Yavər CAMALOV: Yeni silahımız düşmənin elektron cihazlarını və rabitə vasitələrini ani impuls zərbəsi ilə söndürəcək
Müdafiə Sənayesi Nazirliyi (MSN) fəaliyyət göstərdiyi on il ərzində Silahlı Qüvvələrimizi ehtiyac duyulan bir sıra məhsullarla təmin etməklə bərabər son 5 ildə Azərbaycan istehsalı olan silah, sursat və digər müdafiə təyinatlı məmulatların xaricə ixracı istiqamətində istiqamətində nailiyyətlər əldə edib. Nazirlik yeni məhsulların yaradılması ilə yanaşı bu gün ixracın artırılmasına yönəlmiş fəaliyyətləri davam etdirməkdədir. Müdafiə sənayesi naziri Yavər CAMALOV ilə müsahibəmizdə oxucularımızı maraqlandıran bir sıra sualların cavablarını almağa çalışdıq.
AD: Cənab nazir, müsahibəmizə Müdafiə Sənayesi Nazirliyinin ixracla bağlı əldə etdiyi göstəricilər və planları barədə fikirlərinizlə başlamaq istərdik. MSN-in ixrac portfeli və ixraca yönəlmiş hədəfləri nədir?
Yavər CAMALOV: MSN yaranandan bu günə uğurlu inkişaf yolu keçib və əldə etdiyi nailiyyətlərə ilbəil yenilərini əlavə edir. Nazirlik tərəfindən müxtəlif ölkələrin şirkətləri ilə əlaqələr yaradılıb, müxtəlif texnologiyalar alınaraq ölkəmizin müdafiə sənayesində tətbiq edilib. Bu gün MSN müəssisələrində 1200 çeşiddə məhsul istehsal olunur. Eləcə də bir neçə ölkənin şirkətləri ilə birgə istehsal layihələri reallaşdırmışıq. Əlaqələri genişləndirmək və beynəlxalq bazarlara çıxmaq üçün 2009-cu ildən beynəlxalq sərgilərdə iştirak edirik. 2014-cü ildən Azərbaycanda da beynəlxalq müdafiə sərgisi təşkil olunur. Bizim beynəlxalq sərgilərdə iştirak etməyimizin əsas mahiyyəti ondan ibarətdir ki, ixrac imkanlarımızı artıraq.
İxracla bağlı qısa fəaliyyət dövrümüzdə deyə bilərəm ki, mühüm işlər görmüşük. 2017-ci il üçün 101 milyon ABŞ dolları dəyərində ixrac sifarişi alıb, müqavilələr bağlamışıq. Bundan 57 milyon dolları qüvvədə olan müqavilələrdir, silah-sursatımızın alınacağına dair dövlətlərin müvafiq qurumlarının təminatları var. Qalan 44 milyon dollarlıq silah-sursatın sertifikatları da yaxın günlərdə hazır olacaq. Yeri gəlmişkən, onu da qeyd edim ki, bu yaxınlarda Türkiyədə elan edilmiş 8 milyon dollarlıq bir tenderin qalibi olmuşuq. Bu müqavilə çərçivəsində döyüş sursatları, minaatanlar və digər məhsulların ixracını həyata keçirəcəyik.
AD: İxrac coğrafiyası barədə məlumat verə bilərsinizmi?
Yavər CAMALOV: ABŞ-ın, Afrika, Avropa, Asiya ölkələrin şirkətlərinə məhsullar satırıq. Afrika regionunda Cibutti, Konqo, Zambiya, Şərqi Avropada Bolqarıstan, qonşu ölkələrdən Türkiyəyə ixracatımız var. Bu yaxınlarda Bolqarıstanın bir şirkəti ilə 57 ədəd tam modernləşdirilmiş BTR-70 zirehli transportyorunun satışına dair müqavilə imzaladıq. Qeyd edim ki, bizim müəssisədə modernləşdirilən BTR-70-lərin mühərrik-güc hissəsi, ötürücü sistemləri yenilənir, daxilində havalandırma sistemi, yeni silah və rabitə cihazları qurulur. BTR-70 zirehli transportyorları bir ədəd KAMAZ dizel mühərriki ilə təchiz olunur. Köhnə BTR-lərdə iki mühərrik mövcuddur. Bir və daha güclü mühərrik istifadəni asanlaşdırır. Müəssisəmiz eyni zamanda BRDM-2 kəşfiyyat-döyüş maşınının da modernləşdirilməsini həyata keçirir.
İxrac imkanlarının artırılması istiqamətində MDB məkanında Özbəkistan, Qazaxıstan, Qırğızıstandan müvafiq qurumların nümayəndələri ilə görüşümüz olub. Adıçəkilən ölkələrin nümayəndələri Azərbaycan istehsalı məhsullarla tanış olub və təkilflərini veriblər. Eyni zamanda biz də təkliflərimizi vermişik və cavablarını gözləyirik.
AD: Cənab nazir, keçək MSN-in perspektiv layihələrinə. Nazirlər Kabinetinin iclasında elektron impulslu silah sisteminin yaradılmasından bəhs etmişdiniz. Bu silah nədir? Hansı özəllliklərə sahib olacaq?
Yavər CAMALOV: Elektron impulslu silahlar dünyada çox az ölkədə mövcuddur və bir neçə ölkədə belə sistemlərin yaradılması istiqamətində işlər gedir. Biz də dünyada gedən proseslərdən geri qalmamaq üçün bu istiqamətdə yaradılma işlərinə başlamışıq. Silahın mahiyyəti ondan ibarətdir ki, elektron impulslar vasitəsi ilə müəyyən radiusda düşmənin hərbi texnikalarının elektron sistemlərini sıradan çıxararaq fəaliyyətini dayandıracaq. Eyni zamanda bütün elektron cihazlar və rabitə vasitələri ani impuls zərbəsi ilə söndürüləcəkdir. Çalışırıq ki başlanğıcda 4 km radiusda təsir gücün malik sistemi hazırlayaq. Hazırda bu istiqamətdə ciddi işlər gedir. Bu sistem insana zərərsizdir.
Bizim bununla bağlı iki layihəmiz var:
Birinci layihə sözügedən sistemin maşınlar üzərində qurulmasıdır. Biz bu sistemi “Tufan” minaya qarşı qorumalı nəqliyyat vasitəsinin üzərinə yerləşdirməyi düşünürük.
Ikinci layihəmiz isə bu sistemin aviasiya bombalarının tərkibində yerləşdirilməsidir. Bu istiqamətdə işləri xarici ölkələrdən bir neçəsi ilə birlikdə aparmağa çalışırıq.
AD: Zənnimizcə, sonuncu qrafit bombalarının və ya “Boeing” şirkətinin CHAMP bombalarının bənzəri olacaq.
Yavər CAMALOV: Bəli. Bu sahədə ABŞ-da bir neçə layihə həyata keçirilib. Rusiya da bənzər sistemin yaradılması üzərində işləyir.
AD: Fevral ayında təqdimatı keçirilən “Tufan” milli minaya qarşı qorumalı nəqliyyat vasitəsi barədə məlumat verməyinizi xahiş edirik. Hazırda layihə hansı mərhələdədir?
Yavər CAMALOV: Maşının ilkin testləri keçirilib. Yaxın bir ay, ay yarım ərzində müvafiq qurumların nümayəndələrinin iştirakı ilə partlayış testləri də keçiriləcək. Bundan sonra maşının seriyalı istehsalına başlanacaq.
Nazirliyimizin Milli Aerokosmik Agentliyinin (MAKA) mühəndisləri tərəfindən dizayn edilmiş “Tufan”ın çəkisi 12300 kiloqram, heyəti 2 nəfərdir. Maşın tam təchizatlı 8 desant daşıyır. Maşın 230 at gücündə KAMAZ EVRO 2 turboaqreqatlı dizel mühərriki və mexaniki transmissiyaya ilə təchiz olunub.
Azərbaycanın ilk milli minaya qarşı qorumalı zirehli nəqliyyat vasitəsinin yaradılması zamanı dünya təcrübəsi nəzərə alınıb. Maşın bütünlüklə Azərbaycan mütəxəssisəri tərəfindən yaradılıb. Sınaqlardan sonra eyni şassi üzərində tibbi yardım, radioelektron mübarizə, polis, kəşfiyyat versiyalarının yaradılması planlaşdırılır.
AD: Yavər müəllim, MSN faktiki olaraq iki növ minaya qarşı qorumalı nəqliyyat vasitəsinin – “Matador” və “Marauder”in istehsalını həyata keçirirdi. Bu maşınlar 2016-cı ilin aprel döyüşlərində geniş istifadə olunub özünü doğrultdu. Adıçəkilən maşınların istehsalı davam edərkən, “Tufan”ın yaradılması hansı zərurətdən irəli gəldi? Model dəyişikliyi nədən qaynaqlanır?
Yavər CAMALOV: Biz “Matador” və “Marauder”i CAR-ın “Paramount Group” şirkəti ilə birlikdə istehsal edirik. “Tufan” İSƏ sırf Azərbaycan mütəxəssislərinin, MSN mühəndislərin beyninin məhsuludur. Maşının dizaynı, şassisi hamısı yerli mühəndislər tərəfindən hazırlanıb. Təbii ki mühərrik, transmissiya və bəzi sistemlər istisna olunmaqla. Buna görə də tam milli maşınımızdır deyirik.
“Tufan”ın sifarişdən asılı olaraq həm döyüş maşını, həm personal daşıyıcı, həm zirehli ambulans, həm də digər konfiqurasiyaları istehsal olunacaq. Eksperimental nümunə yerli mütəxəssislər tərəfindən hazırlanmış və üzərində 12.7 mm çaplı pulemyot olan döyüş modulu ilə silahlandırılıb. Gələcəkdə sifarişçinin istəyindən asılı olaraq 14.5 mm, 23 mm və digər kalibrli silahlarla silahlandırılması mümkündür.
Qüllədən söz düşmüşkən, qeyd etmək istəyirəm ki, bazarda döyüş modullarına böyük tələbat var. İstehsal etdiyimiz və xaricə ixrac olunan maşınların qülləsi kənardan idxal olunur. Bu qüllə isə tam öz məhsulumuzdur. Yaxın vaxtlarda 14.5 mm çaplı pulemyotla silahlandırılmış qülləni də sınaqdan çıxaracağıq. 23 və 30 mm topla silahlandırılmış qüllələrin yaradılması istiqamətində də işlər aparılır. Mövcud yeni qüllənin texniki parametrləri proqram təminatına kiçik düzəlişlər etməklə 14.5 mm çaplı pulemyotla əvəzləməyə imkan verir.
AD: “Paramount Group” ilə “Matador” və “Marauder”lərin birgə istehsalı proqramınız yekunlaşdımı?
Yavər CAMALOV: Layihə qüvvədədir və istehsal davam edir. Aprel döyüşləri zamanı “Marauder”lər özlərini doğrultdular. Hərbçilərimiz də razı qalıblar. İndi əlavə maşınların alınması məsələsi gündəlikdə var.
AD: Qüllələr barədə qeyd etdiniz. Bu günlərdə “Şimşək” qülləsinin testləri yekunlaşmalı idi. “Şimşək” nə zamana hazır olacaq? Bu qülləni analoqlarından fərqləndirən hansı xarakteriskalarıdır?
Yavər CAMALOV: Qüllə tam hazırdır və keçirilən testlərin nəticələri mütəxəssisləri qane elədi. Qüllə modulyar dizayna malikdir və üzərinə fərqli kalibrlərdə (14.5, 20, 23, 30 mm) silahlar qurmaq mümkündür. “Şimşək” hazırda BTR-70 zirehli transportyorlarının orijinal qüllələrindən bir sıra üstünlükləri ilə fərqlənir. Qüllə 360 dərəcə fırlana və 90 dərəcə bucaq altında hava hədəflərinə atəş aça bilir. Qüllədə ikinci silah olaraq 7.62 mm PKT pulemyotu yer alır.
AD: “Gürzə” patrul maşını layihəniz vardı. Bu maşına sifariş olmadığı üçün layihə dayandı, yoxsa?
Yavər CAMALOV: “Gürzə” “Toyota” maşınının şassisi üzərində hazırlanıb. Sərhəd Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr və digər qurumlar tərəfindən istifadə edilə bilər. Nə vaxt sifariş versələr biz sifarişi təmin etməyə hazırıq. Hazırda Cibuttidən 13 ədəd “Gürzə” maşınının çatdırılmasına dair sifariş alınıb. Adıçəkilən ölkənin müvafiq qurumu ilə ixrac müqaviləsi imzalamışıq.
AD: Kamikadze “Zərbə” PUA-nın kumulyativ döyüş başlığına sahib yeni versiyasının yaradılması istiqamətində işlərin aparıldığını qeyd etmişdiniz. Bu layihə barədə fikirlərinizi bilmək istərdik.
Yavər CAMALOV: “Zərbə”nin qəlpəli-fuqas döyüş başlıqlı versiyasının testləri keçirildi. ADEX-2016 sərgisində imzalanmış müqavilə üzrə seriyalı istehsalına başlanaraq ilk partiyası sifarişçiyə təhvil verildi. Hazırda PUA-nın zirehli texnikalara və düşmənin sığınacaqlarına, tanklarına qarşı istifadə olunacaq kumulyativ başlıqlı versiyası – “Zərbə-KH”nin yaradılması istiqamətində işləyirik. Kumulyativ döyüş başlığı Elmi Tədqiqat İnstitumuz tərəfindən hazırlanır. Bu başlığın PUA-ya inteqrasiyası “Aeronautics” şirkəti ilə birlikdə həyata keçiriləcək. Döyüş başlığı tam olaraq milli istehsaldır. Yaxın 3 ay ərzində “Zərbə”nin kumulyativ başlıqlı versiyasının testlərinə başlamağı düşünürük. Fuqas başlıqlıdan fərqli olaraq çalışmışıq ki kumulyativdə partlayıcı hissəni artıraq ki məhvetmə gücü böyük olsun.
“Zərbə-KH” 100 km məsafədə kəşfiyyat apara və düşmənə zərbə endirə biləcək. “Orbiter-2” ilə eyni dizayna malik “Zərbə” PUA mürəkkəb radiomühitdə belə fəaliyyət göstərə bilir. İstifadə edilmədikdə isə geri qaytarıla bilər.
AD: Cənab nazir, Azərbaycan istehsalı olan PUA-ların əsas üstünlükləri sırasında radioelektron maneələr tətbiq edildiyi mühitdə fəaliyyət göstərə bilmələri qeyd olunur. Ermənilər də son illərdə buna qarşı mübarizə sistemləri yaratmağa, eləcə də xaricdən bəzi sistemlər əldə etməyə çalışdıqlarını bəyan edirlər.
Yavər CAMALOV: Hərbi sənaye daim inkişafdadır. Bir məhsul çıxırsa ona qarşı başqa bir məhsul yaradılır. Yəni hərbi sənaye bir yerdə durmur və inkişaf prosesi gedir. Hazırda biz “Aeronautics” şirkəti ilə radioelektron maneələrin tətbqi şəraitində belə fəaliyyət göstərən, tapşırıqları yerinə yetirib mərkəzə dönən PUA-ların yaradılması və istehsalı, eləcə də mövcud modellərin təkmilləşdirilməsi istiqamətində işlər aparırıq. Başqa sözlə desək, bu aparatları erməninin əlində olan sistemlərlə endirmək mümkün deyil və mümkün də olmayacaq.
AD: “Aeronautics” ilə digər – “Orbiter 3” və “Orbiter-4” PUA-larının, həmçinin aerostatların istehsalı barədə layihəniz də olmalıydı.
Yavər CAMALOV: Aerostatlarla bağlı təkliflər verilib. Sifarişlər olarsa işlərə başlaya bilərik.
“Orbiter 4” PUA-ların da çatdırılmasına dair Müdafiə Nazirliyi ilə müqavilə imzalamışıq. Avans daxil olan kimi istehsalına başlayacağıq. Bu PUA-nın “Aerostar” və “Orbiter-2M”lərdən fərqi havada 24 saat qala bilməsi və çoxfunksiyalı olmasıdır.
Onu da qeyd etmək istəyirəm ki, biz PUA-ların Azərbaycan Ordusuna çatdırılması ilə yanaşı ixracını da həyata keçiririk. Keçən il bir Avropa ölkəsinə 80 PUA ixrac etdik.
AD: Prezident İlham Əliyev ötən ilin sonunda Azərbaycanda sənayenin inkişafına dair yol xəritəsini təsdiqlədi. Həmin sənəddə müdafiə sənayesinə də xüsusi yer ayrılıb və birgə şirkətlərin yaradılması tövsiyyə olunur. MSN-nin birgə müəssisə təcrübəsi müsbət mənada var. Adıçəkilən sənəddən irəli gələrək, hansı addımları atmağı düşünürsünüz?
Yavər CAMALOV: Biz bu gün CAR-ın “Paramount Group”, İsrailin “Aeronautics”, Türkiyənin TİSAŞ, ASELSAN şirkətləri ilə birlikdə işləyirik. Qeyd etdiyiniz kimi birgə istehsalla bağlı müsbət təcrübəmiz var. Birgə müəssisələrin yaradılması və adını qeyd etdiyiniz sənəddə bizə aid məsələlərin icrası ilə təkliflər üzərində işləyirik. Yaxın zamanlarda həmin təkliflər hökumətə təqdim olunacaq.
AD: Atıcı silahlar sahəsində MSN-in hansı yenilikləri var?
Yavər CAMALOV: Biz Müdafiə Nazirliyinin sifarişi əsasında yaradılma proqramını həyata keçiririk. Məsələn, 5.45 mm çaplı AK-74 avtomatını istehsal edirdik. Müdafiə Nazirliyi sifariş verdi ki, onlara 7.62 mm çaplı avtomat lazımdır. Ona görə, AZ-7.62 avtomatını yaratdıq. Testləri keçirilib və bu il Müdafiə Nazirliyinin sifarişi əsasında orduya 300 ədəd 7.62 mm çaplı AZ-7.62 avtomatı verəcəyik.
Müəssisələrimizdə son illər sərgilərdə göründüyü qədər 7.62×51 mm “Yalquzaq”, bikalibr “Vaşaq”, 7.62×54 mm “Yırtıcı” snayper tüfəngləri, HP-7.62 hücum pulemyotu yaradılıb və bu silahlar üçün sifarişlər almışıq. İlin sonuna qədər həmin sifarişləri tam təmin edəcəyik. “Yalquzaq” snayper tüfəngi ilə bağlı həm Sərhəd Qoşunlarından, həm də Müdafiə Nazirliyindən sifarişlərimiz var. Eyni zamanda bu məmulatın ixracı nəzərdə tutulur. HP-7.62 pulemyotuna da ciddi tələblər var.
Snayper patronlarının istehsalı istiqamətində təkliflərimiz mövcuddur və bu təklifləri hökumətə təqdim eləmişik. Bunun üçün ayrıca istehsal xəttinin qurulması lazımdır. Yəqin ki yaxın zamanlarda bu layihə barədə müsbət qərar qəbul ediləcək.
AD: ADEX sərgisində MSN yaradılma və test mərhələlərində olan müxtəlif təyinatlı aviasiya döyüş bombalarını nümayiş etdirdi. Aviabombaların istehsalı proqramına nə vaxtdan başlamağı planlaşdırırsınız?
Yavər CAMALOV: Aviasiya bombalarımızın testləri bitib və seriyalı istehsalı hazırdır. Təlim aviasiya bombalarımız isə hazırda Hərbi Hava Qüvvələrimizin istifadəsində yer alır. Sifariş olarsa döyüş bombalarının istehsalına başlaya bilərik.
Sərgilərdə nümayiş etdirdiyimiz əsasən idarə olunmayan bombalardır. Müəssisəmiz bunlarla yanaşı süzən aviasiya bombasının yaradılması istiqamətində işləyir. Paralel olaraq ASELSAN şirkəti ilə bu bombaların idarə olunan variantının istehsalı barədə razılığa gəlmişik. Bunlar lazer başlıqlı olacaq.
AD: Mərmilərin istehsalı ilə bağlı proqramınız nə zaman reallaşacaq? Bu prosesə 2016-cı ilin sonu, 2017-ci ilin əvvəlində başlayacağınızı bəyan etmişdiniz….
Yavər CAMALOV: Proses 2017-ci ilin ikinci yarısında başlayacaq. İstehsal xəttinin qurulması iyun ayının sonunadək tamamlanmalıdır. Müəssisədə istehsal prosesi tam avtomatlaşdırılmış, insan müdaxiləsi olmadan həyata keçiriləcək. Bu da təhlükəsizlik üçün olduqca vacibdir. Bildirmək istəyirəm ki, müəssisəmizdə həm artilleriya, həm də tank mərmilərinin seriyalı istehsalı həyata keçiriləcək. Artıq doldurma bazası da tikilib və sınaqları keçirilib.
Mərmilərin istehsalı ilə yanaşı partlayıcı atımların da istehsalının ölkədə qurulması nəzərdə tutulur. Bununla bağlı istehsal sahələri tikilir. Barıt, heksogen və trotilin istehsalı yerli imkanlar hesabına qarşılanacaq. Bununla da sursat istehsalında xaricə heç bir bağlılığımız olmayacaq.
Mərmilərin istehsalına başlamaqla biz bütün növ döyüş sursatlarına olan ehtiyacı yüz faiz yerli imkanlar hesabına qarşılayacağıq.
AD: Cənab nazir, “İstiqlal” və “Mübariz” snayper tüfənglərinin təkmilləşdirilməsinin və seriyalı istehsalının dayandığı bildirilir. Bu silahlar yaradılmadan çıxarılıbmı, yoxsa?
Yavər CAMALOV: “İstiqlal”ın təkmilləşdirilməsi prosesi davam edir. Hazırda ordunun istifadəsində 14.5 mm çaplı snayper tüfənglərimiz var və cəbhə xəttində uğurla istifadə olunur. Biz çalışırıq ki bu tüfəngin çəkisini azaldaq və 26 kiloqrama endirək.
Yeri gəlmişkən onu da qeyd edim ki, əvvəllər biz silahların lüləsini kənardan alırdıq. Bu gün 5.45 mm-dən 30 mm-dək çapda lülələri özümüz istehsal edirik.
AD: MSN-nin “Cihaz” İstehsalat Birliyi MDB-də həm dənizaltılar, həm də kosmik sənayesi üçün sərfölçənləri və digər dəqiq cihazları istehsal edən azsaylı müəssisələrdəndir. Əvvəllər Rusiya tərəfi bu cihazların bir qismini Ukraynadan alırdı. Kiyev-Moskva münasibətləri pisləşəndən sonra sizin məhsullara tələbdə artım varmı?
Yavər CAMALOV: Əlbəttə Rusiyadan müəyyən qədər sifarişlərimiz var. Bizim qeyd etdiyiniz müəssisə də işini o sifarişlər üzərində qurub. Sifarişin artırılması istiqamətində danışıqlarımız davam edir.
AD: Yavər müəllim, Türkiyə ilə birgə layihələriniz, hərbi sənaye sektorunda əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə nələri söyləyə bilərsiniz?
Yavər CAMALOV: Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası fəaliyyət göstərir. Bundan əlavə güc qrumlarının iştirakı ilə ildə bir dəfə Hərbi Dialoq iclası keçirilir. Bu iclaslarda MSN nümayəndələri Türkiyə nümayəndə heyətləri ilə görüşür, müzakirələr aparırlar.
Bu gün TİSAŞ şirkəti ilə 5 növ tapançanın, MKE ilə MP-5 tapança-pulemyotunun, ASELSAN ilə optik cihazların birgə istehsalını həyata keçiririk. “Alov” zavodunun nəzdində ASELSAN ilə birlikdə təmir-servis xidmətinin yaradılması nəzərdə tutulur. İDEF sərgisində də ASELAN şirkəti ilə 4 yeni layihənin birgə həyata keçirilməsi məsələsini müzakirə etdik və memorandumlar imzaladıq. Yaxın dönəmlərdə həmin layihələrin də icrasına başlayacağıq.
İDEF sərgisi çərçivəsində “Otokar” şirkəti ilə “Cobra” maşınlarının Azərbaycanda istehsalı və təmiri məsələlərinə dair razılıq əldə etdik. Düşünürəm ki bu layihəni də reallaşdıracağıq. Layihə çərçivəsində “Cobra II” zirehli maşınların Azərbaycanda istehsalını təklif etmişik.
Birgə istehsalla yanaşı xammalın, dəstləşdiricilərin alınması ilə bağlı türk şirkətləri ilə işlərimiz mövcuddur. Bu günədək müəssisələrimiz tərəfindən Türkiyənin şirkətlərindən 130 milyon dollar dəyərində xammal, dəstləşdiricilər və ehtiyat hissələr alınıb.
AD: Cənab nazir, siz həm də Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının Azərbaycan tərəfdən həmsədrisiniz. İki ölkə arasında hərbi sənaye sahəsində birgə layihələrin reallaşdırılması üçün hansı imkanlar var? Birgə istehsalla bağlı planlarınız varmı?
Yavər CAMALOV: Azərbaycan və Pakistan arasında hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələr yüksək səviyyədədir. Prezident İlham Əliyevin İslamabada səfəri zamanı dövlət rəhbərliyi səviyyəsində hərbi-texniki əməkdaşlığın genişləndrilməsinə dair müzakirələr apardıq. Bizə də lazım olan göstərişlər verilib. Hazırda bir sıra texnologiyaların transferi ilə bağlı danışıqlar gedir. Eyni zamanda döyüş sursatlarının istehsalı gücünün artırılması istiqamətində Pakistanın POF şirkəti ilə müqaviləmiz var. Hansı ki 14.5 və 12.7 mm çaplı patron istehsalı xəttimizin gücünün artırılması istiqamətində əlavə dəzgahların alınması üçün onlarla danışıq aparırıq. İki növ optik nişangahın istehsalı ilə bağlı razılıq əldə etmişik. Həmin optik nişangahlar Azərbaycana gətirilib və müvafiq qurumların iştirakı ilə testlərdən keçirilib.
Müdafiə Nazirliyi də 10 ədəd təlim təyyarəsinin satın alınmasına dair Pakistanın müvafiq şirkəti ilə müqavilə bağlayıb.
AD: Növbəti – üçüncü ADEX sərgisi ilə bağlı gözləntiləriniz nədir?
Yavər CAMALOV: Üçüncü ADEX beynəlxalq müdafiə sərgisi 2018-ci ilin sentyabr ayında keçiriləcək. Hazırlıq işləri, şirkətlərlə görüşmələr davam edir. Gözləntilərimizə gəlincə, iştirakçı və ziyarətçi sayının artacağını ümid edirəm.
AD: Sonuncu sualımız MSN-nin dəniz və aviasiya modernləşdirilməsi layihələrində iştirak etməməsi ilə bağlıdır. Bu sektorlar nədən MSN-in prioritetləri sırasında deyil?
Yavər CAMALOV: Hələlik qeyd etdiyiz istiqamətlərə diqqət yetirmirik. Prioritet məsələlər ordumuzun ehtiyac duyulan döyüş sursatları və silahlarla tam təmin edilməsi və bu sahədə ixracat potensialını formalaşdırmaqdır. Bu məsələləri tam başa çatdırdıqdan sonra, ikinci mərhələdə qeyd olunan sahələrdə layihələrə baxacağıq.