Страница 1 из 1

"Həlqə"(Koltso) əməliyyatı

Добавлено: 25 ноя 2014, 01:50
Nazim Bayram
"Bu gün Qarabağın müəyyən obyektiv və subyektiv səbəblərdən işğal altında qalmasına rəğmən 1988-ci ildən bəri Azərbaycan oğulları torpaqlarımızın müdafiəsi yolunda kifayət qədər qəhrəmanlıqlar göstərib. Bu yolun ilk ləpirçiləri isə hələ sovet imperiyası dönəmində öz xalqına sadiq milis və təhlükəsizlik əməkdaşları olub.
1991-ci ilin əvvəllərində - artıq erməni təcavüzünün başlandığı bir ərəfədə SSRİ rəhbərliyinin icazəsi ilə Azərbaycan ərazisində ermənilərin qeyri-qanuni silahlı birləşmələrinə qarşı rusların “Kaltso” (“Həlqə”) adı verdiyi genişmiqyaslı əməliyyatlar başladı. Qısa müddətdə Dağlıq Qarabağ və ətrafındakı 10-larla kənd yaraqlılardan azad edildi. Bəs nə səbəbdən Qanlı Yanvarın müəllifi M.Qorbaçov və onun əlaltıları erməni nökərlərinə qarşı belə bir əməliyyata izin verdilər? Həmin döyüşlərdəki uğurlar necə əldə edildi? Bu və digər sualları “üyütmək” məqsədilə “Dəyirman”ımıza sözügedən prosesin özəyini təşkil etmiş Çaykənd əməliyyatının bilavasitə təşkilatçı və iştirakçılarından biri - MTN-in keçmiş şöbə rəisi, polkovnik - leytenant İlham İsmayılı dəvət etdik...


- İlham bəy, 1991-ci ilin yazında keçirilmiş “Həlqə” əməliyyatı ərəfəsində indiki Göygöl (Xanlar) rayonu ərazisindəki erməni yaraqlılarının bazasına çevrilmiş Çaykəndin strateji mövqeyi Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli idi?
- Yəqin ki, bir neçə kəlmə Çaykəndin tarixi haqqında da danışmaq yerinə düşər. Ermənilər əsrlər boyu Azərbaycan türklərinin yaşadığı bu məkana 1896-cı ildə Türkiyədən köçüblər. Sultan Əbdülhəmidin dövründə türklərlə aralarındakı ilk qarşıdurmalar zamanı çar Rusiyasına sığınan erməniləri ruslar Gəncə ətrafında yerləşdiriblər. Çaykənd və qonşu Qarabulaqdakı (Martunaşen) kilsələr üzərində də “1896” yazılmışdı...
Kürəkçay boyu çayın hər iki tərəfində yerləşən Çaykəndin bir tərəfi sıx meşəli dağlar, digər tərəfi isə o zaman ermənilərin məskunlaşdığı Kamo və Azad kəndləri idi. Çaykənd Kəlbəcər-Gəncə və Toğana, Maralgol, Göygöldən gələn yolların, eləcə də Ağcakənd (keçmiş Şaumyan) - Gəncə yolunun üzərində yerləşir. Odur ki, 1000-ə yaxın evin olduğu kənd yaraqlılar üçün Gəncəbasarı daim təhlükədə saxlamaq baxımından çox strateji əhəmiyyətli idi. Təsəvvür edin, Allah eləməmiş, o vaxt biz Çaykənd və ətraf 7 kəndi erməni yaraqlılarından təmizləyə bilməsə idik, 1992-1993-cü illərdə Kəlbəcərin ardınca Gəncənin də itirilməsinə daha gerçək şərait yarana bilərdi...

- Zəhmət olmasa, o dövrdə bölgədə DTK-nın baş əməliyyat müvəkkili olmuş bir şəxs kimi “Həlqə” əməliyyatının əsas önəmli məqamları barədə danışın?
- 1991-ci il aprelin 26-da Azərbaycan DTK sədri Vaqif Hüseynov bölgəyə gəldi. Tezliklə Çaykənddə əməliyyat keçirilməsi barədə məsələ qoyuldu və buna hazırlıq başlandı. Aprelin 29-da isə Hacıkənddə V.Hüseynovdan başqa daxili işlər naziri rəhmətlik Məhəmməd Əsədov, baş prokuror rəhmətlik İsmət Qayıbov, Mərkəzi Komitənin II katibi V.Polyaniçko, Gəncədəki sovet hərbi birləşmələrinin komandiri polkovnik Maşkov, Gəncə Şəhər Milis İdarəsinin rəisi Eldar Həsənov (keçmiş baş prokuror - S.L.), Gəncə və Xanlar rayonlarının başçıları və s. iştirakı ilə müşavirə keçirildi.
Kənddə İrəvandan gəlmə və yerli yaraqlıların sayı, mövqeyi, əllərində olan silahlar, zəif cəhətləri və s. barədə yekun informasiya və əməliyyat hazırlığı görüldü. Biz o zaman erməni quldurlarının Ermənistan və Xankəndi ilə danışıqlarına da qulaq asa bilirdik. Ancaq müşavirədə kəndin köçürülməsi məsələsi qətiləşmədi. Buna rəğmən aprelin 30-da əməliyyat başlandı. O vaxtkı sovet ordusu da bizə dəstək verirdi. Ancaq bu, sadəcə, görüntü idi. Sovet hərbçiləri bilavasitə döyüş əməliyyatlarında iştirak etmirdilər. Sadəcə, Çaykənd qəbiristanlığı yaxınlığına bir neçə PDM gəldi və psixoloji təsir yaratmaq üçün qayalara-filana tərəf bir neçə atəş açdılar. Sonra da səsgücləndiricilərlə kənddəki yaraqlıları təslim olmağa çağırdılar. Ancaq ermənilər təslim olmaqdan qəti şəkildə imtina etdilər. Beləliklə, kəndə daxil olmağa qərar verildi. Bizdən öncə danışıqlar aparmaq üçün Bakıdan gəlmiş sovet ordusu polkovniki Maşkov bir ZTR-lə kəndə girmişdi. Sonra kəndin aşağı - Toğana istiqamətindən “OMON”çular, yuxarı tərəfdən isə biz Daşaltıda itkin düşmüş rəhmətlik Milli Qəhrəman Riyad Əhmədovun başçılıq etdiyi DTK-nın xüsusi təyinatlı dəstəsi ilə birgə daxil olduq. Bu zaman məlum oldu ki, Çaykənddəki yaraqlıların Ermənistandan gəlmiş başçısı Tatul Krpeyan polkovnik Maşkov başda olmaqla, rus hərbçilərini girov götürüb. Dərhal əməliyyat dayandırıldı.

- Rus zabitləri ermənilərin həmkarlarını girov götürmələrinə necə reaksiya verdi?
- Bundan o qədər də narahat olmayan rus zabitləri əksinə, “OMON”un aşırı güc tətbiq etməsinə, kəndin girişində bir neçə yaraqlının öldürülməsinə etiraz edirdilər. Ancaq azərbaycanlı rəhbərlər zabitlərin azad olunmasınıın və əməliyyatın davam etdirilməsinin vacibliyini vurğuladılar.
DTK sədri V.Hüseynov “Vremya” xəbərlər proqramının Azərbaycan üzrə müxbiri Mais Məmmədovu çağırıb tapşırdı ki, axşam xəbərlərində rus analarına müraciət et ki, övladlarınızı erməni yaraqlıları əsir götürüb, qoy SSRİ rəhbərliyinə rus anaları adından müraciət ünvanlasınlar.

- Bəs girovluqda qalmış hərbçilər necə azad edildi?
- Yenidən müşavirə çağırıldı. V.Polyaniçko sanki vəziyyətdən razı idi. O dedi ki, silahlar yığılsın, ancaq kənd köçürülməsin. V.Hüseynov ona qəti etiraz etdi ki, siz burada “sülh adası” yarada bilməyəcəksiz, bu günədək bizimkilər Çaykənddən bir nəfərə də toxunmayıblar. Ancaq erməni yaraqlıları 10 dinc sakinimizi qətlə yeriblər. Yalnız bundan sonra Polyaniçko əlini masaya vuraraq dedi: “Bəli, yeganə çıxış yolu deportasiyadır...”.
Yenidən “OMON” və DTK-nın dəstələri iki istiqamətdən kəndə daxil oldu. Atışma zamanı polkovnik Maşkov xüsusi fənd işlədərək, qarşısında dayanmış Tatulun arxasına keçdi və bizimkilər sərrast atəşlə erməni yaraqlısını yerə sərdilər. Təəssüf ki, ruslarla bələdçi kimi kəndə girmiş Aydın adlı azərbaycanlını ermənilər işgəncələrlə öldürmüşdülər. Məlum oldu ki, ermənilər qonşu Martunaşen (Qarabulaq) istiqamətinə qaçırlar. Lakin biz Quşçu kəndinə gedib orada post quraraq bunun qarşısını aldıq və əməliyyat davam etdirildi. Mayın 2-də artıq Çaykənd erməniləri ağ bayraq qaldırdılar. Əməliyyat zamanı 19 erməni yaraqlısı öldürülmüşdü. Onlardan 12-si Ermənistandan, 7-si isə yerli idi. Beləliklə, iki ildən çox bütün Gəncəbasarı təhlükə altında saxlayan bu yaraqlı bazası ləğv edildi. Və Ermənistandan qovulmuş soydaşlarımızdan bir qismi oraya köçürüldü.

- Əməliyyat zamanı sovet-rus zabitlərindən riyakarlıq edib, dolayısıyla ermənilərin xeyrinə işləyənlər var idimi?
- Bizimlə birlikdə olan zabitlərdən belələrinə rast gəlmədim. Ancaq biz Quşçuda postda olanda Toğana tərəfdən 2 ZTR-lə gələn rus zabitləri polkovnik Maşkovu soruşdular. Biz onlara Çaykənd yolunu göstərdik. İki saatdan sonra həmin zirehli maşınlar geri döndülər. Sonradan bizə məlum oldu ki, sovet zabitləri Çaykənddən erməni quldurları Tatulun, “Ded” ləqəbli Simon Açıqgözyan və İrəvandan gəlmiş digər ermənilərin meyitlərini, kəndin başçılarını - sovet sədrini, onun atasını, rabitəçi Mariyanı və daha 6 nəfəri ZTR-lə Xankəndiyə, oradan da İrəvana aparıblar...

- Əməliyyata birbaşa SSRİ DTK-nın əməkdaşları da nəzarət edirdilərmi?
- Xeyr, orada yalnız Azərbaycan DTK əməkdaşları idi.

- Bəzi mənbələr sizin “Unudulmuş qələbə” adlı sənədli yazınızda xatırlatdığınız Çaykənddəki emissarlardan biri - ABŞ ermənisi Pzo” ləqəbli Armen Kazaryanın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etməsi haqda yazır...
- Çaykənddə “Pzo” ləqəbli birinin olmasını bilirdik. Amma onun ABŞ vətəndaşı Armen Kazaryan olmasını və MKİ ilə əməkdaşlıq etməsi barədə məlumatları sonradan öyrəndik. “Pzo” ABŞ-da qanunsuz silah və narkotik alverinə görə həbs edilib.

- İlham bəy, mümkünsə “Həlqə”nin bir az siyasi tərəflərini araşdıraq. Belə bir fikir var ki, o vaxt Azərbaycan KPMK-nın I katibi Ayaz Mütəllibov 1991-ci il martın 17-də SSRİ-nin saxlanıb-saxlanmaması barədə referendumda “hə” cavabının çoxluq qazanmasına qəsdən şərait yaratmışdır ki, Moskva ilə münasibətlər loyallaşsın və nəticədə Qorbaçov erməni yaraqlılarının torpaqlarımızdan təmizlənməsinə razılıq versin...
- Ola bilsin ki, belə bir variant olub... Əgər ölkə rəhbəri bunu torpaqlarımızın terrorçulardan azad edilməsi naminə edibdisə, o vaxtkı şərait və zaman çərçivəsində burada qəbahət yoxdur. Bu gün də əgər hər hansı bir siyasi gediş torpaqlarımızın azad edilməsinə xidmət edəcəksə, bundan qorxmağa dəyməz... Məsələn, tutaq ki, Rusiya bir briqadasının Azərbaycanda yerləşdirilməsi hesabına Qarabağın bizə qaytarılmasına zəmanət verirsə, torpaq itkisinə yol verməmək üçün buna getmək mümkündür. Axı zaman da keçir və gün-gündən daha dinamik dəyişən siyasi situasiyaların nələr vəd etdiyini proqnozlaşdırmaq çətindir. Bu gün Türkiyə kimi ölkənin ərazisində NATO-nun bazası var, ancaq bu dövlət öz müstəqilliyini və maraqlarını qoruya bilir... İkincisi də, illər ötdükcə, nəsillər dəyişdikcə ötən əsrdə ermənilərə verilmiş Göyçə, Zəngəzur və s. kimi Qarabağdan da uzaqlaşırıq...

- Bəs nə əcəb cəmi 1 il əvvəl Azərbaycana qarşı 20 Yanvar qətliamını törətmiş SSRİ başçısı Qorbaçov və onun Polyaniçko kimi canişinləri tarix boyu Rusiyanın strateji tulası olmuş ermənilərə qarşı “təmizləmə” əməliyyatı keçirilməsinə icazə verirdi?
- Görünür, Qorbaçov SSRİ ilə bağlı referendumda iştirak etməməsinə görə Ermənistanı cəzalandırırmış...

- Bəlkə “Həlqə” əməliyyatına izin verməklə, erməni sakinlərin Azərbaycandan köçürülməsinə şərait yaratmaqla, Rusiya və digər hegemon güclər erməniləri daha da qızışdırmaq, aqressivləşdirmək, eyni zamanda, onlara Azərbaycana qarşı daha “tutarlı arqumentlər”lə çıxış etmək üçün “kozır” vermək məqsədi güdürmüş? Çünki artıq 1 may 1991-ci ildə erməni lobbisinin təhriki ilə ABŞ senatı “SSRİ və Azərbaycan rəhbərliyinin dinc erməni sakinlərinə qarşı cinayətlərini” ittiham edən bəyanatla çıxış etmişdi...
- Düşünürəm ki, bunun ermənilərin qızışdırılması ilə heç bir əlaqəsi yoxdur. Ermənilər onsuz da qızışmışdı. Sadəcə, Qorbaçov Azərbaycanın Moskvaya loyal münasibətini görüb bu qərarı vermişdi... Amma Mütəllibov 1991-ci ilin avqustunda Moskvada baş vermiş məlum “QKÇP” qiyamına dolayısıyla dəstək verdikdən sonra Qorbaçov artıq üzünü ermənilərə tərəf döndərdi və nəticədə onlara qarşı əməliyyatlar dayandırıldı...

- Şahidi olduğum bir məsələni də nəzərinizə çatdırım. Çaykənd əməliyyatından təxminən 10-15 gün sonra 1991-ci il mayın ortalarında Şuşanın erməni yaraqlılarının bazasına çevrilmiş iki kəndində - Qaladərəsi və Kirovda da əməliyyat keçirildi və əhali Ermənistana köçürüldü. Həmin ermənilərin köçünü daşıyan sürücülər və onları müşayiət edən milislərin söylədiyini görə, bəzi ermənilər onlara istehza ilə deyiblər ki, darıxmayın, bir ildən sonra qayıdacağıq... Doğrudan da, 1 il sonra - 1992-ci ilin mayında Şuşa və Laçının işğalından sonra ermənilər geriyə qayıtdı. Yəni belə çıxmırmı ki, “Həlqə” əməliyyatı artıq ermənilərə də məlum olan Qarabağın işğalının ümumi planı fonunda imperiyanın bir taktiki manevrinə xidmət edirmiş?
- Hesab edirəm ki, Qarabağın işğalı düşmənlərimizin güclü beynəlxalq dəstəyə malik olmasının və o illərdə yenicə müstəqillik qazanmış, daxildən və xaricdən düşmən və xəyanətkar qüvvələrlə əhatə olunmuş, ordusu, təhlükəsizlik xidmətləri yenicə formalaşan gənc dövlətimizin yol verdiyi taktiki və strateji səhvlərin nəticəsi idi. Və bütün hallarda “Həlqə”- Çaykənd əməliyyatı tarixdə Azərbaycan oğullarının ağır zəhmət, fədakarlıq və şücaətinin uğurlu nəticəsi kimi qalıb...

- İlham bəy, “Həlqə” əməliyyatında Azərbaycanın o dövrdə hələ müstəqil olmayan təhlükəsizlik və hüquq-mühafizə orqanı əməkdaşlarının uğurlu fəaliyyətindən bu gün üçün hansı örnəkləri götürə bilərik?
- İlk növbədə ruh yüksəkliyi, qorxmazlıq kimi keyfiyyətlər əxz olunmalıdır. Biz o zaman inanırdıq ki, xalqımız, vətənimiz uğrunda haqq yolundayıq və buna görə də yüksək inam və cəsarətlə əməliyyat və döyüşlərə girişirdik. Bizdə demək olar ki, ölüm qorxusu yox idi. Erməni gülləsindən ölə biləcəyimizi təsəvvürümüzə gətirmirdik... Bu gün ermənilərin beynəlxalq havadarlarının sayəsində Qarabağ işğal altında olsa da, Qarabağ savaşında polis, təhlükəsizlik orqanları, Milli Ordu və s. sıralarındakı oğullarımızın kifayət qədər uğurlu əməliyyatları keçirilib. Zənnimcə, Çaykənd əməliyyatı, 1992-ci ilin yayındakı Ağdərə və s. qalibiyyətli döyüş səhnələrini işıqlandıran hekayətləri məktəb dərsliklərinə daxil etmək, mütəmadi olaraq mətbuatda bu barədə danışmaq gərəkdir. Torpaqlarımızı azad etmək üçün ilk növbədə xalqa, gənclərimizə öz gücümüzə inam aşılamalıyıq...

Sultan Laçın"

http://hafta.az/index2.php?m=yazi&id=123713" onclick="window.open(this.href);return false;

Re: "Həlqə"(Koltso) əməliyyatı

Добавлено: 25 ноя 2014, 05:26
Одиссей
Smerş imkan versə, mövzuları tapıb oxuyarıq :(

Re: "Həlqə"(Koltso) əməliyyatı

Добавлено: 19 янв 2018, 03:09
smersh70
Одиссей писал(а):Smerş imkan versə, mövzuları tapıb oxuyarıq :(
плохому танцору,как говорится :shifty:

burda hamısı var,boş vaxtın olsa,oxuyarsan :)
https://novator.az/2018/01/15/qələbədən-qələbəyə-1/