Страница 37 из 46

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 28 сен 2025, 02:31
smersh70

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 29 сен 2025, 21:43
smersh70

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 02 окт 2025, 05:44
smersh70

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 02 окт 2025, 12:21
smersh70

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 06 окт 2025, 01:59
smersh70
Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Məmmədov (Cavanşir) “44 günlük zəfər yolu: Generalın döyüş qeydləri” sərlövhəli xatirələrini yazıb.

Xatirələr silsiləsində müharibənin ilk günləri və gedişatı ilə bağlı maraqlı faktları açıqlayan, müharibənin başladığı vaxt ehtiyatda olan Zaur Cavanşir həmin vaxt Baş Qərargah rəisi olan Nəcməddin Sadıkov tərəfindən qəsdən ordudan kənarlaşdırıldığını qeyd edib.


“Vətən müharibəsi 27 sentyabr 2020-ci il tarixində başlayanda, mən artıq dörd ildir ki, mülki həyatda idim. 2016-cı ilin sentyabrında – öz iradəmlə deyil, o zamankı Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun qanunsuz tələblərinə boyun əymədiyim üçün – əsassız şəkildə Xüsusi Təyinatlı Qüvvələrin komandanının müavini vəzifəsindən uzaqlaşdırılmışdım. Məni üç-dörd pillə aşağı salıb 3-cü Ordu Korpusunun əməliyyat şöbəsinə adi zabit kimi göndərdilər. Bu, əslində, Sadıkovun mənə qarşı apardığı çirkli oyunun bir hissəsi idi. Onun haqsızlığı qarşısında susmamağın yeganə yolu Silahlı Qüvvələrdən ehtiyata ayrılmaq oldu.
Lakin mən dərhal məhkəmə qaydasında haqqımı tələb etdim. Üç il səkkiz ay boyunca süni maneələrlə üzləşsəm də, inadla mübarizə apardım. Təhdidlərə və hədələrə baxmayaraq, bütün məhkəmə instansiyalarında qalib gəldim. Qərara əsasən, mənim əsassız şəkildə aşağı vəzifəyə təyin olunmağım barədə əmr ləğv edilməli, mən isə Xüsusi Təyinatlı Qüvvələrdən bütün imtiyazlarımla ehtiyata buraxılmalı idim.
Bununla belə, Nəcməddin Sadıkov məhkəmə qərarını icra etməkdən boyun qaçırdı. Buna görə Ali Baş Komandana yazılı müraciət etdim. Onun şəxsi müdaxiləsi və təzyiqi nəticəsində 2020-ci ilin may ayında məhkəmə qərarı icra edildi və Xüsusi Təyinatlı Qüvvələrdən ehtiyata buraxılmağım rəsmi qaydada təsdiqləndi.
Bütün bunlara rəğmən, mən bir gün yenidən əmri alacağımı, Vətən üçün döyüşə qatılacağımı bilirdim. Hətta şəhid olsam belə, babalarımın, əcdadlarımın əsrlər boyu qoruduğu torpaqda – Şuşada dəfn ediləcəyimə inanırdım.
Tovuz hadisələri göstərdi ki, Ermənistan hər an yeni təxribat törədə bilər. Deməli, düşmənə həmin anda layiqli cavab vermək üçün Azərbaycan Ordusu daim hazır olmalı idi.
Bütün bu hadisələrin fonunda Xüsusi Təyinatlı Qüvvələr intensiv təlimlərə başlamışdı. XTQ-nin məşqləri hər zaman plan üzrə Azərbaycanın müxtəlif relyefli bölgələrində keçirilirdi. Budəfəki təlim də əvvəlkilərdən fərqlənmirdi, lakin mən hiss edirdim ki, bu, düşmənin yaxın gələcəkdə törədə biləcəyi yeni təxribatlara qarşı ciddi hazırlıqdır. Qarşıda bizi gözləyən əməliyyatların xarakterinə uyğun olaraq, dağlıq və meşəlik ərazilərdə döyüş taktikası üzrə həm nəzəri, həm də praktiki məşğələlər təşkil edilirdi”.
Mən bilirdim ki, döyüşlər başlayacağı halda nə olur-olsun, silahdaşlarımla birlikdə XTQ-də vuruşmalıyam. Əgər XTQ komandanı general-mayor Hikmət Mirzəyevə birbaşa yaxınlaşıb qarşıdakı əməliyyatlarda iştirak etmək istədiyimi desəydim, o, yəqin ki, səbirli olmamı tövsiyə edəcək, amma konkret heç nə deməyəcəkdi. Çünki Baş Qərargah rəisi Nəcməddin Sadıkov mənim orduya qayıtmağıma imkan verməyəcəkdi. Buna görə münasib anı gözləməli, fəaliyyət başlayanda isə XTQ-yə qoşulmalı idim. Hər zaman olduğu kimi, döyüş geyimim və təchizatım maşında hazır vəziyyətdə idi. Siqnal gələr-gəlməz yola çıxmağa tam hazırdım.

Gözlənildiyi kimi, 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı hərbi təxribat törədərək Azərbaycanın cəbhəboyu mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutdu. Bu hücum nəticəsində mülki əhali arasında ölənlər və yaralananlar oldu, həmçinin infrastruktur obyektlərinə ciddi ziyan dəydi.

Azərbaycan Ordusu bu hücuma qətiyyətlə cavab verdi və dərhal əks-hücum əməliyyatlarına başladı. Beləliklə, 27 sentyabr 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək məqsədilə İkinci Qarabağ Müharibəsi — Vətən Müharibəsi başlandı.

Həmin gün mən cəbhə xəttinə yaxın olmaq üçün Göygöl rayonunda idim. Aldığım məlumata görə, XTQ-nin bütün bölmələri Ömər aşırımı istiqamətində hərəkət edirdi. Dayanmadan XTQ-dən kimləsə əlaqə saxlamağa çalışırdım, lakin bildiyim bütün nömrələr söndürülmüşdü. Narahatlıq içindəydim. İlk döyüş günündə silahdaşlarımla eyni sırada olmalıydım. Bu tarixi fürsəti qaçıra bilməzdim.

Yollar xaos içində idi. Mülki avtomobil karvanları hərəkəti tamamilə iflic etmişdi. Göygöl–Toğanalı yolunda qoşunların yerdəyişməsi, təminat və təxliyə fəaliyyəti faktiki olaraq mümkünsüz hala gəlmişdi.
Ən böyük təhlükə isə hərbi məlumatların sosial şəbəkələrdə yayılması idi. Mülki əhali artıq özünü reportyor kimi aparır, düşmən isə bu paylaşımları analiz edərək ordumuzun niyyətindən xəbər tuturdu. Bu isə məğlubiyyətə yol aça biləcək ciddi bir təhdid idi.
Günorta saatlarında artilleriya atəşinin gurultusu daha da intensivləşdi…
Artıq XTQ-yə qoşulmaq imkanımın qalmadığını başa düşdüm. Döyüşə qatılmaq üçün yeganə yol rəsmi şəkildə orduya qayıtmaq idi. Bu məqsədlə 2-ci Ordu Korpusunun komandiri, general-mayor Mais Bərxudarova zəng etdim:
— Mais, xahiş edirəm, xidmətə qayıtmağım üçün kömək et. Sənin Nəcməddinlə münasibətin yaxşıdır, sənə etiraz etməz. Ondan rica elə, icazə versin qayıdım. Əsgər kimi də olsa, harada lazımdırsa, döyüşməyə razıyam, — dedim.
— Qardaş, incimə, mən ona belə bir sözü deyə bilmərəm, — Mais qətiyyətlə cavab verdi.
Dərhal 1-ci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənova zəng etdim:
— Qardaş, mən döyüşmək istəyirəm! Maisə dedim, Baş Qərargah Rəisinə desin, amma o… — sözümü bitirməyə imkan vermədi.
— Heç nəyə ehtiyac yoxdur, qardaş! Kimin mənimlə döyüşəcəyinə mən qərar verirəm. Sən hardasan? Mənə lazımsan! — dedi.
Bu sözlər içimə qəribə bir rahatlıq gətirdi. Dərhal yola düşdüm. Hikmət Həsənov məni Goran adlanan yerdə qarşılamağa, ehtiyada olan zabit Müşviqi göndərmişdi. Onunla birlikdə 1-ci Ordu Korpusunun Naftalan yaxınlığında qurulmuş Komanda Məntəqəsinə gəldik.

Hava artıq qaralmışdı. Lakin hələ də hər yerdən atəş və partlayış səsləri gəlirdi. Bütün günü döyüşən hər iki tərəf gecə də atəş üstünlüyünü saxlamağa çalışırdı.

Komanda Məntəqəsi yüksək bir təpədə, bütün elementləri ilə qurulmuşdu. İçəri daxil olub Hikmətlə qucaqlaşdım. Çox yorğun olduğu hər halından bəlli idi, amma yenə də məğrur və dik dururdu.
— Vəziyyət necədir, qardaş? — soruşdum.
— Çətindir, qardaş! — gözlərimin içinə baxaraq dedi. — Amma döyüşürük. Sən bir görəydin, həmlə taboru necə vuruşurdu. Əjdahadılar, uşaqlar, maşallah!
Bir siqaret yandırdı, dərin qullab vurub davam etdi:

— Tap Qaraqoyunlu kəndinin üzərindəki 457.0 yüksəkliyi və Talış istiqamətində hücum edən bölmələr ağır itki verib. Artilleriya və hava dəstəyi yetərli deyil. Həsənqaya–Levonarx istiqamətində 703-cü motoatıcı briqadanın hücumu hələ də nəticə vermir. Sən ora getməlisən! Vəziyyəti düzəltməlisən! Nə olur-olsun! Bacararsan?
Bir anlıq susdum, sonra soruşdum:
— Siyavuş hanı?
Qardaşım Siyavuş 1-ci Ordu Korpusunun Hava Hücumundan Müdafiə Şöbəsinin rəisi idi. Əslində, o burada — komanda məntəqəsində olmalı, bölmələrini qərargahın və korpus komandirinin hər an verə biləcəyi tapşırıqlara uyğun idarə etməli idi.
Siyavuş Hikmət Həsənovla Silahlı Qüvvələrin Hərbi Akademiyasında bir yerdə oxumuşdu. Onlar dost idilər. Siyavuşun 1-ci Ordu Korpusuna həmin vəzifəyə təyin olunması da məhz Hikmətin istəyi ilə baş vermişdi. O vaxt mənə bu barədə danışanda etiraz etmişdim. Çünki Siyavuş mənim qardaşım olduğuna görə, Nəcməddin onu da mənə görə cəzalandıra bilərdi. Onun təqdimatı Nəcməddinin qarşısına getsəydi, istədiyini edə bilərdi. Amma Hikmət qətiyyətlə demişdi ki, heç kimin Siyavuşa toxunmasına icazə verməyəcək. Və sözünün üstündə durmuşdu.

Ümumiyyətlə, Nəcməddinin mənə qarşı apardığı çirkin mübarizə illərində ordunun 90 faizi onun qorxusundan mənimlə ünsiyyətdən çəkinirdi. Lakin Hikmət Həsənov heç vaxt münasibətimizi kəsmədi. Əksinə, dəfələrlə korpusun idarə heyətinin düzülüşündə mənim ünvanıma xoş sözlər demişdi.

Mən nə o günləri, nə də bu gün baş verənləri unudacağam. O, bir an belə tərəddüd etmədən mənim Azərbaycan xalqının, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun qızıl hərflərlə yazdığı tarixi hadisələrin iştirakçısı olmağıma vəsilə olmuşdu.
— Burada qalmaq istəmədi. İşlərini köməkçisinə verib ön xəttə getdi. Fikrindən daşındıra bilmədim, qardaş, — dedi.
Sanki zaman dayandı. İçimdən soyuq bir titrəyiş keçdi.
— Mən ön xəttə gedirəm və vəziyyəti düzəldəcəyəm. Amma xahiş edirəm, Siyavuşu qaytar bura! Otursun yerində, öz işiylə məşğul olsun! — dedim.
Hikmət tərəddüd etdi, sonra başı ilə razılığını bildirdi.
O, məni əməliyyat vəziyyəti ilə tanış etdi, tapşırığın mahiyyətini və onun icrası üçün görüləcək işləri izah etdi:
— Qardaş, sən o bölgəni qarış-qarış tanıyırsan. Sənə nəyisə izah etmək artıqdır. Sadəcə Göyarxın üstündəki yüksəklikləri təmizləmək və oradan Suqovuşana irəliləmək lazımdır.

Tapşırıq qəti və aydın idi. Burada əlavə izaha ehtiyac yox idi. Tapşırıq dəqiq, məsuliyyət isə ağır idi.
— Oldu, problem yoxdur. Əlimdən gələni edəcəyəm. Yox, əlimdən gələnin ən yaxşısını edəcəyəm!
Artıq döyüş meydanına yola düşməyə tam hazır idim. Bir neçə dəqiqə sonra bir rabitəçi və iki əsgərlə, qarşımızda bizi nə gözlədiyini bilmədən, Tərtər istiqamətində hərəkət edirdik. Ürəyimdə yalnız bir hiss vardı — döyüş meydanına çatmaq və verilən tapşırığı yerinə yetirmək!

Atəş yağışı altında zəfərin ilk nəfəsi

“Düşmənə ilk zərbəni vurmaq onun iradəsini sındırmaqdır. Onda qələbə yarı qazanılıb deməkdir.”— Georgi Jukov
1-ci Ordu Korpusu bütün qüvvələri ilə Tap Qaraqoyunlu – Suqovuşan yaşayış məntəqəsi istiqamətində hücuma keçmişdi. Talış kəndi istiqamətində düşmənin müdafiə xətti yarılmış, hücum düşmənin müdafiəsinin dərinliyinə genişlənməyə başlamışdı. Döyüşlər getdikcə şiddətlənir, düşmən canını dişinə tutaraq mövqelərini qorumağa çalışırdı.
Eyni zamanda, Həsənqaya – Suqovuşan istiqamətində də ağır döyüşlər gedirdi. Düşmən 530 yüksəkliyindən başlayaraq Gödəkburun silsiləsi boyu və Ağdərə yaşayış məntəqəsinin cənub kənarında olan “Qlobus” yüksəkliyindən geniş əməliyyat zonasını həm müşahidə, həm də atəş altında saxlamaq imkanı əldə etmişdi. Bu yüksəkliklər onların ən güclü silahına çevrilmişdi — az qala hərəkət edən hər hədəfi anında aşkar edib məhv edirdilər. Tərtər rayon mərkəzi, Tərtər–Bərdə, Tərtər–Goranboy, Tərtər–Ağdam yolları, döyüş bölgəsində irəliləyən qoşunlarımız — hər şey düşmənin ölüm saçan baxışları və mərmiləri altında idi.

Mənim üçün xüsusi önəm daşıyan 703-cü motoatıcı briqada da məhz bu istiqamətdə döyüşürdü. 1993-cü ildən 2000-ci ilə qədər, Xüsusi Təyinatlı Qüvvələrə təyin olunana qədər, həmin briqadada tağım komandirindən tabor komandirinədək xidmət etmişdim. Ərazini qarış-qarış tanıyırdım.
703-cü briqadanın tapşırığı 530 yüksəkliyini düşməndən təmizləmək, sonradan hücumu Ağdərə istiqamətində davam etdirmək idi.
Bu briqada mənim üçün sadəcə bir hərbi hissə deyildi — o, doğma torpağımın müdafiə qalası idi.

1-ci Korpusun komandiri, general-mayor Hikmət Həsənov Komanda Məntəqəsində mənə xəritə üzərində gələcək döyüşün necə planlandığını izah etmişdi. Əslində, bu artıq rəsmi döyüş tapşırığı idi. Baxışlarından və səsindəki tonundan məsələnin nə qədər ciddi olduğunu anlamaq çətin deyildi.
— Qardaş, 530 yüksəkliyi mütləq götürülməlidir! Artilleriya dəstəyin olacaq. Amma hələlik Bayraktarı o istiqamətə yönləndirə bilmirəm. Talışda vəziyyət gərgindir, düşmən ciddi müqavimət göstərir.
Düşünmədən cavab verdim:

— Mənə hər şey aydındır. Amma icazə verirsənsə, birbaşa hücuma keçmək əvəzinə, Tərtər çayının yatağından istifadə edib kəşfiyyatçılarla düşmənin arxasına sızaq. 530-u bu üsulla alsaq, sonrası daha asan olacaq.
Hikmət Həsənov bir anlıq düşündü, sonra gözlərini xəritədən qaldıraraq dedi:
— Sən oranı məndən yaxşı bilirsən, qardaş. Necə hesab edirsən, elə də et. Mənə nəticə lazımdır!
Tapşırıq artıq dəqiq idi. Döyüş xəritəsini və lazımi sənədləri götürərək Tərtər istiqamətinə yola düşdüm. Qarşıda bizi ağır, lakin qaçılmaz bir döyüş gözləyirdi…
Atəş altında olan Tərtər rayon mərkəzinə çatdığımda düşmənin mərmiləri yağış kimi yağırdı. Amma Tərtər camaatı demək olar ki, hamısı öz evində idi. Onlar birinci Qarabağ müharibəsində necə qəhrəmanlıqla yurdlarını tərk etməmişdilərsə, indi də buradaydılar — savaşın bir addımlığında, ölümün kölgəsində, amma yenə də doğma ocaqlarından ayrılmadan. Elə bil təkcə evlərinə yox, bütün cəbhəyə sahib çıxırdılar. Döyüş bölgəsinə gedən hərbçilərə baxışlarında qorxu yox idi — dəstək, inam və sonsuz güvən vardı.
O baxışlar bizə deyirdi: “Biz sizinləyik!”

Tərtərdən Həsənqaya istiqamətinə avtomobillə hərəkət etmək mümkünsüz idi. Yol, düşmənin amansız artilleriya atəşi altında, tam bir ölüm tələsinə çevrilmişdi. Mənə verilmiş iki əsgər və bir rabitəçi ilə birlikdə, mərmi yağışı altında Tərtər çayının sağ sahili boyunca irəliləyirdik. Məqsədimiz qəbiristanlığın yaxınlığındakı bir təpənin yamacında qurulmuş komanda məntəqəsinə çatmaq idi.

Mərmilərin fit səsi havanı yarırdı. Hansının hara düşəcəyini təxmin etmək mümkün deyildi. Ətrafda partlayan mərmilərin açdığı dərin çuxurlardan sipər kimi istifadə edərək irəliləməyə çalışırdıq. Eyni zamanda ümid edirdik ki, bir dəfə vurulmuş yerə yenidən mərmi düşməz. Amma bu, acı bir yanılma idi…

Birdən qulaqbatıran bir uğultu eşidildi, ardınca yanımıza düşən mərmi bizi hər tərəfə sovurdu. Havada asılı qaldığımı, ayaqlarımın yerdən üzüldüyünü hiss etdim. Sanki görünməz bir əl məni qoparıb uzağa tulladı. Sonra sərt şəkildə yerə çırpıldım. Bir anlıq bütün bədənim torpağa qarışdı, nəfəsim kəsildi.
Ayağa qalxmağa çalışdım, amma dizlərim titrədi, yenidən yerə yıxıldım. Əsgərlərimi axtardım — hər biri bir neçə metr aralıda idi, çətinliklə ayağa qalxmağa çalışırdılar. Özümü toparlayıb onlara tərəf qaçdım, hər birini yoxladım. Rabitəçinin burnu qanasa da, ciddi xəsarət almamışdıq.
Vaxt itirmək olmazdı. Yenidən ölümün içindən keçməli idik. Çətinliklə hərəkət etsək də, sürətlə komanda məntəqəsinə doğru qaçmağa başladıq. Bir neçə dəqiqə sonra nəhayət ora çatdıq.
Komanda məntəqəsi döyüş xəttindən cəmi 500 metr arxada, bir təpənin zirvəsində yerləşirdi. Dərin qazılmış və beton dirəklərlə möhkəmləndirilmişdi. Buradan həm düşmənin, həm də öz qoşunlarımızın hərəkəti aydın görünürdü. Briqada komandanlığı döyüşü məhz buradan idarə edirdi.
Məni briqada komandiri vəzifəsinə yenicə təyin edilmiş polkovnik İdris Məhərrəmov qarşıladı. Məntəqəyə çatar-çatmaz hiss etdim ki, mənim niyə gəldiyimi artıq bilir. Korpus komandirindən göstəriş almışdı. Vəziyyəti izah etməyə başladı:
— Cənab polkovnik, düşmən bütün hərəkətimizi izləyir. Göyarx istiqamətində irəliləyən texnikalarımız tamamilə vurulub. Çox az sayda şəxsi heyətimiz ön xəttin arxasında, kanal boyu mövqe tutub. Əlavə qüvvələr də yoldadır, amma bilirsiniz ki, birbaşa 530-a hücum etsək, onları tamamilə məhv edəcəklər…
Elə bu an əməliyyat zabitlərindən biri həyəcanla qışqırdı:

— İki KamAZ sol tərəfdən — Şıxarx–Göyarx istiqamətindən cəbhəyə doğru irəliləyir!
Damarlarımdakı qan dondu. Bu, açıq-aşkar düşmən üçün yem idi! Kim onlara düşmənin açıq şəkildə müşahidə etdiyi yolla hərəkət etmək əmri vermişdi?
Dərhal geri qayıtmaları üçün göstəriş verdim. Lakin gec idi… Onlar o qədər sürətlə irəliləyirdilər ki, əmr onlara çatanadək artıq kanalın içinə düşmüş olacaqdılar. Amma… ora çata bilsəydilər. Avtomobillərin hər birində ən azı otuz nəfər vardı.
Düşmən fürsəti əldən vermədi. “Qlobus” yüksəkliyindən snayper dəqiqliyi toplardan düzünə tuşlama ilə və minatanlarla mərmilər yağdırmağa başladılar.
Birdən irəlidəki KamAZ-ın qarşısına və ətrafına bir neçə mərmi eyni anda düşdü. Hər şey anidən sükuta büründü… Mən artıq avtomobilin vurulduğunu düşündüm. Nə deyəcəyimi, nə edəcəyimi bilmədən başımı aşağı saldım… Hamı nəfəsini tutmuşdu.

Və o an!
Kimsə birdən qışqırdı:

— Cənab polkovnik, çıxdılar!
Top mərmilərinin yaratdığı tüstü və toz buludunun içindən avtomobillər bir ox kimi süzülərək irəli atıldılar! Sevincdən ürəyim partlayacaq kimi idi. Baxışlarımda, qiyabi də olsa, o cəsur sürücüləri və əsgərləri bağrıma basır, alınlarından öpürdüm… Onlar ölümü yarıb keçmişdilər!
Bu, sadəcə bir döyüş səhnəsi deyildi. Bu, həyatla ölüm arasındakı incə xəttin, iradənin, cəsarətin və əsl əsgər ruhunun qalib gəldiyi an idi.
Bir neçə saniyə sonra hər iki avtomobil sağ-salamat kanala düşərək düşmənin ölümcül atəşindən çıxmağı bacardı.
Hər kəs sevinc içində qışqırırdı. O igidlər — ölümün içindən sağ çıxan o əsgərlər — möcüzə yaratmışdılar!

530 yüksəkliyinə aparan gizli yol – kəşfiyyatçıların tapşırığı

“Kəşfiyyatsız qələbə yoxdur. Düşmənin gücünü, niyyətini və zəif nöqtəsini bilmədən döyüşə girmək axmaqlıqdır.” – Sun Tzu
Əməliyyat bölgəsi Tərtər rayon mərkəzindən 12 km qərbdə, Tərtər çayının sağ sahilində yerləşən Həsənqaya və Göyarx yaşayış məntəqələrini, eləcə də çay vadisindəki Çaylı və Suqovuşan kəndlərini əhatə edirdi.
Bütün yüksəkliklər Birinci Qarabağ müharibəsindən bəri düşmənin nəzarətində olduğundan, onlar həm müşahidə, həm də atəş üstünlüyünə malik idilər: hər tərəfi görür, istənilən hərəkəti dərhal atəş altında saxlaya bilirdilər. Torpaqlarımız işğalda olduğu müddətdə müəyyən mövqelərimizi irəli çəksək də, heç vaxt düşməndən daha yüksəkdə olmamışdıq. İndi isə düşmən bu üstünlüyündən məharətlə istifadə edərək bütün ərazini demək olar ki, snayper dəqiqliyi ilə nəzarətdə və atəş altında saxlayırdı.
Artilleriya və digər atəş vasitələrimiz onların mövqelərini fasiləsiz vururdu, lakin geri çəkilmək niyyətləri yox idi. Düşmən bir neçə eşalondan və bir-birini tamamlayan müdafiə hədlərindən ibarət xəttin hər qarışı uğrunda inadla döyüşürdü.
Belə möhkəmləndirilmiş mövqelər qarşısında bölmələri açıq ərazidən hücuma yeritmək, onları ön xəttə çatmamış məhv etmək demək idi. Açıq hücum intihara bərabər olardı. Burada fərqli, gözlənilməz və hiyləgər plan lazım idi.
Polkovnik İdris Məhərrəmov komanda məntəqəsinin Suqovuşan istiqamətinə baxan mazğalından göstərərək məruzəyə başladı:
— Cənab polkovnik, Göyarxın şərqindəki düşmən mövqeləri ələ keçirilib, lakin düşmən 530.0 daxil Gödəkburun silsiləsindəki yüksəkliklərindəki ikinci eşalona çəkilərək əvvəlcədən hazırlanmış mövqelərdə ciddi müqavimət göstərir.
Bu xəttin ələ keçirilməsi və hücumun Ağdərəyə doğru davamı üçün briqadanın ehtiyatından bir hissə şəxsi heyəti irəlidəki taborlara cəlb etmək barədə göstəriş vermişəm. Az əvvəl hərəkət edən avtomobillərdə həmin şəxsi heyət var idi. Tabor komandiri bölməsini hücuma hazırlayır; az sonra məruzə edəcək. Əlavə göstərişiniz varsa, buyurun.
Onu sakitcə dinlədim. Mən əvvəldən də düşmənin yüksəkliklərdə, üstəlik əvvəlcədən möhkəmləndirilmiş mövqelərinə aşağıdan yuxarı hücumun qəti əleyhinə idim. Belə addım ağır itkilərə gətirərdi və bu, təkcə fiziki itkilərlə bitməzdi: ən təhlükəlisi, komandirlər və şəxsi heyət ruhdan düşə bilərdi. Ancaq çıxış yolu tapmaq lazım idi — ruh düşkünlüyünə yol vermədən, ən əsası az itki ilə düşmənin əsas mövqelərini ələ keçirməli idik.

— İdris, kəşfiyyatçılardan kimlər qalıb? Onları bura çağıra bilərsən?
Polkovnikin üzündən kədər keçdi:
— Cənab polkovnik, kəşfiyyatçılarımızın çoxu şəhid olub. Sağ qalanlar isə çayın kənarında, əmr gözləyirlər.
— Gedək, onlarla görüşək.

On beş dəqiqə sonra Tərtər çayının kənarında idik. Qarşımızda döyüşün ilk gününün ölüm-qalım mübarizəsindən sağ çıxmış 10–15 nəfər kəşfiyyatçı dayanmışdı. Üzlərində yorğunluq və yuxusuzluq açıq görünürdü, lakin gözlərindəki alov sönməmişdi. Bizi görəndə bir anlıq dikəldilər, silah və təchizatlarını düzəldib irəli gəldilər.
Hər biri ilə tək-tək görüşdüm. Onların çoxunu əvvəllər tanıyırdım: bəzilərinə komandirlik etmiş, bəziləri ilə eyni birlikdə xidmət etmişdik.
— Uşaqlar, məqsədim aydındır: bu müharibədə klassik üsulla döyüşmək mümkün deyil. Düşmən bizi gözlədiyi yerdə vuracaq. Biz isə onu gözləmədiyi yerdə vurmalıyıq — sizin köməyinizlə.
Sözlərimi sakit, amma qətiyyətlə dedim:
— Elə etməliyik ki, düşmən elə bilsin, yenə Həsənqayadan 530.0-a birbaşa hücum edirik. Siz isə gizli şəkildə çayın sağ sahili ilə Suqovuşana doğru sızıb düşməni arxadan vurmalısınız.
Oturub planı xırdalamağa başladıq. Tabor komandirini də çağırtdırdım. O gələnə qədər xəritə üzərində tapşırığı işləyib, torpaq üzərində kiçik maket düzəltdik. Hər kəs diqqətlə qulaq asır, bütün detalları yadda saxlayırdı. Onlar üçün də, ümumilikdə hamımız üçün də burada hər detal həyat məsələsi idi.
Hazırlıq tamamlandıqdan sonra komanda məntəqəsinə qayıtdım və korpus komandirinə zəng etdim. Planı qısa şəkildə məruzə edib artilleriya və “Bayraktar” dəstəyi istədim. O, planla razılaşdı, amma səsində narahatlıq hiss olunurdu:
— Qardaş, “Bayraktar” hələ bizim istiqamətdə deyil. Yalan yerə söz verməyim. Amma olan kimi göndərəcəyəm. Uşaqlara mənim adımdan təşəkkürümü çatdır, hər birinin gözlərindən öpürəm.
— Oldu, cənab general. Hər hansı dəyişiklik olsa, dərhal məruzə edəcəyəm.
Kəşfiyyatçıların komandirinə korpus komandirinin sözlərini çatdırdım və son hazırlıqlar üçün əlavə bir saat vaxt verdim.
Gecə düşən kimi fəaliyyətə başlayacaqdıq…

Ardı var…

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 06 окт 2025, 02:00
smersh70
Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir 44 günlük Vətən Müharibəsində keçdiyi döyüş yolu ilə bağlı xatirələrini bölüşüb.
Globalinfo.az bizim.media-ya istinadən generalın “44 günlük zəfər yolu: Generalın döyüş qeydləri” sərlövhəli xatirələr silsiləsindən növbəti hissəni təqdim edir:

BİRLİKDƏ DÖYÜŞƏCƏYİK

“Kim döyüşdən qorxursa, qoy evinə qayıtsın. Mənimlə ancaq qələbəyə inananlar yola çıxacaq.” — Makedoniyalı İsgəndər
Ali Hərbi Komandirlər Məktəbində taktikanı öyrəndiyimiz ilk günlərdə istifadə edilən çoxsaylı hərbi terminləri anlamaqda çətinlik çəkirdik. Bunlardan biri də “döyüş gününün sonu” termini idi. İlk baxışda bu ifadənin gecə saat 24:00-da bitdiyini düşünürdük, amma sonradan müəllimlərimiz bizə izah etdilər: hərbi dildə “günün sonu” günəşin batması, alaqaranlığın düşməsi ilə qoşunlar üçün o gün üçün döyüşün aktiv fazasının bitdiyi demək idi.
Döyüş gününün sonu başlayanda gecə boyunca artilleriya bölmələri öncədən təyin edilmiş planlı hədəflərə ara-sıra yorucu atəş açır, digər qoşunlar isə döyüşün intensivliyini azaldır, tutduqları mövqeləri möhkəmləndirir, sursatlarını tamamlayır, şəxsi heyətin qida və təminat işlərini yerinə yetirir, sabahkı hücum və ya müdafiə üçün qoşunların yerdəyişməsini həyata keçirirdilər. Bu, sanki rinqdə döyüşən iki boksçunun ağır zərbələrdən sonra hərəsinin öz küncünə çəkilib dərin bir nəfəs almasına, məşqçisindən son göstərişlər alıb növbəti raunda daha güclü başlamağa hazırlaşmasına oxşayırdı.
Lakin bu fasilə düşmənə də imkan verirdi: o da həmin vaxtdan istifadə edib ehtiyat qüvvələrini irəli çəkir, səngərlərini daha da möhkəmləndirir, yeni müşahidə məntəqələri, gizli postlar və mina sahələri qururdu.
Sabah biz onu indi olduğundan daha güclü, daha dözümlü və daha çox qüvvə ilə müdafiə olunan vəziyyətdə tapacaqdıq.

Nəcməddin Sadıkov isə ordunu hələ də köhnə taktika ilə idarə edirdi — vaxtın və şəraitin tələb etdiyi çeviklikdən çox, köhnə qaydaların, tanış şablonların üzərində dayanırdı. Gözlənildiyi kimi, saat 28 sentyabr saat 20:00-dan etibarən atəş səsləri səngiməyə başladı. Fəaliyyətə başlamaq üçün korpus komandirindən əmri gözləyirdik; çünki kəşfiyyat məlumatı olmadan, düşmənin harada nə etdiyini bilmədən hərəkət etmək olmazdı. Mən səbrsizlik edərək korpus komandirinə zəng etdim.

— Eşidirəm, qardaş. Deyəsən, səbrin çatmır. Həmin istiqamətə düşmən çox sayda qüvvə gətirir. Ola bilsin, başqa istiqamətə yönəldərlər; amma əgər ora gələcəklərsə, planı dəyişəcəyik. Səbrli ol, mən sənə deyəcəyəm.

— Oldu, — deyib 530 yüksəklik istiqamətinə baxdım. Görəsən, düşmən orada nə iş görürdü? Bizim niyyətimizi anlaya bilərdimi?
Düşmən iyirmi beş il ərzində demək olar ki, dayanmadan işləyib, ərazinin təbii üstünlüklərindən ustalıqla yararlanaraq hər təpəni, hər qayalığı, hər daşı möhkəmləndirilmiş müdafiə xəttinə çevirmişdi: çoxpilləli səngərlər qazmış, gizli müşahidə və atəş məntəqələri qurmuş, yolları və ara boşluqlarını minalarla və süni maneələrlə doldurmuşdu.
Piyada və tank əleyhinə istehkamlarla hər bucaq bağlanmış, hər yer alınmaz bir qalaya çevrilmişdi. Gecə düşdükcə bu qalalar daha da görünməz, daha da sarsıdıcı bir təsirə bürünürdü. Biz bilirdik ki, sabah onlara hücum edəndə sadəcə güllə və mərmi ilə deyil — illərin hazırlığı ilə, dərin xəndəklərlə, minalarla, geridə pusquda gözləyən ehtiyat qüvvələrlə və möhkəm dirənişlə üz-üzə gələcəyik.
Saat 23:00 radələrində korpus komandiri əməliyyatın hələlik ləğv edildiyini, ancaq hər an tapşırıq ala biləcəyimizi bildirdi. Gözləməkdən başqa çarəm yox idi.

29 sentyabr 2020-ci ilin ilk saniyələri döyüş meydanında ömrümüzə daxil olurdu. Gecə olmasına baxmayaraq düşmən artilleriyası dayanmadan işləyir, mərmilər sağımıza-solumuza düşürdü. Düşmən döyüşün intensivliyinin azalmasından məharətlə istifadə edirdi. Mən isə buraya sakit oturmaq üçün gəlməmişdim. Hər an döyüşməli, bizə verilən tarixi şansı dəyərləndirib düşməni torpaqlarımızdan qovmalı idik.
Bu düşüncələr içində yenidən bütün bildiyim nömrələrə zəng edərək XTQ-dən kiminləsə əlaqə qurmağa çalışdım. Xüsusi Təyinatlı Qüvvələrdə olan silahdaşlarım orada idi və mən də onların yanında, çiyin-çiyinə döyüşərək ya torpaqlarımızı azad etmək, ya da bu yolda şəhid olmaq istəyirdim. Hər uğursuz cəhd məni daha da qəzəbləndirirdi. Nəhayət, polkovnik-leytenant Nəsibov Rəsulun telefonu cavab verdi.
— Hardasan?! — səbrsiz və həyəcanla soruşdum. Dəfələrlə düşmən arxasında xüsusi əməliyyatlarda bir yerdə döyüşdüyüm, bir döyüşçü kimi yetişdiyim və illərlə ailəm kimi gördüyüm, komandanlıq etdiyim silahdaşlarıma çatmaq üçün səbirsizlənirdim.
— Horadizə çatmışıq indi, komanda məntəqəsinə, — dedi. Səsinin arxasında səslər və qarışıqlıq hiss olunurdu. Orada vəziyyətin necə gərgin olduğunu təsəvvür edə bilirdim.
— Komandan hardadır? — deyə soruşdum. Sualım təkcə məlumat almaq üçün deyildi. Komandana birbaşa müraciət etməliydim.
— Yanımdadı, amma…
— Tez telefonu komandana ver! — səbrim tükənirdi. Komandanın mənimlə birgə döyüşmək istəyib-istəməyəcəyini bilməliydim.
Komandan telefonu götürən kimi, qətiyyətlə səsləndim:
— Mən Tərtər istiqamətindəyəm! Bu, bəlkə də son döyüşümüzdür! Mən döyüşməyə və şəhid olmağa gəlmişəm! Burada da qala bilərəm, sizinlə də ola bilərəm!
Həm mənim ətrafımda, həm də komandanın səsinin arxasında, telefonun dərinliklərindən top atəşlərinin uğultusu eşidilirdi. Düşmən mərmiləri yaxınlıqda torpağa çırpıldıqca yer titrəyirdi. Bu mərmilərin mənə dəyə biləcəyindən yox, komandanın verəcəyi cavabın həyəcanından ürəyim sinəmdən çıxacaq kimi döyünürdü; bəlkə də saniyənin mində biri qədər bir vaxt mənə əsrlər kimi uzun gəlirdi.
O, düşünmədən, səsində əmr və qətiyyət dolu bir tonla cavab verdi:
— Əlbəttə, dərhal bura gəl! Birlikdə döyüşəcəyik!
Bu sözlər məni bir anlıq rahatlatdı. Daha tərəddüd yox idi, yolum bəlli idi — ölümə, ya da qələbəyə doğru!
– Oldu- deyib telefonu söndürdüm.
Mən korpus komandiri, general-mayor Hikmət Həsənova XTQ komandanı ilə danışdığımı və onlara qoşulmalı olduğumu dedim. O, mənə uğurlar arzulayaraq təşəkkürünü bildirdi. Kəşfiyyatçılarla tək-tək qucaqlayaraq onlara uğurlar arzulıadım. Müharibədən sonar sağ qalaramsa mütləq görüşəcəyimizi bildirdim.

29 sentyabr gecə saat 01:00 idi və daha gözləməyə vaxt yox idi! Briqada komandirinin UAZ markalı avtomobili ilə işıqlarını yandırmadan çətinliklə də olsa Tərtərə gəldim və oradan öz avtomobilimlə Horadizə doğru yola düşdüm!
Tərtər rayon mərkəzi və bütün yollar düşmən tərəfindən amansızcasına atəşə tutulurdu. Gün ərzində, bəlkə də, iki mindən çox mərmi yağdırılmışdı. Hər yer titrəyirdi! Birinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşən Tərtər indi də əzmlə müqavimət göstərirdi!
Tərtərdən “Ağdam dördyolu”na çıxmalı, oradan isə Füzuli istiqamətində irəliləməli idim. Amma Nərimanabad kəndindən keçən zaman sanki cəhənnəmin içində idim! Düşmən Seysulan kəndinin yaxınlığında olan postlarından bu yolu atəş altında saxlayırdı. Məndən başqa yolda heç kim yox idi.
Məcburən maşının işığını yandırmışdım və düşmən maqistral yolla maşının getdiyini görərək atəş açırdı. Bütün yolların dəqiq kordinatı və 120 mm minatanların, topların bu istiqamətlərə tuşlama hesabatları olduğundan asanlıqla gecə hərəkət edən bütün hədəflərə atəş aça bilirdilər. Düşmənlə ara məsafəsi təxminən beş kilometr idi. Hər tərəfə mərmilər yağır, partlayışların işıqları ətrafı gündüz kimi işıqlandırırdı. Qəlpələr maşının yanından vıyıltı ilə keçirdi! İçimdə bir tək fikir vardı: “Burada döyüşmədən ölmək istəmirəm!“
Maşını yolun əks tərəfində dərəyə salıb atəşin səngiməsini gözlədim. Düşmən bəlkə də artıq məni vurduqlarını düşünürdü. Bir anlıq səssizlik çökdü. Elə bu an idi! Qazı basdım! Maşın gurultu ilə yerindən götürüldü! Tərtər–Köçərli yoluna çıxıb Horadizə doğru sürətilə irəlilədim.
Ağcabədi rayon mərkəzini keçdikdən sonra müharibənin barıt qoxusu verən nəfəsi hiss olunmağa başladı.
Sanki hava belə dəyişmişdi — ağır, sıx və qorxunc. Səssizliyin içindəki gurultular hər an yaxınlaşırdı. Ordumuzun uzaqvuran raket-artilleriya qoşunlarının topları Ağgöl qoruğunun ətrafında yerləşmişdi və bir-birinin ardınca yaylım atəşi açırdı. Mərmilər başımın üzərindən uğultu ilə keçib Xocavənd və Füzuli istiqamətinə doğru uçurdu. Yaxın-uzaq partlayış səsləri bir-birinə qarışaraq sanki yerin damarlarını qoparıb səmanı titrədirdi.
Bu ərazilər mənim üçün beş barmağım kimi tanış idi. Bu bölgənin hər qarışı, hər təpəsi yaddaşıma hopmuşdu.
Füzuli rayonunun Bala Bəhmənli kəndindəki məşhur “dörd yol” qovşağını keçərkən qarşıdan gələn hərbi və mülki təcili tibbi yardım avtomobillərinin vahiməli sirenaları gecənin qaranlığında qulaq yırtan bir faryad kimi səslənirdi.
Döyüşün ilk günləri ən çətin, ən ağır günlər idi. Otuz illik düşmən müdafiə xəttini yarmağa çalışan bir ordu üçün itkilər qaçınılmaz idi. Amma bu dəfə hər şey fərqli idi. Biz cəsarətlə, iradə ilə, qətiyyətlə hücuma keçmişdik. Nə olur olsun bu işğala son qoymalı, ata-baba torpaqlarımızı, qürurumuzu, namusumuzu, şərəfimizi, milli ruhumuzu geri qaytarmalı idik.
Xüsusi əməliyyatlar zamanı düşmən arxasında fəaliyyətimiz zamanı onların müdafiə xəttlərini necə mükəmməl qurduqlarını öz gözlərimlə görmüşdüm. Hər səngər, hər məntəqə, hər sədd, hər müdafiə rayonu illərlə hazırlanmış, sanki yerin damarlarına hopdurulmuşdu. Belə möhkəmləndirilmiş müdafiə həddlərini aşmaq — qan, can və qəhrəmanlıq bahasına başa gələcəkdi.
Bir komandir olaraq bilirdim: düşmənin müdafiə xəttini yarmağa cəhd etdiyin, hətta hazırlaşdığın andan etibarən, düşmən sənin niyyətini anlamağa və səni dayandırmağa çalışacaq.
Ona görədə hər bir əməliyyatın hazırlığı məxfi saxlanmalı, qoşunlar səssiz və maskalanmış şəkildə təyinat rayonlarında və həddlərdə yerləşdirilməli, bu zaman düşmənin bütün növ atəşindən qorunmalı idi.
Hücum edən qoşunların gücü düşmənə nisbətən ən azı üç, yarma bölgəsində isə beş dəfədən çox olmalı idi. Əsas məsələ düşmənin müdafiəsində ən zəif yeri tapmaq, bütün güc və vasitələri həmin istiqamətə cəmləmək, düşmənin müdafiəsini həmin yerdən yararaq hücumu cinahlara və dərinliyə genişləndirməli idik. Düşmən isə bunu bilirdi və öz kəşfiyyat vasitələri ilə bütün fəaliyyətimizi müəyyən etməyə çalışırdı.

Əvvəlcə düşmən səni dinləyir. Hərbçilər bunu yaxşı bilirdilər və döyüşdən əvvəl radio-rabitədən mümkün olduqca istifadə etmirdlər. Əlaqələr çox vaxt əvvəlcədən çəkilmiş kabelli telefon xətləri vasitəsilə təmin edilirdi.
Düşmənin əsas kəşfiyyat üsullarından biri isə cəbhə bölgəsinə yaxın yaşayan mülki əhalinin mobil telefonlarını dinləmək idi. Onlar hər kəsi dinləmirdilər — boşboğazlıq edən, düşünmədən danışanları seçirdilər. Belələri bilmədən düşmənin ən təhlükəli silahına çevrilir, Vətənə və xalqına xəyanət edirdilər. Bu xəyanətin bədəli isə bizim zabit və əsgərlərimizin canı olurdu.

Müharibənin ilk günlərində Azərbaycan Prezidentinin informasiya təhlükəsizliyi ilə bağlı sərəncamı nəticəsində bir çox sosial şəbəkələrə giriş bağlanmışdı. Məqsəd — düşmənin informasiya əldə etməsinin qarşısını almaq, məxfiliyi qorumaq idi.

Amma bir çoxları, hətta bəzi hərbçilər də qanunsuz yolla VPN-lərdən istifadə edərək, düşmənin istədiyi məlumatları bilmədən yaymaqda davam edirdilər. Çünki bəzi hərbçilərimiz özləri haqqında ucuz qəhrəman obrazı yaratmaq üçün hətta utanıb-çəkinmədən tamaşa quraraq (əlində cırıq krasovka tutmaqla, düşmənin əşya kisəsinin içini eşməklə, tüstü şaşkası istifədə edərək və çəkilişin üstünə səs effekti əlavə edərək guya top mərmisinin yanına düşdüyünü göstərməklə və sairə) belə qanunsuz çəkilişlər edib yaymış, bunun nəticəsində bölmələrimiz düşmən atəşi altına düşmüş, şəhid və yaralı vermişdik.

Çox təssüf ki, xalqımızın bəzi savadsız qismidə buna unanırdılar.Bu məsələyə bir daha, sonrakı günlərdə daha detallı toxunacağam.
Düşmənin ikinci üsulu ənənəvi izləmə və müşahidə idi — ön xətdə dayanmış əsgərlərindən tutmuş, dron və digər pilotsuz uçuş aparatlarına qədər bütün vasitələrlə bizi izləyirdilər.
Üçüncü üsul isə daha təhlükəli idi — düşmən kəşfiyyat qruplarını bizim cəbhə xəttinə göndərərək məlumat toplamağa çalışacaqdılar. Fürsət tapdıqda hərbi və ya mülki şəxsləri əsir götürüb dindirmək istəyəcək, zəif nöqtələrimizi aşkara çıxarmaq üçün hər cür üsula əl atacaqdılar.
Bu şəraitdə hücuma başlayan qoşunlarımız əvvəlcə öz qurduqları istehkam maneələrini, minalanmış sahələri keçməli idilər. Və bunu hücum siqnalı verilən anda aviasiya, artilleriya və digər atəş vasitələri düşmənin bütün dayaq məntəqələrinə, atəş mövqelərinə və hərbi obyektlərinə zərbə endirdiyi, onu baş qaldıra bilməyəcək vəziyyətə saldığı anda etməliydilər. Bu, adətən 30–40 dəqiqə davam edirdi — daha uzun müddət atəş açmaq mərmi israfına səbəb ola bilərdi. Çünki müharibədə hər bir mərminin hesabatı aparılırdı.
Keçidlərin açılması və maneələrin aşılması bizim qəhrəman istehkamçılarımızın üzərinə düşürdü. Onlar həm düşmənin, həm də bizim atəşimiz altında irəliləyərək mina sahələrindən keçidlər, cığırlar açmalı idilər. Tankların və digər zirehli texnikaların keçə biləcəyi ölçüdə keçid açmaq üçün bəzən daha çox vaxt lazım olurdu. Bu, yalnız istehkamçılarımızın cəsarəti və fədakarlığı ilə mümkün idi.
Bir komandir və düşmən arxasında keçirilmiş çox saylı xüsusi əməliyyatların iştirakçısı olaraq, istehkamçıların xidmətinə hər zaman dərin hörmətlə yanaşmışam. Xidmətim dövründə qorxaq istehkamçı görmədim. Onların hər biri igid, qorxmaz və əsl qəhrəman idi. Polkovnik Rəhim Əliyev, mayor Telman Miriyev və gizir Pəncəli Teymurovun adlarını həmişə ehtiramla xatırlayıram. İndi də müharibənin ən çətin tapşırığı onların – istehkamçıların üzərinə düşmüşdü.

Bu detalları təsvir etməklə ordumuzun düşmənin ön xəttini yararaq irəliləməsi nə qədər ağır, nə qədər qanlı və fədakar bir mübarizə hesabına başa gəldiyini təsəvvür etməyinizi istəyirəm. Hər qarış torpaq, hər bir qələbə — şəhidlərimizin canı və əsgərlərimizin qətiyyəti ilə qazanıldı.

Nəhayət 29 sentyabrın payız günəşinin ilk şəfəqləri Araz çayının vadisini bürüdükdə Horadiz qəsəbəsinə çatdım. Saatıma baxdım. Saat 06:25 idi. Avtomobili dərədə saxlayaraq piyada, qəsəbəyə gedən yolun sağ tərəfindəki yüksək bir təpənin üstündə yerləşən komanda məntəqəsinə hərəkətə başladım. Düşmən artıq ordunun buradan idarə edildiyini müəyyənləşdirmişdi və ərazini intensiv artilleriya atəşinə tuturdu. Hər yanda mərmilər partlayır, yer-göy sanki titrəyirdi. Hava yanıq barıt qoxusu ilə dolmuşdu.
Məni hamı tanıyırdı, bu səbəbdən komanda məntəqəsinə daxil olmaqda heç bir çətinlik çəkmədim

. Nazirliyin bütün döyüş idarəetmə məntəqələri buraya toplanmışdı və rəhbərliyi Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov həyata keçirirdi.
Yeraltı KM-ə daxil oldum, qapı ağzında dayanıb içəriyə boylandım. Nəcməddin Sadıkov ön tərəfdə qurulmuş ekranların qarşısında dayanaraq pilotsuz uçuş aparatlarının çəkilişlərini izləyirdi. Vaxtaşırı ətrafındakı zabitlərə sərt göstərişlər verir, kiminləsə rabitə vasitəsilə danışırdı.
Solda Kəlbəcər istiqamətindən yenicə gəlib Komanda Məntəqəsində yerləşməyə çalışan XTQ idarəetmə qrupu və XTQ komandanı, sağda isə artilleriya, kəşfiyyat və digər qoşun növlərinin nümayəndələri yerləşmişdi.

Mən XTQ komandanına əlimlə işarə edərək burada olduğumu bildirdim. O, dərhal çölə çıxıb mənimlə görüşdü.
— Nəcməddinə deyin, müharibə artıq başlayıb. Mən ondan vəzifə istəmirəm. Yalnız məni orduya qaytarsın. Hansı istiqamətdə vəziyyət çətindirsə, əsgər kimi olsa belə göndərsin. Razıyam, — dedim, səsimdə qətiyyət vardı.
O, bir anlıq susub düşündü:
— Doğrusu, bunu ona necə deyim, bilmirəm. Amma bir yolunu tapmalıyıq. Bilirsən, onun sənə münasibəti necədir, — dedi.
— Cənab Komandan, mən bura döyüşmək üçün gəlmişəm; Şəhid olmağa da hazıram. Ondan vəzifə istəmirəm, sadəcə öz silahdaşlarımla ön xətdə olmaq istəyirəm. Bunu ona izah edin, vəssalam.
O, başı ilə razılığını bildirdi. Elə bu zaman əməliyyat zabiti komandana yaxınlaşıb xəbər verdi:
— Cənab komandan, Mais Bərxudarovla Nəsimi Şadmanov düşmənin atəşi altına düşüblər.
Komandan qısa düşünərək mənə tərəf döndü:
— Zaur, tez ora gedib onları vəziyyətdən çıxara bilərsən?
— Əlbəttə, — dedim və dərhal yaxınlıqda dayanan XTQ-dən olan mayor Hüseynov Raufun silahını alaraq “Niva” markalı maşına tərəf qaçdım.
Birdən qolumdan tutan bir əl hiss etdim. Komandan idi:
— Gözlə. Sənin başına bir iş gəlsə, niyə orada olduğunu izah edə bilmərik. Əvvəl Nəcməddinə deyim sonra.

O, Komanda Məntəqəsinə daxil olub Nəcməddin Sadıkova yaxınlaşdı, əyilib onun qarşısındakı masaya söykənərək nəsə deməyə başladı. Nəciməddin başını aşağı salıb əsəbi şəkildə yırğalayırdı.

Bir neçə dəqiqədən sonra Hikmət Mirzəyev başını qaldırıb mənə tərəf baxdı və əllərini çarpazlayaraq mənə göstərdi. Bir anlıq bu işarənin Baş Qəraragah rəisinin razılıq verməməsi kimi başa düşdüm və qəti olaraq özbaşına ön xəttə getməyə qərar verdim. Əsəbi şəkildə Komanda Məntəqəsindən çıxmaq istədikdə Nəcməddin Sadıkovun sərt səslə:

— Polkovnik Mamedov! – deyə ucadan səsləndiyini eşitdim.

İlk anda onun məni çağıra biləcəyinə inanamadım. Ancaq hamının çevrilərək mənə tərəf baxdığını görəndə məni çağırırdığına əmin oldum. Hikmət Mirzəyevin göstərdiyi işarə yəni “ həll etdim” demək imiş. Dərhal içəri girib:

— Cənab Baş Qərargah rəisi, polkovnik Mamedov əmrinizlə gəldi! — dedim.

O, mənə tərəf dönüb rus dilində:

— Мамедов, тебе не следовало судится со мной в суде. Хикмет передал твои слова и попросил меня вернуть тебя. (Mamedov sən mənimlə məhkəmədə çəkişməli deyildin. Hikmət sənin sözlərini mənə çatdırdı və xahiş etdi səni qaytarım) :mrgreen:

Mən onunla mənə etdiyi haqsızlıqlar barədə polemikaya girməyə ehtiyac görmədim. Tək istəyim döyüşmək idi. Sakitcə dayandım.
— Воевать хочешь? (Döyüşmək istəyirsən?) — istehza ilə soruşdu.
— Bəli, — qətiyyətlə cavab verdim.

— Я не дам тебе офицерской должности. Думаешь, ты полковник, и будешь сидеть тут у меня рядом? Нет. Отдам тебя в распоряжение Хикмата — будешь на передовой как простой солдат. Ясно? (Səni zabit kimi vəzifəyə verməyəcəyəm. Elə bilirsən, polkovniksən deyə burada, yanımda oturacaqsan? Xeyr. Səni Hikmətin sərəncamına verəcəyəm; adi bir əsgər kimi ön xətdə döyüşəcəksən. Aydındır?)

— Oldu.
— Какой олду (Nə oldu !) — kinayə ilə mənə baxaraq dedi. — Садись и пиши: я готов воевать как рядовой и в случае чего отказываюсь от всех офицерских привилегий. (Otur yaz. Yaz ki, əsgər kimi döyüşməyə hazıram və başıma bir iş gəlsə, zabit kimi bütün imtiyazlardan imtina edirəm.)
— Oldu, — dedim və rütbələrimi çıxarıb önünə qoydum.
O, bir anlıq əsəbi baxışlarla altdan yuxarı məni süzdü, başını yelləyib oturduğu kreslonu fırladaraq kadrlar idarəsinin rəisi, general-mayor Elçin Xəlilova döndü:
— Возьми его рапорт как я сказал. (Mən dediyim kimi onun raportunu al.)
Sonra XTQ komandanı, general-mayor Hikmət Mirzəyevə sərt şəkildə dedi:

— Отправь его в одну из боевых групп и ни на какую должность не назначай. Понял? (Onu döyüşən qrupların birinə verirsən və heç bir vəzifəyə də təyin etmirsən. Anladın?)
— Oldu, — Komandan cavab verdi və mənə baxdı. Onun baxışında “Sən özün istədin” mesajı açıq-aydın oxunurdu.
Mən oturub deyilən qaydada raport yazdım və onu kadrlar idarə rəisinə təqdim etdim.

Döyüşmək üçün icazə alandan sonra XTQ komandanına yaxınlaşıb Maisin və Nəsiminin atəş altına düşdükləri yerə getmək üçün icazə istədim. O, artıq Nəsimigilin vəziyyətdən çıxdığını bildirdi.
Məni xəritənin olduğu masaya gətirdi və o vaxta qədər həyata keçirilmiş əməliyyatlar, eləcə də növbəti planlar barədə məlumat verdi. Əməliyyat zabitləri mənim üçün xəritələr və digər ləvazimatlar hazırladılar. Komandan məni kənara çəkib dedi:

— Səni əsgər kimi versələr də, burada heç kim sənə əsgər kimi baxmayacaq. Sən müavinim kimi Ehtiyat Komanda Məntəqəsində birbaşa döyüşü idarə edəcəksən. Mən sənə əmri verən kimi EKM-ə keçərsən.

Düşmən arxasına keçmək üçün xüsusi bir qrup təşkil edildi və bir kvadrosikl (kvadrosikl — dörd təkərli, adətən açıq gövdəli və yüksək manevr qabiliyyətinə malik motorlu nəqliyyat vasitəsidir; müxtəlif ərazi şəraitlərində — palçıqda, qumda, dağlıq və meşəlik ərazilərdə rahat hərəkət üçün nəzərdə tutulur) ayrıldı. Cəbhə xəttini keçərək xüsusi təyinatlılara qoşulmaq üçün gecənin düşməsini gözləməli idik.
Qaranlığın düşməsilə kvadrosiklla ön xəttə doğru sürətlə irəliləməyə başladıq.
Gecə sanki bizi öz qaranlıq qanadları altına alaraq gizləməyə çalışırdı, lakin kvadrosiklin mühərrikinin gurultusu o qanadları yararaq gecənin sinəsini yarırdı. Hər tərəfi bürüyən qaranlıqda hər daş, hər kol canlı kimi görünürdü, amma biz bilirdik ki, biz heç nəyə fikir vermədən yalnız irəli — odun, barıtın və döyüşün içinə getməliyik.

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 12 окт 2025, 04:40
smersh70
smersh70 писал(а): ↑
06 окт 2025, 02:00
Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir 44 günlük Vətən Müharibəsində keçdiyi döyüş yolu ilə bağlı xatirələrini bölüşüb.

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 12 окт 2025, 04:59
smersh70
smersh70 писал(а): ↑
12 окт 2025, 04:40
Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir 44 günlük Vətən Müharibəsində keçdiyi döyüş yolu ilə bağlı xatirələrini bölüşüb.


“İKİ ÇAY ARASI”NDA DÖYÜŞ: HADRUT

Qələbə – əvvəl zəkada, sonra səngərdə qazanılır.” – Ulu öndər Heydər Əliyev

Xüsusi Təyinatlı Qüvvələr, onu dəstəkləyən aviasiya və raket-artilleriya hissələrinin dəstəyi ilə Cəbrayıl yaşayış məntəqəsi və onun ətrafındakı yüksəklikləri, eləcə də bəzi yaşayış məntəqələrini işğaldan azad etdikdən sonra cəbhə daha da genişləndi və Cəbrayıl–Zəngilan, Cəbrayıl–Qubadlı, Cəbrayıl-Füzuli istiqamətində Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatı üçün əlverişli şərait yarandı.
07 oktyabr 2020-ci il tarixdə Ali Baş Komandan İlham Əliyev tərəfindən “Füzuli əməliyyatı”nın keçirilməsinə və hücumun Hadrut qəsəbəsi istiqamətində genişləndirilməsinə göstəriş verildi.

Hadrut qəsəbəsinin əhəmiyyəti həm ərazi, həm də mənəvi baxımdan düşmənin ağırlıq mərkəzi sayılması və Şuşa, Xankəndi istiqamətində gedən yollara “açar” rolu oynaması idi.
Bu əməliyyatla Hadrut yaşayış məntəqəsi və onun ətrafındakı vacib yüksəkliklər, aşırımlar işğaldan azad edilərək Hadrut–Xocavənd, Hadrut–Füzuli, Hadrut–Şuşa istiqamətlərində hücumların davam etdirilməsinə əlverişli şərait yaranacaqdı.

07 oktyabr saat 13:00 radələrində Kənd Horadiz istiqamətində düşmənin cəbhəni yarıb təminat yolunu bağlamasına qarşı keçirilmiş əməliyyat 16:00-dək uğurla başa çatdığına görə artıq həmin gün saat 18:00-da, alaqaranlıq düşməklə Hadrut istiqamətində hərəkətə başlanmasına komanda aldım. XTQ-nin bütün birləşmələri və 2-ci birliyin 2-ci hərbi hissəsi, bir neçə artilleriya divizionu mənim tabeliyimə verilmişdi.

Ali Baş Komandanın əməliyyat zamanı xüsusi olaraq mülki və silahsız şəxslərə toxunulmaması, onların təhlükəsiz şəkildə əməliyyat bölgəsindən çıxarılmasının təmin edilməsi üçün “dəhliz”in verilməsini qəti olaraq tapşırdı.

Əməliyyat planına əsasən, xüsusi təyinatlılar düşmənlə təmasa girmədən, onların mövqelərinin ara boşluqlarından gizli şəkildə sızaraq Hadrut yaşayış məntəqəsinin qərb və cənub kənarındakı yüksəklikləri, Çinarlı, Daşdöşü, Günəşli kəndləri həddini, tutmalı idilər. Həmin hədd üzrə düşmən qüvvələri Hadrutun müdafiəsini təşkil edirdilər. Həmin yüksəkliklərdə düşmənlə eyni xətt üzrə mövqelənməli, 8 oktyabr günü boyu gündüz bütün əlaltı və təbii vasitılərdən istifadə edərək gizlənməli və gecə mövqeləri onları dəyişəcək piyada bölmələrə təhvil verərək qarşı yüksəklikləri, Ərgünəş dağı silsiləsini Qarakollu yaşayış məntəqəsinədək həddini tutmaqla Hadrut faktiki mühasirəyə almalı idi.

1760075128 33
1760075141 44
Gecə hər tərəfi tam ağuşuna aldıqdan sonra hərəkətə komanda verdim. Qaranlığın örtüyü altında bütün qruplar — onları idarə edən komandirləri, birləşmələrin taktiki komanda məntəqələri və XTQ-nin taktiki komanda məntəqəsi — mənim rəhbərliyimlə plan üzrə irəliləməyə başladı. Komanda məntəqələrinin avtomobil və zirehli texnikası Daşkəsən kəndinin ətrafında əvvəlcədən seçilmiş mövqelərdə saxlanıldı. Hadrutun işğaldan azad edilməsindən dərhal sonra komanda ilə müəyyən ediləcək yeni mövqelərə yerdəyişmə həyata keçiriləcəkdi.

Əməliyyat son dərəcə dəqiqlik və peşəkarlıq tələb edirdi. XTQ mənsubları bu tip əməliyyatlara hazır idi və dəfələrlə düşmən arxasında xüsusi əməliyyatlar keçirərək püxtələşmişdik.

Yarandığı 30 aprel 1999-cu ildən etibarən Xüsusi Təyinatlı Qüvvələr (XTQ) hər gün, hər saat erməni terrorçularının işğalı altındakı torpaqlarımızın azad edilməsinə hazırlaşmışdı. Bütün təlimlər işğal altındakı ərazilərə oxşar relyef və iqlim şəraitində keçirilmişdi: bütün ərazi təlimlərində “Yaşma”dan çıxıb Quba, Qusar, Şamaxı, İsmayıllı və digər dağ rayonlarına — gecə-gündüz, yay-qış demədən, yağışda, qarda, şaxtada — ağır, sərt və çətin dağ marşrutları ilə, tam silah-sursat, ehtiyat və təchizatla piyada hərəkət edirdik.

Digər xüsusi hazırlıqlarla birgə keçirilən belə təlimlər sadəcə məşq deyildi — onlar real döyüşə hazırlığı idi. Qarşıdakı döyüşün bütün detalları açıq sahədə qurulur, real atəş ssenariləri altında hər bir xüsusi təyinatlıya yaşadılırdı.

Yorğunluğa, stressə, aclığa və məhdud resurslara baxmayaraq hər bir döyüşçü dözümlülük göstərməli, yaranmış vəziyyətdə sürətlə və soyuqqanlı qərar qəbul edərək özündən qat-qat üstün düşmən qüvvələrinə qalib gəlməli idi. Bu təlimlərdə peşəkarlıq, ruh yüksəkliyi və fiziki hazırlıq eyni vaxtda sınağa çəkilir, hər bir təlim və məşq hər kəsin iradəsini və dözümlülüyünü daha da möhkəmləndirirdi.

O çətin günlərdə öyrəndiklərimiz indi düşmənə sezdirmədən, onun yanından keçərək təyin olunmuş yerə səssizcə irəliləməyimizə imkan verirdi. Düşmən Hadrut ətrafındakı yüksəklikləri alınmaz qalaya çevirə biləcəyinə inanıb, bütün ətraf yüksəkliklərdə, təpələrdə mövqelənmişdi.

Lakin onların gecə-gündüz qazıb, betonlayıb möhkəmləndirdiyi mövqelər bizə lazım deyildi — biz şablon, klassik döyüş taktikası ilə döyüşməyəcəkdik. Biz xüsusi təyinatlıların döyüş taktikasına uyğun şəkildə, həmişəki kimi düşmən arxasında xüsusi əməliyyat keçirdiyimiz qaydada döyüşəcəkdik.

Necə ki, Cəbrayılın mərkəzini və kəndlərini azad edərkən sürətlə, heç nəyə baxmadan verilmiş hədəfə doğru irəliləyirdik; arxada mövqelərində qalan düşmən baş verənləri dərk etmədən, tutduğu mövqedə çaşqınlıq içində qalaraq təslim olurdu.

İndi də eyni qaydada, sürətlə öz hədəfimizi ələ keçirib düşmənin arxada olan hədəflərini, bölmələrini toplandıqları yerdə, artilleriyasını atəş mövqeyində, hava hücumundan müdafiə vasitələrini start mövqeyində basqınla, hərəkətdə olan təminat və döyüş dəstəyi texnikalarını pusquya salaraq məhv edəcək, onun döyüş əzmini, iradəsini qıracaq, başına nə gəldiyini anlamadan məğlub edəcəkdik.

8 oktyabr 2020-ci ilin ilk saniyələri gecənin qatı qaranlığında sürətlə həyatımıza daxil olurdu.

Səhər 05:00-dək bütün bölmələr düşməni duyuq salmadan yerləşməli idilər.

Artıq saat 03:00-dan etibarən xüsusi təyinatl bölmələr təyin edilmiş həddi tutduqları barədə məruzə etməyə başladılar və təyin edilmiş vaxtda tam yerləşərək həmin günün tapırığını bitirmiş olduq.

Taktiki komanda məntəqəsinin heyəti — polkovnik-leytenant Musayev Zaur, polkovnik-leytenant Orucəliyev Vidadi, polkovnik-leytenant Tanrıverdiyev Hüseyn və polkovnik Quliyev Mais — tabeçiliyimizə verilmiş hərbi hissəsini qəbul edərək sabahkı fəaliyyətə hazırlaşdırırdılar.

Polkovnik Quliyev gündüz mənə yaxınlaşaraq təklifi olduğunu demişdi:

— Cənab polkovnik, təklif edirəm ki, bizim bölmələr təyin edilmiş hədləri tutduqdan sonra onların hər birindən bir nəfər həm bələdçilik, həm də əsgərlərimizə ruh vermək üçün gəlib tabeçiliyimizə verilmiş hərbi hissənin hər bir tağımının yanında olsun. Bu onlar üçün ruh yüksəkliyi olar(çünki Vətən müharibəsində hər kəs XTQ ilə döyüşməkdən qürur duyurdu). O zaman bölmələr təyin edilmiş yerlərini vaxtında rahat şəkildə tutarlar. Bizim bölmələr də vaxtında təhvil verib qarşı yüksəkliklərə hərəkət edərlər.

— Çox sağ ol, Mais. Əla təklifdir. Komandana sənin adından çatdıracağam, əminəm ki, bəyənəcək.

Polkovnik Quliyevin təklifini komandana məruzə etdim. O, təkliflə razılaşdı və dedi:

— Razıyam. O zaman göstəriş ver, birləşmə komandirləri həmin şəxsi heyəti seçib mövqeləri tutan kimi gecəylə geri göndərsinlər. Onları piyada bölmələrin hər tağımına, lazım gəlsə, hər manqasına yerləşdirin və dəqiq tapşırıq verin. Sabah gecə piyadalar hərəkət edəcək. Nə etmək lazımdır, bilirsən.

— Oldu. Hər şey aydındır.

Bütün bölmələrimiz təyin edilmiş hədd üzrə düşmənlə heç bir qarşılaşma olmadan yerləşdikdən sonra səhər saat 06:30 radələrində Daşkəsən kəndində, düşmənin qoyub qaçdığı artilleriya hərbi hissəsinin yaxınlığında mövqelənmiş Taktiki Komanda Məntəqəsinə qayıtdım.

Piyada bölmələrinin geridə toplandığı yerə gedərək hazırlıqlarını yoxladım. Bütün silah və təchizatlarının kompakt olması üçün səliqə ilə yığılmasına, lazım olmayanların hərbi hissənin arxa komanda məntəqəsinə təhvil verilməsinə göstəriş verdim. Çünki əsgəri yormamalı idik.

Qarşıda çox sərt yüksəkliklər var idi. Həm də gecə hərəkət edəcəkdilər. Hərbi hissə komandiri polkovnik Nizami Mövlanova şəxsi heyətin istirahətinin təşkili və yaxşıca yedizdirilməsini tapşırdım. Amma bilirdim ki, bu tapşırığımı o deməsəm də edəcək — çünki o, əsgərini sevən, onu həmişə qoruyan komandir idi. Mən Füzuli rayonu ərazisində hərbi hissə komandiri olduğum zaman Nizami həmin hərbi hissənin tabor komandiri, qardaşı Tərlan isə artilleriya divizionu komandiri idi. O vaxtdan onu yaxşı tanıyırdım. İrəlidəki döyüşlərdə də onun əsgərini nə qədər qoruduğunun bir daha şahidi olacaqdım.

Günorta saat 12:00 radələrində komandan mənə Taktiki komadan məntəqəsinə gəldiyini bildirdi. Mən yerləşdiyimiz yerdən bir az geri gedərək komandanı qarşlıladım. O, SandCat zirehli avtomibilindən enən kimi soruşdu:

— Zaur, hazırsız?

— Bəli, cənab komandan. Axşama tam hazır olacağıq.

— O qədər gözləməyə vaxt yoxdur. İndi hərəkət etməliyik. Düşmən Hadrut istiqamətinə yeni qüvvələr gətirir, biz onları qabaqlamalıyıq. Komanda ver: – hamı öz yerini alsın, hərəkətə başlayırıq.

— Oldu, — deyib polkovnik Mövlanova şəxsi heyətini hazır etməsini göstəriş verdim.

Komandan əməliyyatın keçirilməsi üçün çox tələsirdi. Demək ki, vəziyyət hər an dəyişə bilərdi və gündüz hava işıqlı olsa da, düşmən bizi görsə də sürətlə hərəkət edib xüsusi təyinatlılarımızın olduğu həddə çatmalı idik.

Hər kəs artıq döyüş düzülüşünə açılaraq bir manqa (manqa 8–10 nəfərdən ibarət olur) bir kolonda olmaqla (kolon — əsgərlərin bir-birinin ardınca düzülüşüdür) xüsusi təyinatlılarımızın rəhbərliyində hərəkət edirdi. Düşmən hələ ki, bizi görmürdü. Daşkəsən kəndinindən Hadruta doğru uzanan dərənin içiylə hərəkət edirdik. Dərəni kəsib keçən Cəbrayıl–Füzuli asfalt yolunu aşdıqda düşmən Binədərəsi, Süleymanlı, Qaracallı yaşayış məntəqələri həddindəki bəzi mövqelərindən hərəkət edən piyada bölmələrimizə atəş açmağa başladı.

Mən düşmənlə eyni həddə mövqelənmiş xüsusi təyinatlı bölmələrin ehtiyat bölmələrinə düşməni arxadan və yanlardan atəşə tutmasına, bəzi yerlərdə mövqelərinə basqın edib məhv etməsinə göstəriş verdim. Xüsusi təyinatlıların zərbələri düşməni tezliklə panikaya saldı; arxadan və yanlardan atəş basqınına məruz qalan düşmən müdafiəsinin tamlığının dağıldığını anlayaraq nə edəcəyini bilmədən nizamsız şəkildə atəş açaraq geriyə, Şişdağ yüksəkliyinin silsiləsində olan mövqelərinə geri çəkilməyə başladılar. Tədricən atəş səsləri səngidi və sonradan əraziyə tam sakitlik çökdü.

Komandan da mənimlə birgə əsgərlərin sırasında hərəkət edirdi. Onun sonadək getməkdə qətiyyətli olduğunu görərək dedim:

— Cənab komandan, siz geri — komanda məntəqəsinə qayıdın. Biz onsuzda həmişəki kimi bir neçə saata təyin edilmiş həddə oturacağıq.

— Bu yolu keçək, ondan sonra qayıdaram.

Döyüş düzülüşündə olan bütün bölmələr Cəbrayıl–Füzuli yolunu Süleymanlı kəndinə tərəf keçdikdən sonra biz demək olar ki, düşmənin müdafiə xəttinin arxasına keçmiş olurduq və düşmən Füzuli rayonunun Qarğabazar və Cəbrayıl rayonunun Arakül kəndləri istiqamətindən girərək arxamızda olan yolu bağlaya bilərdilər. Ona görə də tabeliyimdə olan 5 tankın, mayor Almuradovun komandiri olduğu taborla, yolun Füzuli və Cəbrayıl istiqamətlərinə mövqelənərək düşmənin bütün fəaliyyətinin qarşısını almaq və yolun bağlanmamasını təmin etmək tapşırığını verdim.

Biz hərəkət etdiyimiz Daşkəsən kəndindən Süleymanlı kəndinə doğru uzanan dərənin eninin təxminən 1 km idi. Cəbrayıl tərəfdən gələn asfalt yol dərəyə enərək 500 metr sonra yenidən Füzuli istiqamətində yoxuşa qalxırdı. Tabor iki hissəyə ayrılaraq 3 tankla Füzuli istiqamətinə, 2 tankla Cəbrayıl istiqamətinə mövqelənməyə başladı.

Mən yenidən komandanın geri getməsini təkidlə bildirdim. O, sonunda razılaşdı:

— Zaur, şəxsi heyəti qoru. Amma nəyin bahasına olursa-olsun, bu gün bizimkiləri qarşı tərəfə (Ərgünəş dağı silsiləsi — Hadrutun şərq kənarındakı yüksəkliklər nəzərdə tutulurdu) keçirməlisən.

— Oldu. Sizi uşaqlar geriyə, maşına qədər müşayiət etsinlər, qaydarlar, — dedim.

— Yox, denən, SandCat gəlsin, elə buradan gedərəm.

— Bura gəlsə, vura bilərlər, cənab komandan. Bir az geridən minsəniz, daha yaxşıdır.

— Yox, görsəydilər bayaqdan atrdılar. Qoy gəlsin bura.

Mən rabitə ilə komandanın zirehli avtomobilini çağırdım, gələcəyi yeri və gələrkən təhlükəsiz yerdə dönmə edərək geri-geri gələrək komandanı götürməsini izah etdim.

SandCat zirehli avtomobil dediyim kimi bizə yanaşdı və komandan mənimlə görüşərək zirehli avtomobilə əyləşdi. Zirehli avtomobil yerindən tərpəndikdən bir an sonra düşmənin KS-19 topundan atılan mərmi düz avtomobilin dayanmış olduğu yerə düşdü. Düşmən bizi görərək atəşə tutduğuna əmin idim: Avtomobil sürətini artıraraq təpənin arxasına keçdi. Növbəti mərmi Füzuli istiqamətində mövqelənməyə çalışan tankın qülləsinə dəydi və tankı səfər vəziyyətində idarə edən (səfər vəziyyətində sürücü-mexanik başını lyukdan çıxararaq ətrafı daha yaxşı görərək idarə edir) sürücü-mexanik həlak oldu.

Cəbrayıl istiqamətində mövqelənən tanklar və şəxsi heyət dərənin arxasında olduqlarına görə düşmən onları görmürdü. Füzuli istiqaməti isə tam açıqda idi — ancaq əvvəldən düşmənin qazdığı səngər və texnika mövqeləri var idi.

Növbəti mərmi həmin mövqelərdə yerləşməyə çalışan taborunun şəxsi heyətini lap yaxınlığına düşdü. Xoşbəxtlikdən heçkimə heç nə olmadı. Digər tank dərhal həmin mövqelərdən birinə girərək qorundu.

Düşmən indi də snayper dəqiqliyi ilə məni və yanımdakı rabitəçiləri nişan almışdı. Topun görə bilməyəcəyi yerə keçməyim üçün 300–400 metr qaçmalı idim. Ancaq atəşin intensivliyi o qədər yüksək idi ki, girdiyimiz dayaz səngərdən çıxa bilmirdik. Mən sol tərəfimdə, təpənin arxasında, daha təhlükəsiz mövqedə olan polkovnik Mais Quliyevə piyadaları tez bir zamanda təyin edilmiş hədlərə çatdırmasını göstəriş verdim və XTQ komanda məntəqəsinə KS-19-un ehtimal yerləşmə yerinin koordinatlarını ötürərək “Bayraktar”la tapılaraq vurulmasını istədim.

Lakin havadan axtarış bir nəticə vermədi.

Həm də həmin həddə bizim bölmələrdə tərtiblənmişdilər və bu da düşmənin havadan müşahidə ilə tapılmasını çətinləşdiridi. Həmin hədd üzrə mövqelənmiş hərbi hissənin komandirinə bir qrupun həmin koordinata göndərilərək KS-19-un axtarılıb tapılması və məhv edilməsi əmrini verdim.

KS-19 — xüsusilə zirehli hədəflərə qarşı düzünə tuşlamada istifadə olunan, yerüstü hədəflərə atəş məsafəsi 21 km, hava hədəflərinə 12,700 m olan 100 mm-lik zenit silahıdır. Köhnə olmasına və demək olar ki, bütün dövlətlər tərəfindən silahlanmadan çıxarılmasına baxmayarq, ermənilər onu təkmilləşdirərək üzərinə müasir optik cihazlar quraşdırmaqla düzünə tuşlamada məharətlə istifadə edirdilər. İndi də ən yüksək mövqedə maskalanaraq elə yerləşmişdi ki, əməliyyat bölgəsində açıqda hərəkət edən bütün hədəfləri görə və vura bilirdi.

Yarım saat sonra KS-19-un ehtimal yerləşmə yerindən atəş səsləri gəlməyə başladı və 10 dəqiqə sonar qrupun topun gizləndiyi yerdə aşkar edərək məhv etdiyi barədə məruzə etdilər. Mən sürətlə irəli hərəkət edərək Şişdağ yüksəkliyinin ətəyində, Hadrutu və ətraf yüksəklikləri görə biləcəyim yerdə yerləşdim.

Mən Hadrutu ilk dəfə görürdüm.

Hadrut həm təbii şəraitinə, həm də strateji əhəmiyyətinə görə Qarabağın ən mühüm bölgələrindən biridir. Hadrut yaşayış məntəqəsi şimaldan Qırxqız silsiləsi, qərbdən Dizax və Ərgünəş dağları, cənubdan Şişdağ yüksəkliyi silsiləsi, şərqdən isə Füzuli və Cəbrayıl düzənlikləri ilə əhatələnmişdir. Onun mərkəzi hissəsi Güneyçay və Quzeyçay çayları arasında uzanır — elə bu səbəbdən də adı “Hadrut”, yəni “iki çay arası” mənasını daşıyır.

1760075062 22
Şişdağın ətəyində yerləşdikdən sonra piyada bölmələrin təyin edilmiş yerlərə çatmaları və xüsusi təyinatlı bölmələrdən mövqeləri təhvil almaları barədə məruzələrini qəbul etdim.

Saat 20:00 radələrində artıq xüsusi təyinatlı bölmələr Ərgünəş dağından başlayaraq silsilə boyu Qaradağlı, Qarakollu yaşayış məntəqlərinədək həddi tutmaq üçün qarşıya keçməyə hazır idilər. Mən hazırlıq barədə komandana məruzə etdim. O, bütün bölmələrin sabahdək — 9 oktyabr səhər saat 05:00-dək — təyin edilmiş hədlər tutulmalı olduqlarını çatdırdı.

Mən komandanın tapşırıqlarını bütün xüsusi təyinatlı hərbi hissə və bölmələrin komandirlərinə çatdıraraq fəaliyyət başlanmasına komanda verdim.

Xüsusi təyinatlı bölmələr həmişəki qaydada, lakin indi birbaşa düşmənin yaşadığı və qüvvələrinin yerləşdiyi yaşayış məntəqlərinin içindən gizli keçərək qarşı tərəfdəki yüksəkliklərdə yerləşməli idilər. Bununla da Hadrut və ətrafındakı yaşayış məntəqələrində olan düşmən faktiki olaraq mühasirəyə düşmüş olurdu.

1760075075 55
Hadrutun içərisində, demək olar, hər yerdə — evlərin pəncərələrində, həyət qapılarında, dar küçələrdə — işıqlar yanırdı. Qəsəbənin mərkəzinə yaxın məhəllələrdə hərəkət kəsilmirdi: həm mülki, həm də əlində silah gəzən şəxslər tələsik addımlarla bir yerdən o biri yerə keçirdilər. Kimisi dükanların qarşısında dayanır, kimisi çantalarla nəsə daşıyır, kimisi də qaranlığın içinə qarışıb yox olurdu.

Arada bir Qarakollu tərəfdən zirehli texnikaların uğultusu gəlirdi. Onlar qəsəbənin mərkəzinə — düşmənin 1-ci Ümumqoşun Ordusunun 18-ci motoatıcı diviziyasının daimi dislokasiya məntəqəsi istiqamətində hərəkət edərk— hərbi şəhərciyin qapısından içəri girirdilər.

Bu hərbi şəhərcik Sovet dövründən qalma idi — vaxtilə Cəbrayıl sərhəd dəstəsinin yerləşdiyi yer olmuşdu. 1992-ci ilin oktyabr ayında — düz 28 il əvvəl, Hadrut işğal edildikdən sonra — onlar buranı hərbi diviziyanın yerləşmə məntəqəsinə çevirmişdilər.

Bəzən qısa fasilələrlə iki-üç maşın ard-arda dönüb həmin qapıdan çıxır, əks istiqamətə — Qarakollu tərəfə — üz tuturdu. Hər yerdə tələsiklik, qarışıqlıq hiss olunurdu. Qışqır-bağır edənlərin nə dediyini erməni dilini bilən zabitimiz tərcümə edirdi. Danışıqlarından ümumi başa düşülən bu idi ki, türklərin yaxın olduğunu, tələsməsələr gec olacağını, bəzilərinin isə yaxınlıqda türklərin xüsusi təyinatlılarını gördüklərini barədə danışırdılar.

Düşmən nəyinsə baş verdiyini hiss edirdi, amma bizim dəqiq harada olduğumuzu bilmirdi.

Ona görə də hərəkətlərində ziddiyyət var idi: bir yandan qəsəbənin giriş-çıxışlarında postlarda avtomobilləri saxlayıb yoxlayır, damların üstündə müxtəlif tip silahlarla mövqe qurur, həyətlərdə və əlverişli təpələrdə minaatanlar və toplar üçün atəş mövqeləri hazırlayır, bir yandan da bir təhlükə olsa hara qaçacaqlarını düşünürdülər.

Qaranlıqda hərəkət edən maşınlar mövqelərə nəsə daşıyırdı. Yəqin ki, sursat idi. Çünki ələ keçirdiyimiz bütün düşmən mövqelərində bütün növ silahlar üçün saysız-hesabsız sursat ehtiyatı tapmışdıq.

Yol boyunca patrulluq edərək gəzişən silahlılar arada çaqqal ulamasını xatırladan qısa fitlərlə bir-birinə işarə verir, sonra yenidən sükuta qapanırdılar. Bu səslər ərazidə ulayan çaqqalların ulamasına qarışıb ritmik bir ahəng yaradırdı. Öz-özümə pıçıldadım:

— Nə qədər də bir-birinizə oxşayırsınız.

Bizim üçünsə düşmənin bütün bu çaxnaşması danışan xəritəyə çevrilmişdi: kim hara qaçır, kim hara yığılır, hansı həyətə hansı maşın girir, hara nədaşıyır, hansı damda hansı silah yerləşdirilir — hamısı qeydə alınırdı. Düşmən nə qədər maskalanmaya riayət etsədə keçirdiyi qorxu onu ələ verirdi. Onlar özləridə hiss etmədən Azərbaycan Ordusunun gücünü boyunlarının arxasında hiss edirdilər və bu hiss onları qəsəbənin mərkəzinə doğru itələyirdi . Onlar bizi görmürdülər, amma biz onların içindəki çaşqınlığı, tələskənliyi və qorxunu aydın görürdük.

Mən bütün bunlarla yanaşı bu hərəkətliliyin içərisindən keçərək, qarşıdakı yüksəklikdə yerləşən qruplarımızın hərəkətini gecəgörmə cihazı ilə izləyirdim. Hamısı öz işini soyuqqanlı və təmkinlə yerinə yetirirdi.

Təyin edilmiş vaxt Hadrutun ətrafındakı yüksəkliklər artıq Xüsusi Təyinatlı Qüvvələrin hissə və bölmələri, eləcədə tabeliyimizə verilmiş hərbi hissənin bölmələri tərəfindən tutulmuşdu. Hava işıqlan kimi Hadrutun təmizlənməsinə başlayacaqdıq. Eyni zamanda Ali Baş Komandanın humanist qərarı — erməni mülki əhalinin döyüş zonasından çıxarılmasının təmin edilməsi — icra olunacaqdı.

Mən bütün hərbi hissə komandirlərinə Hadrutun təmizlənməsi üçün hazırlıqlara başlamalarını, ehtiyat bölmələrin və komanda məntəqələrinin yerlərinin irəli yerdəyişməsini rabitə ilə göstəriş verdim.

Ancaq hər keçən saat hərəkətimin və səsimin daha da yavaşladığını hiss edirdim. Əməliyyata qatıldığım gündən yuxusuzluq, gərginlik, məsuliyyət hissi, qidalanmama öz təsirini göstəriridi. Üstəlik bütün bölmələrlə, eləcədə dəstəkləyən qoşunlarla fasiləsiz idarəetmə, dayanmadan hərəkət məni yormuşdu. Ancaq özümü gümrah tutmaq üçün tarixi bir missiyada, torpaqlarımızın azad olunmasında iştirak etməyimizi verdiyi qürurdan güc alırdım.

Taktiki komanda məntəqəsində mənim müavinim polkovnik Mais Quliyevə isə Taktiki Komanda Məntəqəsinin Şişdağ yüksəkliyinə köçürülməsi üçün hazırlıq görməsini tapşırdım. Komanda məntəqələrinin tərkibində olan rabitə maşınları döyüşün idarə edilməsi üçün əməliyyat bölgəsində olmalı idi.

Qruplaşmada olan hərbi hissələrin növbəti əməliyyatlarına dair döyüş sərəncamı hazırlanmalı və çatdırılmalı idi. Mən komanda məntəqəsinin texnika və şəxsi heyətinin yürüşə hazırlığını yoxlamaq məqsədilə Şişdağda yerləşən mövqeyindən çıxaraq piyada Süleymanlı kəndi ilə Daşkəsən kəndi arasında dərədə yerləşən Taktiki Komanda Məntəqəsinə gəldim.

Kolonun önündə mənim zirehli idarəetmə maşınım (SandCat) dayanmışdı. Onun ardınca hərbi hissənin komandiri, polkovnik Nizami Mövlanovun zirehli maşını, yenicə əməliyyat tabeliyimizə verilmiş Sərhəd Qoşunlarının çevik dəstəsindən polkovnik-leytenant Ələkbərov Babəkin rəhbərliyi ilə tabeliyimə verilmiş və ehtiyatda saxladığım 67 nəfərlik heyətin yerləşdiyi üç KamAZ markalı avtomobil, eləcə də digər rabitə və təminat vasitələri hərəkət edəcəkdi.

Düşmənin hələ də yüksəklilərdə mövqelərdə olduğu üçün avtomobillərin hissə-hissə hərəkət etməsinə qərar verdim. İlk olaraq mənim zirehli idarəetmə maşınım, ardından sərhədçilərin 22 nəfərlik heyəti daşıyan bir KamAZ irəliləməli idi. Mən qarşıdakı əməliyyatın keçirilməsi üçün döyüş sərəncamının bütün hərbi hissə və bölmələrə çatdırımasından sonra rabitə vasitələrinin yığılaraq hərəkətə başlanmasını düşünürdüm.

Lakin məlumatlar kodlaşdırılaraq ötürüldüyünə görə uzun vaxt alırdı. Polkovnik Mövlanov mənə yaxınlaşaraq:

– Cənab polkovnik icazə verin mən idarəetmə maşınımla hərəkətə başlayım. Gedim yerimi tutum.

Mən onun təklifi ilə razilaşdim və sərhədçilərin 22 nəfərlik heyəti olan bir KamAZ avtomobilinin də onunla birlikdə hərəkət etməsini tapşırdım. Onlar Hadruta doğru yola düşdülər. Onlar hərəkətə başladıqdan bir müddət sonra Hadrut istiqamətindən bizə tərəf bir Pikap tipli avtomobilin sürətlə gəldiyini gördük. Avtomobil yanımıza çatanda anidən əyləcini basaraq mənim yanımda dayandı. Avtomobildən polkovnik Namazov Eldəniz enərək hövlənək mənə yaxınlaşdı. O, nəfəsi kəsilmiş halda, həyəcandan titrəyən səslə dedi:

— Cənab polkovnik! Süleymanlıya çatmamış “Sandcat”lə bir Kamazı “Kornet”lə vurdular!

XTQ komadanı polkovnik Namazovla mənə növbəti əməliyyat barədə yazılı sərəncam göndərmişdi. Polkovnik Namazov mənim irəlidə olduğumu bilirdi ancaq komanda məntəqəsinə qayıtmağım barədə məlumatı olmadığına görə Hadruta gedirmiş. Təsadüfən polkovnik Mövlanovun rəhbərliyində gedən həmin iki avtomobildən ibarət kolona qoşulmuşdu və hər iki avtomobil onun gözü qarşısında vurulmuşdu. Dərhal rabitə ilə həm hərbi hissə komandirini həm də sərhədçiləri çağırmağa başladıq. Lakin əlaqə yaratmaq mümkün olmadı. Nizami də, sərhədçilər də cavab vermirdi. Dərhal polkovnik Namzovla birlikdə sərhədçilərin rəhbəri polkovnik-leytenant Ələkbərovu avtomobillərin vurulduğu yerə göndərdim.

Onlar yarım saatdan sonar qayıtdılar. Düşmən tank əleyhinə raketlə hər iki avtomobili vurmuşdu və hər ikisi də yanmışdı. Şəxsi heyətdən heç bir iz yox idi. Babək bəlkə də onların yaxınlıqdakı meşədə gizlənə biləcəyini ehtimal etdiyini dedi, amma üzündə ümidsizlik hiss olunurdu.

Komanda məntəqəsinə hələki buradan idarəetməni təşkil etməsini və hava qaraldıqdan sonra hərəkətə başlamasını polkovnik Quliyevə tapşırdım. Özüm isə rabitəçi və mühafizə heyəti ilə Şişdağ istiqamətində piyada yola düşdüm.

Süleymanlı kəndinə çatdığımızda qarşıdayolun içində yanmış avtomobilləri gördük. Qaçaraq yaxınlaşdıq və ətrafa baxaraq kimisə tapmaq ümidilə axtarmağa başladıq. Polkovnik Mövlanovun SandCat-i irəlidə sola dönmüş vəziyyətdə, sərhədçilərin KamAZ-ı isə onun arxasında üzü Hadrut istiqamətində dayanmış vəziyyətdə yanırdı. Avtomobillər demək olar ki, kül olmuşdu — yalnız kabin və şassi qalmışdı.

Avtomobillərə yaxınlaşıb diqqətlə baxdım. Raketin KamAZ-ın kuzovuna, SandCat-in isə arxasına dəydiyi bəlli idi. KamAZ-ın içində yanmış insan qalıqları vardı — görünür, sərhədçilərdən bəzisi qurtula bilməmişdi. Lakin SandCat-də yanmış insan qalıqlarına rast gəlmədim.

Bəlkə bir möcüzə baş vermişdi və sağ qalmışdılar…

Rabitə vasitəsilə 2-ci birliyin komandirinə zəng etdim.

— Qardaş, mənə verilmiş hərbi hissənin komandiri və komanda məntəqəsinin heyəti böyük ehtimalla həlak olublar.

— Necə olub? Heç kim qalmayıb? — deyə soruşdu. Belə danışıqlar müharibə zamanı çox olurdu, çünki hər gün neçə-neçə silahdaşımızı itirirdik. Onun səsində təəccüb yox, təssüf vardı— “Kornet”lə vurublar. Mümkünsə, təcili olaraq hərbi hissəyə rəhbərlik etmək üçün kimisə göndər. Mən kimisə təyin edə bilərəm, amma yaxşı olar ki, səninkilərdən olsun.

O, dərindən köks ötürərək:

— Yaxşı, qardaş, tez bir vaxtda idarə heyətindən birini göndərəcəm, — dedi.

Rabitə vasitəsilə hərbi hissənin 1-ci tabor komandirinə müvəqqəti olaraq hərbi hissə komandiri vəzifəsini icra etməsi barədə göstəriş verdim.
Bütün bölmələrlə rabitə əlaqəsi mükəmməl təşkil edilmişdi. Istər yuxarı qərargahla, istər tabeçilikdəki bölmələrlə, istərsədə qarşılıqlı əlaqədə olan digər qoşunlarla harda olmağımızdan asılı olmayaraq kəsintisiz əlaqə yarada bilirdik. Rabitə rəisi polkovnik Telman Musayev işğaldan azad edilən bütün ərazilərdə, yüksəkliklərə ötürücülər yerlşdiməklə, hətta atəş altında olsa belə şəxsən yerindən nəzarət etməklə bütün bunları təşkil edirdi. Bu əməliyyatda da hər bir kiçik bölmə ilə beş ballıq rabitə var idi.
Yolumuza davam etdik. Şişdağa qalxarkən, qarşıdan üç-dörd nəfərin gəldiyini gördüm. Dərhal mövqe tutub onların tərksilah edilməsinə əmr verdim. Yaxınlaşdıqda onların polkovnik Mövlanov, idarə heyətinin zabitləri, rabitəçilər və sağ qurtulmuş sərhədçilər olduğunu gördüm.
Çox yorğun və həyacanlı idilər.
Nə baş verdiyini soruşdum. Mövlanovun dediyinə görə, avtomobillərin vurulduğu yerə çatanda düşmənin ilk olaraq “KamAz”ı vurub. “SandCat”dakılar növbəti hədəfin onlar olduğunu anlayaraq sola dönərək dərəyə enib nişangahdan yayımağa çalışıblar. Avtomobil sola dönərkən qaya parçasına ilişib və raketdən qaçmağın mümkün olmayacağını görərək sürətlə zirehli avtomobili tərk edib meşəyə giriblər. Bir neçə saniyədən sonra “SandCat” də “Kornet”lə vurulub.

Düşmənin TƏİR qurğusu aşkar edilib məhv edilmədikcə bu yolun istifadə edilməməsi barədə bütün bölmələrin xəbərdar edilməsinə göstəriş verdim. Düşmənin bizə və ya başqa bir hədəfə atəş açacağı halda onun yerini müəyyən edəcəyim fikri ilə sağ qalmış heyətlə birlikdə TƏİR qurğusunun ehtimal olunmuş istiqamətinə doğru hərəkət etdik. Eyni zamanda bütün bölmələrə müşahidə dronlarını qaldıraraq “Kornet”-i axtarmalarına göstəriş verdim. Bizim istiqamətdə fəaliyyət göstərən “Bayraktar”-a da axtarışa cəlb etdim. Əlavə olaraq “Harop” kamikadze pilotsuz uçuş aparatının (PUA) havaya qaldırılmasını əmr etdim.

Hamı düşmənin ustalıqla gizlənmiş və yolları nəzarətdə saxlayan TƏİR qurğusunu axtarırdı. Amma tapılmırdı ki, tapılmırdı. Əsas problem bölmələrimizin düşmənlə eyni xətt üzrə mövqelənməsi idi — aşkar edilmiş hər bir hədəf bizm öz bölməmiz ola bilərdi. Səhv ediləsydi öz əsgərlərimiz həlak ola bilərdi.
“Harop”-un uçuş müddəti bitmək üzrə idi. Komandir, “Harop”-un səmada qalma vaxtının bitdiyini, düşmənin hər hansı bir hədəfinə vurmaq üçün icazə lazım olduğunu bildirdi. Razılıq verdim.
Mən “Harop”-un komadirilə danışdığım vaxt biz hərəkət etdiyimiz yolun üzərində düşmənin işlək vəziyyətdə qoyub qaçdığı BM-21 yaylım atəş reaktiv sisteminin yanındaydıq. BM-21-ə yaxınlaşaraq, ətrafda heç kimin olmadığını dəqiqləşdirdikdən sonra “onsuz da bizə qalıb, niyə boş yerə işlək dursun” deyə düşünərək avtomobilin söndürülməsinə göstəriş verdim.

Eyni zamanda rəbitədə “Harop” komandiri mənə düşmənin BM-21 (Grad) sistemini və yanında çox sayda düşmən əsgərini gördüklərini, onu məhv edəcəyini dediyini eşidirdim. “Harop” düz başımızın üstündə idi. Birdən “Harop”un bizim yanımızda olan BM-21-i “hədəf” olaraq gördüyünü anlayaraq rabitədə qışqıraraq həmləni dayandırmağa çalışdım.
Artıq gec idi. “Harop” vahiməli səsi ilə bizə doğru şığıyırdı; onun daha geri dönməsi mümkün deyildi.

— Qaçın! — deyə bağırdım.

Hamı var gücü ilə BM-21-dən uzaqlaşaraq hara gəldi tullanaraq qorunmağa çalışdı. “Harop” sürətlə bizim yanımızdakı düşmənin qoyub qaçdığı BM-21-ə çırpıldı; dəhşətli partlayış BM-21 in metallarını başımız üzərindən ətrafa səpələdi. Texnika tamamilə darmadağın olmuşdu!
Mən qorunduğum yerdən çıxaraq darmadağın olmuş BM-21-in “quru cəsədinə” və göyə, “Harop”-un gəldiyi yerə baxıb başımı buladım.

Məcbur qalaraq düşmənin TƏİR qurğusuna yaxın yerləşən bölmələrə təcili axtarış aparıb onu tapıb məhv etmələri barədə göstəriş verdim. Bir saatlıq axtarışdan sonra düşmənin TƏİR kompleksi yüksək bir təpədə, meşəlik ərazidə qruplar tərəfindən tapılaraq məhv edildi.

Artıq təmizlik əməliyyatına başlamaq vaxtı idi.
Rabitəçilər rabitədə müdafiə naziri Zakir Həsənov mənimlə danışmaq istədiyini bildirdilər
– “Bəbir” qəbulda- deyə cavab verdim.
– Salam. Hazırsanmı?
– Bəli, hər şey hazırdı.
– Sən bu əməliyyatın nə qədər əhəmiyyətli olduğunu və Ali Baş Komandanın diqqətlə izlədiyini yəqin ki, bilirsən?
– Bəli. Tam arxayın ola bilərsiniz.
– Onda uğurlar. Bitəndə məruzə edərsən.
– Oldu- deyib dəstəyi rabitəçiyə verdim.

Ali Baş komandan gecə-gündüz bütün istiqamətləri nəzartədə saxlayırdı. Mən sonradan, müharibədən sonar onun eyni zamanda siyasi arenada da döyüşdüyünü, gündə bir neçə ölkənin jurnalistlərinə müsahibə verdiyini, işimizin haqq işi olduğunu çatdırdığını bildikdə bu qədər enerjini hardan və necə aldığına təccübləndim. O bizi, Azərbaycan Ordusunun bütün əsgər və zabitlərinin yanında idi. Biz bunu həmişə hiss edirdik.
Mən bir daha nə qədər bir məsuliyyətli bir vəzifənin altına girdiyimi anladım və bu etimadı nə olur olsun doğruldacaqdım.
Komanda məntəqələrinin təyin edilmiş yerlərdə açılması ilə əməliyyatın başlanmasına, Qarakollu kəndinin yaxınlığında maskalanaraq mövqelənmiş birliyin kəşfiyyat bölməsinə Qarakolunun girişində Hadrut istiqamətində yolun bağlanmasına, eyni zamanda Hadrutun təmizlənməsinə başlanması barədə bütün hərbi hissələrə komanda verdim. Düşmənin qaçmağa bütün yolları bağlanmışdı; o, şüşənin içində olan siçan kimi ortalıqda qalmışdı.
İlk olaraq kamikadze dronlarla düşmənin əvvəldən aşkar etdiyimiz texnikalarına və hədəflərinə zərbə endirdik. Sonradan bir taborun Hadrutun Xankəndi istiqamətində olan evləri tərəfdən geriyə, Hadrutun mərkəzinə doğru hücum etməsini və düşmən silahlılarında və mülki əhalidə Hadrutun artıq mühasirədə olduğunu bilnəsi məqsədilə bir neçə istiqamətdə yanğınlar törədilməsi barədə göstəriş verdim — məqsəd mülki əhaliyə Hadrutun artıq mühasirədə olduğunu göstərmək idi. Eyni zamanda bir neçə məntəqədən səsgücləndiricilərlə mülki əhalinin qəsəbəni tərk etməsi, Xankəndi istiqamətində çıxış üçün yolun açıq olduğu, mülki əhali əlinə silah almadıqca onlara atəş açılmayacağı elan edildi.

Anidən baş verənlərdən şoka düşən düşmən Qarakollu tərəfdəki texnika və canlı qüvvəsini Xankəndi yoluna tərəf yönəltdi. Hərəkətdə olan texnikaları kamikadze dronları ilə vurduqda, bütün qüvvələr yolun ortasında dayanaraq texnikaları hara gəldi soxdular, özləri isə çıxıb göyə və ətrafa baxmağa başladılar. Onlar xüsusi təyinatlıların harada olduğunu anlamağa çalışırdılar. Düşmən artilleriyasının mərmiləri qarşı yüksəkliklərdən üzərimizə yağış kimi yağmağa başladı.

Hadrutun yerləşdiyi böyük vadi atəş, mərmilərin çıxardığı fit səsi, partlayış və qışqırıqla dolmuşdu.
18-ci diviziyanın hərbi şəhərciyi istiqamətində hücum edən bölmələrimiz qarşılarına çıxan bütün silahlıları məhv edirdilər; digər bölmələrimiz isə nisbətən yavaş irəliləyərək mülki əhalinin çıxmasına imkan yaradır, hətta qarşılarına çıxan mülki əhalini döyüş bölgəsini tərk etmələrinə kömək edirdilər .
Mülki əhali artıq yüklərini maşınlara yığaraq Xankəndi istiqamətinə hərəkət edirdi. Mən bir daha bütün bölmələrə Ali Baş Komandan İlham Əliyevin humanist göstərişini xatırlatdım. Çünki döyüş yoldaşını, silahdaşını itirmiş birinə düşməni bağışlamağın o qədərd də asan olmadığını bilirdim. Amma xalqımız, rəhbərinin timsalında, bir daha bütün dünyaya göstərdi ki, ən çətin anlarda belə humanist dəyərləri üstün tutan bir xalqıq.
Xankəndi istiqamətində açıq qoyduğumuz yoldan erməni əsilli bütün mülki əhalisi çıxaraq Hadrutu tərk etdi.

9 oktyabr saat 16:00 radələrində artıq Hadrut və ətraf yüksəkliklər düşməndən tam təmizlənmişdi.

Komandan mənə zəng edərək Ali Baş Komandanın Hadrutun işğaldan azad edildiyini xalqa elan etdiyini və bir azdan mənimlə danışacağını dedi. Mən isə Ali Baş Komandanla danışmağa hazır olmadığımı, komandanın buna daha çox haqqı olduğunu bildirdim.
Bu gün tam səmimiyyətlə deyə bilərik ki, Xüsusi Təyinatlı Qüvvələr və onu dəstəkləyən digər qoşun birləşmələri ilə birlikdə inanılmaz dərəcədə dəqiq və ildırım sürətli möhtəşəm bir əməliyyat həyata keçirdi. Bu, hərb tarixinə qızıl hərflərlə yazılacaq əməliyyat idi. Sonrakı əməliyyatlar, xüsusilə Şuşa əməliyyatı, nə qədər heyrətamiz və əzəmətli olsa da, Hadrut əməliyyatı keçirilmə üsulu ilə fərqlənirdi.
Bu döyüş düşmənin qətiyyətini, döyüş əzmini bir daha sarsıtdı, artıq müqavimətin mənasız olduğunu, sadəcə mənasız itkilərə səbəb olacağını Ermənistan rəhbərliyinə anlatdı.

Hadrut əməliyyatı Azərbaycan Ordusun 28 il əvvəlki ordu olmadığını, istənilən döyüş tapşırığını uğurla icra etmək qabiliyyətinə malik, peşəkar hərbi güc olduğunu bütün dünyaya, Ermənistan ordusuna və onların himayədarlarına döyüş meydanında sübut etdi. :violence-guntoting:

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 14 окт 2025, 03:50
smersh70

Re: QAZİLƏRİN DÖYÜŞ XATİRƏLƏRİ.

Добавлено: 14 окт 2025, 21:18
smersh70