ARTİLLERİYA HAQQINDA

Silah və texnikanın Azəri dilində şərhi
Ответить
Автор
Сообщение
Gunel
Новобранец
Сообщения: 48
Зарегистрирован: 18 июн 2013, 15:40

Поблагодарили: 3 раза

ARTİLLERİYA HAQQINDA

#1 Сообщение Gunel » 01 апр 2014, 23:33

(fr. Artillerie; artillier – hazırlamaq, silahla təchiz etmək)
Quru qoşunları növü;
Silah vasitələri məcmusu, silah növü və ya silahlanma predmeti toplusu;
Artilleriya silahlarının quruluş və xassələrini, onlardan istifadə üsullarını öyrənən elm.

Quru qoşunları növü kimi Artilleriya birləşmə, hissə və bölmələrdən ibarətdir. Quru qoşunlarının artilleriyası təşkilatı cəhətdən qoşun və Ali Baş Komandanlığın ehtiyatı Artilleriasına bölünür. Qoşun Artilleriyası motoatıcı, tank, hava desantı bölmə, hissə birləşmələrinin, birliklərinin tərkibinə daxil olur və ordu, korpus, diviziya, alay və batalyon Artilleriyasına bölünür.
Artilleriyanın kəşfiyyat, rabitə, nəqliyyat vasitələri və atəşi idarə edən cihazları olur. Artilleriya atəş vasitələrini, döyüş texnikasını, canlı qüvvəni, müdafiə qurğularını və s. obyektləri məhv etmək, həmçinin döyüş zamanı ümumqoşun hissə və birləşmələrini atəşlə qorumaq və müşayiət etmək üçündür. Artilleriya təşkilatca birləşmə, hissə və bölmələrin tərkibində olduqda qoşun Artilleriyası adlanır. Bu tərkibə daxil olmayan Artilleriya isə Ali Baş Komandanlığın ehtiyat Artilleriyasını təşkil edir.
Silah vasitələrinin məcmusu kimi Artilleriyaya top, haubitsa, reaktiv qurğular, təpməyən toplar, tank əleyhinə idarə edilən reaktiv mərmilər, döyüş maşınları, yaylım atəşi sistemləri, atıcılıq silahlarının bütün növləri, döyüş sursatının bütün növləri, hərəkət vasitələri, atəşi idarə edən cihazlar və müxtəlif nişanalma vasitələri, kəşfiyyat və atəşi təmin edən müxtəlif vasitələr daxildir.
Elm kimi Artilleriya silahların və döyüş texnikasının quruluş və istifadəsini, istehsalını, onların döyüş şəraitində tətbiqini və atəşaçma nəzəriyyəsini, atəş və döyüş tətbiqi sahəsində bilikləri öyrənir. Artilleriya elminin əsas bölmələri bunlardır: daxili və xarici ballistika, Artilleriyanın silah sistemlərinin konstruksiyalarının əsasları, artilleriyanın maddi hissəsinin quruluş əsasları, Artilleriya sistemlərinin istehsalının texnologiyası, atıcı silahlar və döyüş sursatları, partlayıcı maddələr və mərmilər, atəş və atəşin idarə olunması nəzəriyyəsi, Artilleriyanın döyüş tətbiqi, Artilleriya tarixi.
Artilleriyanın çoxəsrlik tarixi var. Artilleriya Qədim Şərq ölkələrində meydana gəlmişdivardeşmə və sapand qurğularını əvəz etməyə başlamışdır. Odlu silahlardan ərəblərin istifadə etməsi haqqında ilk məlumat 13-cü əsrin sonu – 14 cü əvvəllərinə aiddir. Qərbi Avropanın bütün qabaqcıl ölkələrinə bu silahlar ərəblərdən keçmişdir. Engels yazmışdır: “XIV əsrdə ərəblər barıt və artilleriyanın tətbiqini İspaniya vasitəsilə Avropaya yaymışlar.”
14-cü əsrin 20-40-cı illərində İtaliya, Fransa, Almaniya və İngiltərədə ilk odlu silah nümunələri yaradılmışdır. Rusiyada ilk dəfə Artilleriyadan 1382-ci ildə istifadə edilmişdir. Artilleriya müstəqil silah növü kimi Qərbi Avropa ölkələrində14-cü əsrin 2-ci yarısında, Rusiyada isə 14-cü əsrin sonu- 15-ci əsrin əvvəlində meydana gəldi. Beləliklə, Artilleriya silah növündən qoşun növünə çevrildi. 16-17-ci əsrlərdə Artilleriya elmi yarandı və iqtisadi cəhətdən qabaqcıl ölkələrdə inkişaf etməyə başladı, beləliklə Artilleriyanın müharibədə rolu artdı.
19-cu əsrin əvvəllərinədək Artilleriyanın inkişafı, əsasən, silahların yüngülləşdirilməsi və standartlaşdırılması, onların istehsalının asanlaşdırılması, yeni nişanalma vasitələrinin tətbiqi istiqamətində gedirdi. 19-cu əsrin 2-ci yarısından etibarən Fransa, Prussiya, Rusiya, İngiltərə, ABŞ və s. ölkələrdə hamarlüləli Artilleriyanı daha mükəmməl yivlilüləli Artilleriya əvəz etməyə başladı. Bu Artilleriyanın inkişafında əsaslı dönüş oldu.
20-ci əsrin başlanğıcında Avropa və Rusiyada əsasən, haubitsa sistemli ağır Artilleriya yaranmağa başladı. Birinci Dünya müharibəsi ərəfəsində Rusiya, Fransa, İngiltərə, Almaniya və Avstriya-Macarıstanda Artilleriya silahlarının istehsalı artdı və yeni silah növləri yarandı. Tank və aviasiyanın meydana gəlməsi tankvuran və zenit toplarının yaranmasına səbəb oldu. İlk zenit topları 1915-ci ildə Fransada və Rusiyada yarandı. Örtülü atəş mövqelərindən atəşaçma üsulları geniş tətbiq olundu.
İkinci Dünya müharibəsindən sonrakı dövrdə iqtisadi və elmi-texniki cəhətdən qabaqcıl ölkələrdə Artilleriya əsasən, uzaqvurma, sürətlə atəşaçma və manevretmə qabiliyyətinin yaxşılaşdırılması istiqamətində inkişaf etdirilir.
Artilleriyadan danışarkən Azərbaycanın Artilleriya tarixində özünəməxsus xidmətləri olan görkəmli hərbi xadim, "artilleriyanın allahı" sayılan Ə. Şıxlinskinin hərbi nailiyyətlərindən danışmaq təqdirəlayiqdir.
Ə. Şıxlinskinin Artilleriya nəzəriyyəsinin inkişafında böyük xidmətləri olmuşdur. O, topçuluq elminin inkişafında hərbi xadim kimi böyük nailiyyətlər qazanmışdır. Onun 1910-cu ildə Luqa şəhərində nəşr olunmuş “Səhra toplarının cəbhədə işlədilməsi” adlı əsəri və hərbi dərsliklərə salınmış “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu”, kəşf və ixtiraları ona şan-şöhrət gətirmiş, bir Azərbaycan oğlunun adının ən yüksək dairələrdə fəxrlə çəkilməsinə səbəb olmuşdur. “Şıxlinski üçbucağı” nəinki rus artilleriyasında, hətta Fransa, Avstriya, İsveçrə, Norveç ordularında da tətbiq olunurdu. Ə. Şıxlınski Artilleriya tarixində ilk dəfə toplarda gözlə görünməyən hədəfə atəş açmaq texnikasını işləyib hazırlamış və onların təkmilləşdirilməsi işinə bir sıra yeniliklər gətirmişdir. Rus artilleriya taktikası professoru Y. Barsukov kitaba yazdığı müqəddimədə belə bir yazı qeyd etmişdir: “ Döyüş ənənələri və köhnə rus artilleriyasında yaxşı nə vardısa, hamısı general-leytenant Əliağa Şıxlinski ilə əlaqədardır”.
Yazıda sonda göstərilən fikirlərdən belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan hələ 20-ci əsrin əvvəlində artilleriya tarixinə öz adını qızıl hərflərlə həkk etmiş, Azərbaycanın hərbi xadimləri hər zaman dünya hərb tarixində şərəfli yollar keçmişdir.

GÜNEL MƏMMƏDOVA
Вложения
0230941612.jpg
0230941612.jpg (34.64 КБ) 8768 просмотров

Ответить

Вернуться в «Hərbi Hazırlıq»