Страница 1 из 1

AVİASİYA BOMBASI

Добавлено: 30 мар 2014, 00:09
Gunel
AVİASİYA BOMBASI

Aviasiya bombası təyinatına görə əsas (nüvə, fuqas, qəlpələnən və s.) , köməkçi (işıqlandırıcı, aeronaviqasiya, praktik və s.) qruplara bölünür. Əsas təyinatlı aviasiya bombaları aşağıdakılardır.

Fuqas aviasiya bombası fuqas partlayışının təsiri ilə obyektiv zərbə endirir və ondan hərbi sənaye qurğularının, anbarların, körpülərin, və başqa hədəflərin məhv edilməsi üçün istifadə olunur. Bunların çəkisi 50kq-dan 10 t-a qədər olur.

Qəlpələnən aviasiya bombasının iri gövdəsi partlayış zamanı çoxlu miqdarda qəlpələrə parçalanır. Canlı qüvvə, artilleriya, avtomobil nəqliyyatı, aerodromlardakı təyyarələr və başqa hədəflərə qəlpələrlə zərbə endirmək üçün tətbiq edilir. Çəkisi 1 kq-dan 100kq-a qədər olur.

Qəlpələnən fuqas aviasiya bombası fuqas təsiri ilə gücləndirilmiş qəlpələnən bombadır. Adətən, fuqas bombaları tətbiq edilən obyeklərin dağıdılması üçün işlədilir, çəkisi 100-250 kq olur.

Zirehdələn aviasiya bombası bombardman edilən gəmilərə, betonla və dəmir-betonla möhkəmləndirilmiş hədəflərə zərbə endirmək üçün nəzərdə tutulmuşdur. Bunlar bombardman edilən obyekti deşir və içində partlayır. Deşmə təsirini artırmaq üçün bu bombalarda sürətartıran reaktiv mühərrik də ola bilər. Çəkisi 100 kq-dan 1 t-a qədər olur.

Tank əleyhinə aviasiya bombasından tank və başqa yerüstü zirehli mühafizəsi olan obyektlərə zərbə endirmək üçün istifadə olunur. Onun təsiri xüsusi formali partlayıcı maddənin partlayışı zamanı yaranan zirehdələn və onun arxasınca yerləşən canlı qüvvəni, aqreqatları və döyüş sursatini məhv edən kumulyativ axından ibarətdir. İlk dəfə 1945-ci ildə sovet aviasiyası Kursk döyüşündə 0.5 -5kq ağırlığında belə aviasiya bombası tətbiq etmişdir. Bu bombalar 100-200 mm qalınlığında zirehi deşır.

Qayıq əleyhinə aviasiya bombasından sualtı qayıqları məhv etmək üçün istifadə olunur. Qayığı dəqiq vurmağa xidmət edən xırda və suda partlayaraq qayığa zərbə endirən irikalibrli bombalar tətbiq olunur.

Yandırıcı aviasiya bombası yanğınlar törətmək, döyüş meydanında və toplanış rayonunda canlı qüvvə və texnikaya zərbə endirmək üçün tətbiq edilir. Bunların ağırlığı 1 kq-dan 500 kq-a qədər olur. Bərk pirotexniki vasitələr və xüsusi tərkiblər qatışdırılmış üzvi maddələrlə təchiz edilir.

Fuqas yandırıcı aviasiya bombası kombinasiyalı təsir edir. Fuqas və yandırıcı bombalar tətbiq edilən obyektlərdə işlədilir.

Kimya aviasiya bombaları zəhərləyici döyüş maddələri ilə təchiz edilir.

Köməkçi təyinatlı aviasiya bombaları aşağıdakılardır.

İşıqsaçan aviasiya bombası ərazini işıqlandırmaq üçün istifadə olunur. Hər birinin öz paraşüt sistemi olan bir və ya bir neçə işıqlandırıcı pirotexnik tərkibli məşəllə təchiz edilir, məşəllər paraşütlərlə enərkən ərazini 5-7dəq işıqlandırır, bir neçə milyon şamlıq işıq qüvvəsi yaradır.

Tüstülü aviasiya bombasından ərazidə tüstü pərdəsi yaratmaq üçün istifadə olunur. Yandırıcı aviasiya bombası konstruksiyasına uyğun olaraq, ağ fosfor və kiçik partlayıcı maddə ilə təchiz olunur. Həmin maddənin partlayışından fosfor parçalanaraq tüstü pərdəsi yaradır.

İmitasiya aviasiya bombasından qoşunların təlimi zamanı nüvə partlayışı yerlərinin şərti işarə edilməsində istifadə olunur.

Səmt-siqnal aviasiya bombası üçüş aparatları qruplarının cəmləşməsi rayonunu, uçuşun marşrutunu qeyd etmək, naviqasiya və bombardman tapşırıqlarını yerinə yetirmək, eləcə də yerdə, suda və havada müxtəlif şərti siqnallar vermək üçün işlədilir.

Praktiki aviasiya bombası uçan heyətə bomba atmaq öyrədilən təlimdə tətbiq edilir. O, düşmən yerini alov şəklində qeyd edən pirotexniki və trayektoriyanı işarə etmək üçün ardınca işıq izi buraxan tərkiblərlə təchiz edilir.