlıq atəş əmri verdi. Şok atəşi açıldı və düşmən səngərinə dolduq. Hər şey bir neçə dəqiqə içərisində başladı və bitdi. Düşmən nə baş verdiyini bilmədi. Nizamlı şəkildə düşmən səngərində cəld döyüş manevri edən qrupumuz, necə deyim, “uçana-qaçana” macal vermədi. Artıq erməni qüvvələri darmadağın idi. Silahlarını, zirehli gödəkçələrini hətta dəbilqələrini belə atıb qaçırdılar. Daha sonra plana uyğun olaraq qruplarımız düşmənin əlavə atəş-dəstək qüvvələrinin qarşısını kəsdi. Maksimum bir saatlıq gərginlikdən sonra zirvə tam əlimizə keçdi”, - deyə Xancanov bildirib.

Daha sonra açıq məğlub olan düşmən özlərinin hərbi qulluqçularının yaralıları və meyitləri olan səngərləri minaatan və digər artilleriya vasitələrindən atəşə tutmağa başlayır. Bu zaman hazırda həmsöhbətimiz olan qəhrəmanımız qəlpə yarası alır. Açılan atəşlər yerlə göyü lərziyə gətirsə də, qəhrəman Azərbaycan hərbçiləri bir addım da olsu geri çəkilmirlər. Həmçinin çox sürmür ki, Azərbaycan Ordusunun artilleriyası düşmənə adevkat cavab verir.

Xancanov bölmələrimizin sərrast zərbəsindən sonra artilleriya döyüşünü də uduzan düşmən tamamilə təşvişə düşdüyünü və bir qrup hərbçisinin İrana keçdiyini bildirir: “Həmin zaman əldə etiyimiz məlumata görə bir qrup düşmən hərbçisi qaçaraq İrana keçib. Bundan başqa, düşmən cəbhəsinin lap dərinliklərində avtomat və pulemyot səsləri eşidilirdi.
Çox güman ki, həmin vaxt öz aralarında yaranan hansısa qarşıdurma silahlı insidentə çevirilmişdi. Bizdə isə vəziyyət tam əksinə idi. Baxın, sizə bir misal çəkəcəyəm. Əslən Ağdam rayonundan olan əkiz qardaşlar var idi. Onlar əsgər olmaqlarına baxmayaraq döyüş əməliyyatında yaxından işdirak edirdilər. Priyev qardaşları… Onların biri şəhid oldu. Lakin digər qardaş öz qardaşının şəhid olmasına qəti heyifslənmədən irəli atılırdı. Təəssüf edirəm ki, mən həmin döyüş meydanını yaralanaraq tərk etməli oldum. Qəlpə yarası almışdım… Məndən sonra döyüş yoldaşım Eləməddin Rüstəmov başından yaralandı”.

Qəhrəmanımız yaralanandan sonra yaxınlıqdakı hərbi hospital, oradansa Bakı şəhərinə gətirilir. O, müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdaraq silaha sarılıb. İndi onun ən böyük arzusu daha bir döyüş əmri ilə işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi əməliyyatında iştirak etmək və bunu canı bahasına belə edərək gələcək nəsillərə örnək olmaqdır.

Sonda onu da xatırladaq ki, Zaur Xancanov döyüşlər zamanı göstərdiyi şücaəti komandanlıq tərəfindən nəzərə alınaraq “Hərbi Xidmətinə görə” I dərəcəli medalla təltif olunub.

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 13 май 2018, 02:41
smersh70
Kəlbəcərin igid oğlu Ülfət Kərimov haqda film.


Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 05 авг 2018, 00:16
smersh70
"Düşmənin 40 nəfər XÜSUSİ TƏYİNATLISInı məhv etdik"- Qazi baş leytenant

2014 cü ilin qızmar avqust ayı...

Milli Ordumuz hər zamanki kimi Vətənin keşiyində idi.
Cəbhənin Ağdam istiqamətində mühəndis istehkamçılarımız ön xəttin möhkəmləndirilməsini, minalanmış ərazinin təmir və bərpası üzrə döyüş tapşırığını icra edirdilər. Ermənistan ordusunun xüsusi təyinatlı dəstələri əvvəlcədən planlaşdırılmış şəkildə ön xəttə yaxın ərazidə xüsusi maskalanma üsulundan istifadə edərək gözdən itmişdilər. Ordumuza məxsus avtomobil istehkamçılarımızı ərazidən götürüb yenicə yol alırdı ki, hər zamankı kimi hiyləgər düşmənin açıq hücumuna məruz qaldılar. Avtomobildə olan 5 silahsız əsgərimiz xüsusi amansızlıqla qətlə yetirildilər.

Əsgər Məmmədov Səftər Əlihüseyn oğlu
Əsgər Rəhimov Əli Fətulla oğlu
Əsgər Coşqunov Mustafa Əhmədcan oğlu
Əsgər Abdulov Hüseyn Etibar oğlu
Əsgər İbrahimov Elnur Məhiyəddin oğlu

Müdafiə Naziri cənab General Polkovnik Zakir Həsənovun tapşırığı ilə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin 2 qrupu avqustun 1-də Ağdam – Tərtər cəbhəsinə göndərildi.
13 nəfərlik qrupun Komandiri Mayor İmanov Samid digər qrupun rəhbəri Kapitan Orucov Mühid (Müavini Leytenant Mənəfov Səməndər) idi.
Изображение
► Показать
Ağdam istiqamətindən bir qrup, Tərtər istiqamətindən isə Samidin qrupu düşmən xüsusi təyinatlılarını axtarmaq üçün döyüş tapşırığına başladılar. Həmin döyüşlərdə iştirak etmiş Baş Leytenant Mənəfov Səməndər döyüşü belə xatırlayır: "Biz avqust ayının 1-i gecə qrup komandirimiz Orucov Mühidin başçılığı altında 13 nəfərlə Ağdam rayonunda düşmənin dərinliklərinə sızmağa başladıq. Xeyli getdikdən sonra xüsusi cihazla ərazi kəşfi apardım, bu zaman sol istiqamətimizdə 6 ədəd təpə gördüm. Dərhal onların quruluşca eyni olması məni şübhələndirdi və onların təpə yox, düşmən çadırı olmasını müəyyən etdim. Onlar əsgərlərimizi şəhid edən Ermənistan xüsusi təyinatlı qüvvələrinin döyüşçüləri idilər.

Düşmənin bizi pusquya salmaq niyyətini dərhal anladım və "düşmən sağda" deyərək qrupa xəbər verdim, elə bu an sol cinahdan atəş açıldı. Atəş nəticəsində qrupumuzdan Gizir Əliyev Pərvin Səlahəddin oğlu, Kiçik gizir Hüseynov Rahil Əfsər oğlu, Kiçik gizir Əhmədov Elçin Rasim oğlu Şəhid oldular, şiddətli döyüş başladı.

Biz sola atəş açaraq düşməni susdurmaq istəsək də sayca onların çox olması çətinlik yaradırdı və bizi sağ cinahda yerləşən erməni postundan atəşə tuturdular. Bu zaman qumbara atanla sağ cinahdakı düşməni məhv etdim. Mühid qışqıraraq RPQ istədi. Gizirimizin çiynindəki RPQ ni çıxarıb Orucov Mühidə verdim, Mühid orada qeyri adi üsulla ayaqlarını açıb əyilərək erməni xüsusi təyinatlılarına məxsus çadırı vurdu, çadır silah sursatla dolu olduğu üçün güclü partlayış oldu. Biz daha da ruhlandıq, sağ cinahla irəliləyib düşməni mühasirəyə salıb məhv etməyə başladıq. Gizirimiz Eldar ağır yaralar alaraq sürünərək döyüşürdü. Onun sursatı bitdiyindən Şəhidlərmizin silahından istifadə edirdi. 1 saatdan çox çəkən döyüş bitdikdən sonra ortada 40 erməni xüsusi təyinatlısının leşi qalmışdı...bu an Mayor Samid İmanovun qrupu bizim yanımıza çatdılar. Şəhidlərimizi çıxarmaq istəyərkən ermənilər bizə hücum etdilər, Samidgil həmin erməniləri məhv etdilər. Biz şəhid və yaralılarımızı götürüb geri döndük. 13 nəfərlik qrupumuzla 40 nəfər erməni xüsusi təyinatlısını məhv etdik.

Biz əsgər qardaşlarımızın qisasını almışdıq. Amma qrupuzun şəhidləri oldu. Hüseynov Rahili alnından öpdüm, onun kəlmeyi şəhadəti deməsi hər an qulaqlarımda səslənir...

Döyüşlərdən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı şəxsən özü Ağdam rayonuna gələrək bizim əlimizi sıxdı, hər birimzlə qürur duyduğunu vurğuladı və saat hədiyyə etdi.
2014 - cü ilin Avqust döyüşlərində iştirak etmiş hər iki qrupun Komandirləri Mayor İmanov Samid və Kapitan Orucov Mühid 2016 cı ilin aprel döyüşləri zamanı Talış kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına döyüşərək Şəhid oldular.
Baş Leytenant Mənəfov Səməndər Talış dəndi istiqamətində gedən döyüşlərdə ayaqlarını itirərək Qazi oldu.

Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016 cı il 365 saylı qərarına əsasən Mayor İmanov Samid Azərbaycanın Milli Qəhrəmanı adına, Kapitan Orucov Mühid Vətən Uğrunda ordeni ilə təltif edilmişdir.
Изображение